İtilənmiş baltalar...
16 Fevral 2024 17:07 SosialSon günlərdə gündəmi zəbt edən qan donduran cinayətlə bağlı sosial şəbəkələrdə bir sıra paylaşımlar edilir. 5 ailə üzvünü amansızca qətl edən Əhməd Əhmədovun psixoloji cəhətdən həmin an yaşadığı sadəcə bir aqressiyadan ibarət ola bilərmi?
EDA Terapiya Psixologiya Mərkəzinin Psixoloqu Ayşən Bayramova:
-Belə faciəvi hadisələrin çoxqatlı və mürəkkəb psixoloji və sosioloji səbəbləri ola bilər. Bir insanın ailəsinin beş üzvünü öldürməsi, sadəcə bir anlıq qəzəb və ya aqressiya kimi qiymətləndirilə bilməyəcək qədər dərin psixoloji dinamikaya işarə edir.
Bu cür davranışlar çox vaxt fərdin uzunmüddətli psixoloji problemləri, şəxsiyyət pozuntuları, major depressiya, psixoz kimi mental sağlamlıq problemləri və ya güclü stress və çarəsizlik hissləri ilə əlaqələndirilir.

Üstəlik, bu cür davranışlar sıxlıqla əlamətlərini keçmişdə göstərmiş olur; Bu səbəbdən, erkən müdaxilə ən əsas çıxış yoludur.
Cəmiyyət olaraq bu cür hadisələrin qarşısını almaq üçün mental sağlamlıq xidmətlərinə əlaçtanlığı artırmalı, mental sağlamlıq haqqında maarifləndirmə işlərinə önəm verməliyik. Həmçinin məişət zorakılığının qarşısının alınması, risk altında olan şəxslərə dəstək mexanizmlərinin gücləndirilməsi, cəmiyyətin bütün təbəqələrində empatiya və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi vacibdir.
Mental sağlamlıq problemləri ilə mübarizə üçün fərdlərə lazımi dəstək sistemlərinə çıxışın təmin edilməsi potensial təhlükələrin qarşısının alınmasında mühüm rol oynayır. Bu səbəbdən, cəmiyyətin və fərdlərin belə vəziyyətləri anlamaq və müdaxilə etmək imkanlarının artırılması belə faciəli hadisələrin qarşısının alınmasında əsas amildir.
Nəhayət, belə bir hadisədən sonra yerdə qalan ailə üzvlərinə və bu hadisədən təsirlənən şəxslərə psixoloji dəstəyin göstərilməsi travmanın sağalma prosesinin dəstəklənməsi üçün həyati əhəmiyyət kəsb edir. Bu cür hadisələr təkcə qurbanlar və birbaşa təsirlənənlər üçün yox, bütün cəmiyyət üçün dərin psixoloji yaralar qoya bilər. Sosial həmrəylik, anlayış və dəstək sağalma prosesi üçün çox vacibdir.
Sosial şəbəkələrdə "valideynlər "baltalar"ı öz əlləri ilə öncədən itiləyiblər" kimi fikirlər səsləndirilir. Sosioloq Üzeyir Şəfiyev hadisə ilə bağlı bunları bildirdi:

-Baş verən bu hadisə əlbəttə, çox təəssüf doğurur. Çünki, bu bir ailənin,nəslin böyük faciəsidir. Hadisənin səbəbləri ilə bağlı danışarkən onu deyə bilərik ki, hələ hadisə hüquqi qiymətini almayıb. Bu yəqin ki, istintaq məlumatlarından sonra məlum olacaq. Tanışların bildirdiklərindən belə bir məntiq hasil olur ki, qətli törədən Əhməd psixoloji cəhətdən qeyri-sağlam olub. Onun valideynləri sağlam olmamasına baxmayaraq onu psixi sağlamlıqla bağlı olan adekvat ünvanlara yerləşdirməyib. Qətli törədən Əhməd ictimai təhlükəli davranışların daşıyıcısıdır. Qonşuların da dediklərinə görə bu hadisə Əhmədin ilk cinayət əməli deyil. Davranış pozuntuları müşahidə olunan Əhmədin cinayət əməlləri əvvəllər də bir neçə yanaki hadisələrlə müşahidə olunub. Törətdiyi digər hadisələrdə də Əhməd hüquqi məsuliyyətdən kənarda qalıb. Hətta psixoloji durumuna görə adekvat qiymətləndirilirsə belə, ictimai təhlükəli davranış daşıyıcısı kimi cəmiyyət arasında, ictimai yerlərdə olmamalı idi. Həm ailəsi, həm müvafiq qurumlar adekvat tədbir görməli idi. Bu barədə olan yanaşmalarda səhvlərə yol verilib. Nəticədə baş verən qətl hadisəsi böyük bir şok effekti yaratdı. Hesab edirəm ki, bu həm valideyn məsuliyyətsizliyidir, hansı ki, bu onların özlərinin də həyatları bahasına başa gəldi, həm də Əhmədin sağlamlıq durumu və onun törətdikləri ictimai təhlükəli vəziyyətləri bilib ünvanlara çatdırmayan orqanların məsələyə həssas yanaşmaması, Əhmədin ictimai təhlükəli davranışlarını nəzarətə götürməməsi bu hadisənin bu şəkildə nəticələnməsinə gətirib çıxartdı. Ümumiyyətlə, davranış pozuntuları olan, ictimai təhlükəli davranışlar sərgiləyən insanlar hesab edirəm ki, ictimai yerlərdə nəzarətsiz şəkildə olmamalıdır. Hətta Əhmədə sürücülük vəsiqəsi də verilib. Dediyim kimi ailənin də bir məsuliyyət payı var. Düşünməli idilər ki, bu daha da böyük hadisələr törədə bilər. Çünki, psixoloji sağlamlıq durumu çətin olan bu xəstənin hərəkətləri ekstravert səciyyə daşıyır, yəni aqressiyanı özünə yox, kənara yönəldir. Ekstravert davranış sərgiləyən belə insanlar həm ailə tərəfindən, həm adekvat qurumlar tərəfindən nəzarətdə olmalı və məsuliyyətə götürülməli idi. Oxşar hadisələr nəinki paytaxtda, başqa bölgələrdə də var. Bu onu göstərir ki, ailələrlə iş aparmaq, münaqişəli ailələri sosial agentlər vasitəsilə qeydə almaq lazımdır. Ailə böhran mərkəzlərində psixoloqlar, sosial işçilər onlarla işləməlidir. Belə ailələrdə, xüsusilə də psixoloji sağlamlıq durumu yerində olmayan insanlar hesab edirəm ki, ailələri, müvafiq qurumlar tərəfindən qeydə alınmalıdır. Çünki, onlarda bəzən daxilə hesablanmış aqressiya olmur, kənara qarşı ictimai təhlükəli bir səciyyə daşıyır. Mənə elə gəlir ki, bu artıq həm müvafiq qurumlar, həm də valideynlərə nəticə çıxarmaq üçün kifayət qədər ciddi bir hadisədir.
ZEYNƏB RZAYEVA