Dəm qazı- "sakit ölüm" - Günahkar kim(lər)dir?
16 Fevral 2024 19:00 SosialQış mövsümünün qorxulu kabusu olan dəm qazı problemi hər il olduğu kimi bu il də can almağa davam edir. Təəssüf ki, hər nə qədər maarifləndirmə işləri aparılsa da, təhlükəsizlik tədbirləri görülsə də yenə bu problemlə qarşılaşırıq və uşaq, gənc, yaşlı demədən insanların bu kabusun qurbanına çevrildiyinin şahidi oluruq. Əlbəttə, insanlar dünyasını dəyişdikdən sonra görülən heç bir tədbir onların geri qaytarılmasını təmin etmir. Amma bu kimi halların olmaması üçün öncədən görülən tədbirlər, məsuliyyət daşıyan insanların lazımi şəkildə cəzalandırılması və s. kimi hallar tədricən azalmaya və getdikcə problemin kökündən həll olunmasına şərait yaradacaq.
Bəs nə etmək lazımdır? Kimlər məsuliyyət daşıyır və onlar necə cəzalandırılmalıdır?

Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev bildirir ki, dəm qazından zəhərlənmə hallarının qarşısını almaq üçün bir neçə qaydalar var ki, onlara əməl olunarsa, həm dəm qazından zəhərlənmə hallarının, həm də dəm qazı sızması hallarının qarşısını almaq mümkündür:
Qış mövsümünün gəlişi ilə əlaqədar olaraq həqiqətən də dəm qazından zəhərlənmə hallarının sayı çoxalmaqdadır. Baş verən bədbəxt hadisələrin müxtəlif səbəbləri var. Əsas səbəblərdən biri qaz istismarı qaydalarına, texniki təhlükəsizlik qaydalarına biganə yanaşılmasıdır. Kimyəvi, adı "karbon monoksid" olan dəm qazı rəngsiz, qoxusuz olduğuna görə, onun sızması zamanı müəyyənləşdirmək mümkün deyil. Yəni insan tərəfindən bunun aşkarlanması, xüsusi qoxusuyla, rəngi ilə mümkün deyil. Lakin dəm qazının əmələ gəlməsinin qarşısını almaq üçün otaqlarda tez-tez hava dəyişdirilməlidir. Qızdırıcı, havasorucu boruların yaxşı işləməsinə nəzarət olunmalıdır. Qapalı mühitdə əgər qaz yandırılırsa, mütləq havalandırma təşkil olunmalıdır. Dəm qazından yüngül zəhərlənmə zamanı insanda baş gicəllənməsi, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxa bilər və insan həmin andaca dərhal qaz sızması olan məkanı tərk etməlidir ki, həyatını qurtara bilsin. Əks halda, bu simptomlar baş verməmiş belə insan artıq dəm qazından zəhərlənir və insan orqanizminə çox ciddi zərər yetirilir və bununla bağlı da insan həyatını itirir.
Dəm qazından zəhərlənmə hallarının qarşısını almaq üçün bir neçə sadə qaydalar var ki, onlara əməl olunarsa, həm dəm qazından zəhərlənmə hallarının, həm də dəm qazı sızması hallarının qarşısını almaq mümkündür. İlk öncə tikinti norma və qaydalarına mütləq əməl olunmalıdır. Qaz cihazlarının quraşdırılması, təmiri, bərpası və layihələndirilməsi zamanı beynəlxalq normalara, standartlara əsaslanaraq işlər aparılmalıdır. Dəm qazından qorunmaq üçün qış mövsümü gəlməzdən qabaq mütləq mütəxəssislər tərəfindən tüstü bacalarına baxış keçirilməli və onlar ildə iki dəfədən az olmayaraq təmizlənməlidir. Yəni, tüstü bacaları daim saz vəziyyətdə işə yararlı olmalıdır və quraşdırılan hər bir qaz cihazının standartlara uyğunluq sənədi olmalıdır, standartlara uyğunluğu yoxlanılmalıdır.
Bu cür dəm qazından zəhərlənmə halları hamam otaqlarında da baş verir, hamam otaqlarında da qeydə alınır. Hamam otaqlarında xüsusi qaydalar var ki, mütləq onlara əməl olunmalıdır ki, bu cür hallar baş verməsin. Bayaq qeyd etdiyim kimi tüstü bacaları ildə iki dəfədən az olmayaraq təmizlənməlidir. Qapılarda 4-5 ədəd dəlik açılmalıdır, hava ventilyasiya sistemi işlək vəziyyətdə olmalıdır. Su qızdırıcı cihazlardan hamam otaqlarında istifadə edilməməli, onlar hamam otaqlarında quraşdırılmalıdır. Tüstü bacaları normal işləmədikdə təkcə dəm qazın sızması deyil, həmçinin yanğın, partlayış hadisələri də baş verə bilər.
Mətbəxlərdə bir sıra təhlükəsizlik qaydaları var ki, onlara əməl olunmalıdır. Bunlardan biri də qaz cihazları quraşdırılarkən, mətbəxin hündürlüyü 2.2 metrdən az olmamalıdır. Mətbəxlərdə mütləq pəncərələr olmalıdır. Bəzi hallarda biz müşahidə edirik ki, pəncərələr ümumiyyətlə ləğv olunur, daşla hörülür. Bu da qaydaların tələblərinə zidd olan bir amildir. Mətbəxlərdə də, hamamlarda da xüsusi havalandırma təşkil olunmalıdır. Təbii hava axınının həmin məkana daxil olmasına, dövriyyə etməsinə şərait yaradılmalıdır.
Ümumilikdə, bütün bu qaydaların tələblərinə əməl olunarsa, təbii ki, qaz sızması nəticəsində, dəm qazı nəticəsində zəhərlənmə hallarının sayını minimuma endirmək mümkündür. Lakin dəm qazı sızması baş verərsə, ondan xəbərdar olmağın ən əlverişli yolu xüsusi dəm qazı detektorlarının quraşdırılmasıdır. Belə ki, bu qaz detektorları quraşdırılarsa, dəm qazı sızması anındaca həmin detektorlar işə düşürlər və insanın qaz sızması ilə bağlı məlumatlandırırlar. İnsan da təbii ki, bunla bağlı məlumatlı olarsa, həmin məkanı, həmin obyekti tərk edir və dəm qazı sızması nəticəsində həyatını qurtarır. Bu qaz detektorlarının quraşdırılması beynəlxalq tələblərə görə xüsusi lisenziyalaşmış təşkilatlar tərəfindən həyata keçirilməlidir. Hazırda bu dəm qazı detektorlarının müxtəlif yerlərdə satışı pərakəndə şəkildə həyata keçirilir. Yəni insan onu özü alıb quraşdırmalı olur. Amma xüsusi ixtisaslaşmamış müəssisələrdə, yəni peşəkar olmayan şəxslər tərəfindən bu qaz detektorlarının quraşdırılmasında müəyyən risk var ki, o qaz detektorları dəm qaz sızması anında işləməyə bilər. Bu da təbii ki, çox risklidir. Mən bununla bağlı bir təklif irəli sürmək istəyirəm ki, Azəriqaz tərəfindən bu qaz detektorlarının quraşdırılması ilə bağlı xüsusi təşkilatlara lisenziya verilməlidir və bu təşkilatların iş fəaliyyətinə nəzarət edilməlidir və xüsusi dövlət rüsumu təyin olunmalı, bu dövlət rüsumu əsnasında insanlar öz evlərinə istər dəm qazı, istər digər qaz növləri ilə bağlı detektorların quraşdırılmasını təmin etməlidir. Yalnız bu üsulla insanların dəm qazı sızması nəticəsində həyatlarını itirməklərinin qarşısını rahat üsulla almaq mümkündür.
Hazırda bu qaz detektorlarının quraşdırılması könüllülük prinsipi əsasında həyata keçirilir. Lakin bu icbari qaydada olmalıdır, icbari qaydada həyata keçirilməlidir. Bu barədə insanların da öz məsuliyyətləri var. İnsanlar daha diqqətli olmalı, mütəmadi maariflənməlidirlər. Ev şəraitində qaz cihazlarını daimi olaraq vizual baxışla yoxlamalı, hər hansısa bir uyğunsuzluq aşkar etdikləri zaman dərhal müvafiq dövlət orqanlarına, yəni "Azəriqaz"-a məlumat verməlidirlər ki, bu uyğunsuzluğun aradan qaldırılması ilə bağlı işlər həyata keçirilsin.
Dəm qazını "sakit ölüm" ona görə adlandırırlar ki, çox sakit bir formada qısa bir müddət ərzində insan bu qaz növündən zəhərlənə və o insanın bütün orqanizminə yayıla bilir, insan onunla bağlı sakitcə, xəbərsiz həyatını itirir. Ona görə də insanları bir daha diqqətli, ayıq-sayıq olmağa çağırırıq. Təhlükəsizlik qaydalarına, texniki təhlükəsizlik qaydalarına, qaz istismarı qaydalarına riayət olunmalıdır və təhlükəsizlik qaydalarına riayət olunarsa, baş verə biləcək bədbəxt hadisələrin riskini minimuma endirmək mümkündür. Təhlükəsizlik qaydalarına biganə yanaşma gec-tez bədbəxt hadisələrlə nəticələnir".
.png)
Kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımovun sözlərinə görə, dəm qazından zəhərlənmənin əsas səbəbkarı tüstü bacalarının düzgün qurulmaması və tüstü bacalarının təmizlənməməsidir:
"40 ildən çoxdur ki, tüstü bacaları təmizlənmir və bununla bağlı kim məsuliyyət daşıyır, o da məlum deyil. Hələ ki, mən axtarıb tüstü bacalarının və ventilyasiya kanalını dəyişdirməli olan qurumun adını, ünvanını, məsul şəxslərini öyrənə bilmirəm. Tüstü bacası elə qurulmalıdır ki, bir saatda otağın, ya da hamamxananın havasını üç dəfə dəyişmək iqtidarında olsun. Çox təəssüf ki, 1993-cü ildən bəri tüstü bacalarını kim təmizləməlidir, onu mən tapa bilmirəm. Əvvəllər bu işlə Daxili İşlər Nazirliyində bir qurum vardı, Könüllü Yanğından Mühafizə cəmiyyəti, onlar məşğul olurdu. Onlar kvartalda bir dəfə su qızdırıcılarının və ildə iki dəfə digər qaz işlədicilərinin tüstü bacalarını təmizləyirdilər.
Aydın məsələdir ki, dəm qazı karbohidrogen tərkibli maddələrin, yəni benzin, ağ neft, yaxud kerosin, mazut, oduncaq kömürdür və s. bunların natamam yanmasından əmələ gəlir. Eyni zamanda da metan qazının. Bir kubmetr metan qazının təmiz yanması üçün doqquz tam onda beş kubmetr hava lazımdır. Havanın çatışmamazlığından, yaxud da həddindən çox olmasından tüstü və karbonmonoksid, yəni dəm qazı əmələ gəlir və o da qısa bir müddətdə insanın müqəddəratını həll edir, yəni ölümlə nəticələnə bilən hadisə baş verir. Buna görə də, maksimum lazımdır ki, hamamda çimən zaman qocalar, xəstələr qazla davranış qaydalarını bilməyənlər, nəzarətsiz buraxılmasın.
Hamısı səhlənkarlığın nəticəsidir. Burada ev sahibinin də məsuliyyəti var. Çünki onlar qaz kəmərlərinin yerini dəyişirlər, tüstü bacalarının təmizlənməsini tələb etmirlər. Əslinə qalsa, bilmirlər ki, kimdən tələb eləsinlər. Bu məsələ açıq qalıb. Ona görə də bu zəhərlənmə halları nəticədir, onun səbəbləri ciddi surətdə araşdırılmalıdır.
Küləkli havalarda daha yaxşı olar ki, tüstü bacası ilə əlaqəsi olan cihazlardan istifadə olunmasın. Çünki Bakıda küləyin sürəti bir saniyədə 34 metrə çatır. Bu sürət də yanan qazların bayıra açılması sürətindən qat-qat üstündür. Ona görə təpmə hadisəsi baş verir. Yəni küləkli havada tüstü əks istiqamətə ötürülür, o da otaqda yatanların, yaxud istirahət edənlərin, çimənlərin həyatına son qoyur.
Tüstü bacaları damdan yarım metr hündürdə olmalıdır. Tüstü bacalarını pəncərədən, divardan çıxarıb həyətə qoymaq lazım deyil. O, damdan yuxarı çıxarılır, üstündə papağı olur və çox yaxşı olar ki, əhali qazdan təhlükəsiz istifadə qaydalarından istifadə etsinlər. Açıq sobaların yandığı otaqda uzun müddət oturmaq, istirahət etmək, yatmaq qəti surətdə qadağandır. Yatan zaman qazı yanılı qoymaq olmaz. Hətta qısa müddətdə əgər bazara, şəhərə çıxırsınızsa, dərhal qazın işçi və nəzarət kranları bağlanmalıdır. Qazla davranış qaydalarına ciddi riayət olunmalıdır və bu işin nəzarətçisi də Azəriqaz Qapalı Səhmdar Cəmiyyətidir. Bu qurum isə bu məsələyə bir qədər səhlənkar yanaşır. Ona görə də bu cür hadisələr baş verir və baş verən hadisələrin nəticəsi mətbuatda və digər qurumlarda ciddi surətdə müzakirə olunmalıdır və saxtakarlar qanunun sərt üzü ilə cəzalandırılmalıdır. Belə bir proses getmir. Buna görə də əhali nəzarətsizlikdən istifadə edib, qaz kəmərlərinin, qaz borularının, qaz maddəsinin istifadəsində olan qanunları ciddi surətdə pozurlar və ona görə də qaz onlara bu nəzarətsizliyi bağışlamır və onları cəzalandırır".
Röyalə Xəyal