"TikTok"er uşaqların gələcəyi: Onlar valideynlərindən alınmalıdır?
16 Fevral 2024 20:00 SosialUşaqlar insanın gələcəyidir... Bunu bütün sivilizasiyalar, cəmiyyətlər bilir. Amma yaşadığımız bu qəribə dövrlərdə, deyəsən, bu sadə həqiqəti unutmuşuq. İş o yerə çatıb ki, insanların əksəriyyəti uşaqlarını gəlir mənbəyi kimi görməyə başlayıb. Hardan bu nəticəyə gəlindiyini düşünsək, sadəcə sosial mediaya nəzər salmaq kifayət edər. Sosial mediada, xüsusilə də "TikTok" platformasında rastlaşdığınız əksər fenomen uşaqlar artıq öz yaşıdları üçün nümunəyə çevrilməklə yanaşı, özündən böyüklər üçün də əyləncə, məsxərə mövzusuna çevrilirlər.
Təəssüf ki, bu hallarla digər ölkələrdən çox Azərbaycan mediasında rastlaşırıq. Məktəbə gedib, dərsləri ilə məşğul olacaqları yaşda təhsildən yayınıb, sosial şəbəkələrdə canlı yayın açıb, hədiyyə qazanmaq üçün valideynləri tərəfindən məcbur edilənlər kim, tanınmaq, insanları əyləndirmək üçün təhqiramiz ifadələrdən istifadə edib, diqqət mərkəzində olanlar kim...
Dünyadakı və ölkəmizdəki ekspertlər sosial şəbəkələrdəki paylaşımlarda uşaqlardan pul və reputasiya qazanmağın tez-tez müzakirə olunmasa da, bunu uşaq zorakılığı olduğunu qəbul edirlər. İş o yerə çatıb ki, bu vəziyyət uşaq əməyi ilə belə eyniləşdirilir. Görünür ki, məsələ gözləniləndən də ciddidir. Çünki bu gün övladlarını bu yollarla tanıdanlar onların bir müddət keçdikdən sonra hansı problemlərlə üzləşəcəyindən xəbərsizdirlər.
Bu gün gündəmdə olan uşaq adi hərəkətləri ilə belə hər kəsin diqqət mərkəzindədir. Bəs sabah artıq həmişə etdiyi hərəkətlərlə gündəmə düşə bilməyəndə və ya onun yerini başqa biri almağa başlayanda hansı problemlərlə üzləşəcək? Hansı yollara əl atmağa başlayacaq? İllər keçsə də, sosial platformalarda paylaşılan şəkillər, videolar, məlumatlar silinməz olaraq qalır. Hətta əlavə olaraq onları izləyən milyonlarla insanların belə yaddaşına həkk olunur. Bu gün kiminsə iradəsi ilə hərəkət edən uşaq sabah böyüyüb etdiyi hərəkətləri dərk edəcək yaşa çatanda özündə şəxsiyyəti ilə bağlı hansı sualları formalaşdıracaq? Hələ də cəmiyyət tərəfindən tanınıb, məsxərə mövzusu olmaq ona necə təsir edəcək?
Sosioloq Elçin Bayramlı bildirir ki, başqa hallarda bu kimi halların qarşısının alınması üçün cəza tədbirləri görülsə də, Azərbaycanda bu barədə heç bir iş aparılmır:
"Təəssüf ki, son vaxtlar cəmiyyətimizdə psixi problemli insanların sayı artır. Loru dildə desək, cəmiyyət getdikcə cızığından çıxır, uşaqlı-böyüklü. Bu da yaradılmış şərait, aparılan təbliğatın nəticəsidir. Müasirlik adı altında maraqlı, əyləncəli bir həyat tərzinin, təbliğat altında aparılan prosesin məntiqi nəticəsidir. Xüsusən də sosial şəbəkələrin inkişafı bu prosesə rəvac verdi. Başqa yerdə özünü reallaşdıra bilməyən, heç bir xüsusiyyəti, dəyəri, qabiliyyəti ilə gündəmə gələ bilməyənlər başladılar meymunluq etməyə, əxlaqsız hərəkətlərlə məşhurlaşmağa. Belə bir prinsip qəbul olunub ki, antireklam da bir reklamdır. Ümumiyyətlə, istənilən halda məşhur olmaq lazımdır, hətta ən biabırçı hadisə ilə, bir əxlaqsız hərəkətlə belə məşhur olmaq lazımdır. Çünki ancaq məşhurluq üzərinə özünə karyera qururlar və bizim cəmiyyət də belələrinə var gücü ilə dəstək verir. Bax bu şəxslərin ortada meydan sulaması onların problemi deyil. Bu, cəmiyyətin problemidir, cəmiyyət özü belə istəyir. Çünki yüzminlərlə, milyonlarla insan onlara dəstək verir, videolarına baxır, paylaşır. Onların daha çox ortaya çıxmasına səbəb olur, hər cür həvəsləndirir. Yəni bu cəmiyyətin problemidir, deməli, cəmiyyət xəstədir. Faktiki olaraq bizim cəmiyyətimiz xəstədir. Bu gün biz bunu sosial şəbəkələrdə aydın şəkildə görürük. Xəstə olmayan cəmiyyət normal, faydalı paylaşımlara, faydalı məqalələrə, elmi yazılara, çıxışlara heç bir reaksiya vermir və ya 1-2% səviyyəsində təbii ki, istisnalar var. Amma bütün növ şou, əyləncə, əxlaqsızlıq, biabırçılıq nə desəz, onu eləyir. Bu o deməkdir ki, bu cəmiyyətin əsəridir, bu məsələnin bir tərəfi.
Məni böyüklər o qədər də maraqlandırmır, yalnız uşaqlar narahat edir ki, bu şəxslərin uşaqları da öz çirkin əməllərinə alət eləmək tendensiyası geniş yayılıb. Çünki burada cəzasızlıq mühiti var, burada ictimai qınaq sıfır səviyyəsindədir. Nəinki ictimai qınaq yoxdur, əksinə, ictimaiyyət həvəsləndirir, dəstəkləyir, var gücü ilə bu işə, yəni uşaqların psixoloji cəhətdən məhv edilməsinə dəstək verir. Bəli, belə uşaqlar yaşından tez böyük hərəkətlər, fəaliyyətlər edir, hər cür biabırçı məsələlərdə istifadə olunur. Həm özləri bunu eləyir, valideyn əhəmiyyət vermir, həm də bəzən valideynlər özləri buna şərait yaradır, bunu təşkil edir. Bu isə uşaqlara çox ciddi psixoloji travma vurur. Qeyd etdiyiniz kimi, gələcək həyatlarında çox ciddi problemlərin yaranmasına yol açacaq. Çünki internetdə heç nə itmir. Həmişə əbədi olaraq hardasa qeyd olunub. Deməli, bu, gələcəkdə uşaqlara problem yaradacaq və hətta indidən də problem yaradır. Uşaqlar artıq normal uşaqlığını yaşaya bilmir, təhsili, karyerası, gələcəyi üçün fəaliyyətlə məşğul ola bilmir, belə boş-boş şeylərə yönəldilir.
Bir çox ölkələrdə bununla bağlı çox sərt cəza mexanizmləri, qadağalar var. Belə valideynlər cəzalandırılır. Bəzi ölkələrdə isə konkret olaraq uşaq valideynin əlindən alınır. Yəni hər hansı bir uşağın sağlamlığına, psixoloji və ya fiziki sağlamlığına zərər vuran valideynlərdən uşaq alınır. Həmin valideyn cərimə olunur, uşaq birdəfəlik ondan götürülür, dövlət müəyyən bir yerdə, internat məktəblərdə onları tərbiyə edir. Azərbaycanda da artıq bunun vaxtı çatıb. Doğrudur, mən əslində bunu dəstəkləmirəm. Uşağı bioloji valideynlərindən almaq bir az ağrılı məsələdir, digər tərəfdən problemdir uşaq üçün. Amma artıq başqa yol qalmır. Əgər valideyn psixi xəstədirsə, bu dediyim hallarda olanlar faktiki psixi xəstədir. Sadəcə elə bu son hadisə göstərdi ki, psixi xəstələr hansı təhlükələr törədir. Mən isə qəti əmin edirəm ki, yüzminlərlə belə psixi xəstələr, dispanserdə, qapalı şəraitdə yatası xəstələr ortalıqda gəzir və bunlar cəmiyyətdə normal qəbul olunur. Belə insanlara uşaq həvalə etmək cinayətdir, dövlət bunu sərt cəzalandırmalıdır. Qanunlarımız, təəssüf ki, Avropa Şurasının tələbləri ilə, xüsusilə də ailə məsələləri ilə bağlı qanunlar, yüngülləşdirilib, daha da biabırçı vəziyyət yaranıb. Qanunlar dəyişdirilməlidir, cəzalar artırılmalıdır, konkret yazılmalıdır hər şey. Bu kimi valideynlər ağır cəzalandırılmalıdır, müəyyən hallarda isə uşaqlar əlindən alınmalıdır. Yəni biz əgər sağlam cəmiyyət, sağlam gələcək qurmaq istəyiriksə, çox ciddi şəkildə bu məsələyə yanaşmalıyıq. Amma faktiki yanaşmırıq. Deməli, nə dövlət olaraq, nə cəmiyyət olaraq biz sağlam gələcəkdə maraqlı deyilik. Bu gün ortada biabırçı vəziyyət yaranıb. Yeniyetmələrin, gənclərin necə sürətlə narkomaniyaya, əxlaqsızlığa, müasirlik adı altında hər cür eybəcərliyə sövq olunduğunu görürük. Buna göz yuman bir cəmiyyət deməli, sağlam gələcək istəmir. Bu açıq -aydın faktdır. Yəni istəyiriksə, tədbir görərdik, çalışardıq, cəhd edərdik. Amma tam əksinə, mümkün qədər var gücümüzlə çalışırıq ki, bu vəziyyət daha da pisləşsin, pisləşməsi üçün hər cür dəstək veririk. Təsəvvür edin ki, bütün sosial şəbəkələrdə, bütün televiziyalarda ancaq mənfi hallar təbliğ olunur. Ancaq əyləncə, gənclərin veyillənməsi, əylənməsi, böyük-kiçik saymaması, müasirlik adı altında hər cür biabırçılıqları açıq-aşkar şəkildə təbliğ olunur. Bunun nəticələrini ortada görürük. Ailə institutu darmadağın olunub, boşanmalar üzrə dünyada birinci yerə çıxdıq. Yəni dünyanın ailə möhkəmliyi cəhətdən ən möhkəm birinci xalqı, ən axırıncı xalqına çevrildi.
Ortalıqda əxlaqsızlıq halları o qədər sürətlə, kütləvi artır ki, ailədaxili xəyanətlər, uşaq cinayətləri və digər bütün bu məsələlərin hamısı bütövlükdə cəmiyyətin sifətidir. Bu kütlə bunu istəyir. Yaxşı, bunu başa düşdük. Bu kütlə bunu istəyirsə, onda dövlət işə qarışmalıdır. Dövlət ölkənin, xalqın gələcəyini bu kütləyə etibar etməməlidir, bunların öhdəsinə buraxmamalıdır. Buna cəmiyyət adı vermək olmaz, bizdə cəmiyyət yoxdur. Amma bizdə bir biabırçı kütlə var və bu kütlənin ümidinə nə ölkəmizi, nə dövlətimizi, nə gələcəyimizi etibar eləmək olmaz. Ona görə burada dövlət işə qarışmalıdır, sərt inzibati metodlarla qanunlar, mexanizmlər, qaydalar dəyişməlidir. Yalnız radikal tədbirlər insanları, cızığından çıxmış bu kütləni yerinə otuzdura, bu biabırçılıqların qarşısını ala bilər. Yalnız ağır cəzalar, ağır cərimələr, hətta dediyim kimi, bu kimi hallarda uşaqların valideynlərdən məcburi şəkildə alınması bu insanları, bir qədər qızışmış kütləni, müasirlik adı altında hər cür biabırçılıqlar törədən qızışmış kütləni yoluna gətirə bilər. Mən sizi əmin edirəm ki, başqa heç bir yol yoxdur. Bu maarifləndirmə, bu danışdıqlarımız ki var, boş-boş şeylərdir, tamamilə cəfəngiyyatdır və zərrə qədər də kütləvi təsir eləmir. Heç biri də heç kimi maraqlandırmır, heç kim oxumur, baxmır belə. Belə bir kütləni ancaq dövlət tərbiyə eləməlidir və bunun nümunələri dünyanın bütün sivil ölkələrində var. Məsələn, Almaniyanın təcrübəsinə baxsanız, görərsiniz ki, alman xalqını dövlət alman xalqı eləyib, özü olmayıb. Yəni dövlət xalqı belə intizamlı, belə qanunpərəst, belə düzgün bir formada mədəni bir xalqa çevirib. Digər ölkələrdə də bu belədir. Ya dövlət bunu eləməlidir, ya da hər şey məhv olacaq. Başqa heç bir çıxış yolu yoxdur, qalan bütün mövzular tamamilə mənasızdır. Mən yolu yalnız bunda görürəm ki, sərt şəkildə, çox ciddi, çox radikal tədbirlərlə bu proseslərin qarşısı alınmalıdır. Əgər sağlam cəmiyyət, sağlam gələcək istəyirsə, sağlam gələcəkdə güclü dövlətimiz, ağıllı insanlarımız olmasını istəyirsə, bunu etməlidir. Yoxsa , elə beləcə də davam edəcək və bu halda biz gələcəkdən əlimizi üzəcəyik".
Röyalə Xəyal