Qumar asılılığı müalicə olunan bir xəstəlikdir, lakin sağalma möcüzəvi şəkildə baş vermir
16 Fevral 2024 17:00 SosialMüsahibimiz psixoloq Minarə Səbzəliyevadır.
-Minarə xanım, gəlin sondan başlayaq. Müalicəsi varmı?
-Dünya ədəbiyyatına istinad etdiyimiz zaman görürük ki, asılılıq xroniki bir beyin xəstəliyidir. Remissiya isə xroniki xəstəliyi olan şəxslərdə xəstəliyin aktiv olmadığı dövrlər üçün istifadə olunan termindir. Yəni biz bir xroniki xəstəlik üçün sağalma deyil, remissiya terminindən istifadə edirik. Nümunə üçün xroniki bir xəstəlik olaraq maddə asılılığını ələ alsaq, remissiya dönəmində asılılıqdan əziyyət çəkən şəxs maddə istifadə etmir, qumar asılılığından əziyyət çəkən şəxs qumar oynamır. Lakin biz bu gün bu şüarlarla əfsuslar olsun çox rastlaşırıq. "Asılılıq sağalandı, bu xəstəlikdən tamamilə qurtulacaqsan" və bunun kimi başqaları. Amma qətiyyətli şəkildə nəzərə alınmalıdır ki, remissiyanın olması asılılıqdan əziyyət çəkən şəxsin problemdən imtina etməsi ilə bağlı istəkliliyi, mütəxəssislə birlikdə öz probleminin müalicəsində əməkdaşlıq etməsi, müalicə motivasiyası, riskli situasiyaları tanıması və onlarla funksional şəkildə mübarizə aparma bacarıqlarının inkişaf etdirilməsi, əzm və səbr kimi şəxsiyyət xüsusiyyətləri və bir çox faktora dayanır. Möcüzəvi şəkildə deyil, yuxarıda sadaladığım faktorlara istinad edir.
-Qumar asılılığı nədir? Biz nəyi qumar asılılığı adlandıra bilərik?
-Qumar asılılığı şəxsin həyatına mənfi təsir etməsinə rəğmən qumar oynamağa davam etməsi üçün hiss etdiyi nəzarətedilməz bir istəkdir. Qumar asılılıq yaradır, çünki beynin mükafat sistemini psixoaktiv maddələr kimi stimullaşdırırlar. Əslində keçmiş ədəbiyyatlara nəzər saldıqda psixiatriya toplumunda qumar oynamanı bir asılılıqdan savayı bir məcburiyyət hissi, yəni fiziki asılılıq olmamasına rəğmən qarşısıalınmaz bir istək tərəfindən yönləndirilən davranış olaraq görərik. Lakin araşdırmalara əsasən qumar asılılığının alkoqolizm və narkotik asılılığına başlanğıcda düşünüləndən daha çox bənzədiyi ortaya çıxır.

-Qumar asılılığının simptomları nələrdir?
-Bir qumar asılılığından əziyyət çəkən şəxsi təsvir edən ən başlıca ünsür məhz həmin şəxsin qumar oynamağa tamamilə qapılması və mənfi nəticələrə rəğmən qumar oynamaqdan imtina etməməsidir. Qumar asılılığından əziyyət çəkən şəxslər əsasən qumardan qaçına bilməyəcəklərinə və ya qumar oynamaqdan imtina edə bilməyəcəklərinə inanırlar.
Ən çox yayılmış simptomlar isə bunlardır:
Qumarla obsessiv şəkildə məşğul olmaq, eyni həyəcan hissini yaşamaq üçün artan miqdarda maddi vəsaitlə qumar oynamağa ehtiyac duymaq, uğursuz şəkildə qumarı nəzarət etməyə, azaltmağa və dayandırmağa çalışmaq, qumar oynamadığında özünü hüzursuz və ya qəzəbli hiss etmək, problemlərdən qaçmaq və ya çarəsizlik, günahkarlıq, təşviş və bir sıra depressiv hisslərini azaltmaq üçün qumar oynamaq, daha çox qumar oynayaraq itirilən pulu geri almağa çalışmaq, qumar səbəbilə önəmli münasibətləri və ya iş/təhsil sferalarını təhlükəyə atmaq və ya itirmək, qumar pulu almaq üçün oğurluq və ya saxtakarlıq etmək və başqaları.
Qumar asılılığından əziyyət çəkən şəxslər bu oyunda uduzduqda özlərini yenidən oynamamaq üçün nəzarət edə bilmirlər və ya bu itki limitini müəyyənləşdirə bilmirlər, özlərini o anda sadəcə uduzduqları maddi vəsaiti geri almaq üçün oynamağa davam etmə məcburiyyətində hiss edirlər. Bir çox situasiyada şəxs nəzərə tutduğundan daha çox maddi vəsait itirir, bu itirilən vəsait üçün özünü günahlandırır və sonradan daha çox qumar oynayaraq bu itkiləri konpensasiya etməyə çalışır, bu da daha çox maddi vəsait itkisinə səbəb olur. Bu mənfi dövr isə fərdin həyatına çox böyük dağıdıcı təsirləri verir. Bu dağıdıcı təsirlər isə fərddə psixoloji problemlərə yol açır, digər asılılıqların asanlıqla yaranması ( alkoqol, narkotik, tütün və başqaları) ehtimalını qüvvətləndirir, qazanma hirsi ilə mənfəətçi və eqoist bir hala gələn şəxs özünə və çevrəyə zərər verməkdən qaçınmaz, qumar istəyi səbəbindən ailəsinə və çevrəsinə qarşı məsuliyyətləri yerinə gətirmir, istənməyən şəxsiyyətlərarası münasibətlər, hansı ki, belə sektorların kimlərin idarəsi altında olduğu bilinməməkdə və şəxs qazananın olmadığı bir mühitin daxilinə itələnir, maddi itkilər ilə birlikdə şəxs özünə, ailəsinə və topluma qarşı zərərli bir hala gəlir, ailədəki güvən bağı zəifləyir və qumarın davamı üçün olan cəhdlər ailə dinamikasına və fərdlərin psixikalarına dərindən təsir edir. Təbii ki, zərərlər bu sadalananlarla məhdudlaşmır.
Ən əsası topluma qarşı böyük bir ziyanın olduğunu düşünürəm. Çünki qumardan qazanılan maddi vəsaiti görən yeni nəsil təbii ki, haqsız qazancın daha üstün olduğunu və asan qazancın ideal fikirləri halına gələ bilir. Bu mövqedə də əfsuslar olsun ki, çalışma, zəhmət, haqq və hüquq kimi vacib fenomenlər önəmlilikdən düşür. Bu da təbii ki, yeni nəsildə daha çox qanuni olmayan dəstələrin və ya təşkilatların olması və manipulyasiyalarına gətirib çıxarır.
-Dəstək və ya yardım necə həyata keçirilir?
-Hər kəs üçün fərdi olaraq təyin olunan müalicə planı ilə burda nəticəmizin yaxşı olması mümkündür. Bunun üçün ilk növbədə qumar asılılığının patoloji bir narahatlıq olduğunun qəbul edilməsi önəmlidir. Müalicə planı fərdi olaraq tərtib olunur. Burada hər kəsin qumar oynama səbəbləri fərqli ola bilər. Bəziləri sıxıntı ilə mübarizə aparma, maddi vəsait qazanma, keçmiş itkiləri qazanma, var olan borclarını ödəmək üçün başqa çarəsinin qalmadığını düşünmə kimi səbəblərlə qumar oynadıqlarını ifadə edə bilərlər.
Təbii ki, ilk növbədə mütəxəssislərin ilkin müsahibəsindən keçilməli, diaqnostikadan sonra isə təhsil və təcrübəyə əsaslanan imtina motivasiyasının yaradılması, yenidən oynamanın qarşısının alınması, qumar oynama istəyi ilə mübarizə aparma kimi mövzularda psixoterapevtlər tərəfindən xidmət həyata keçirilməlidir. Təbii ki, bunun paralelində qumar oynama davranışından imtina edildikdə ortaya çıxan psixi problemlər üçün də narkoloq/psixiatr konsultasiyasının olması labüddür. Narkotik/ alkoqol və ya digər asılılıqlarda işə kompleks yanaşdığımız kimi burda da ailələrlə konsultasiyaya ehtiyac duyula bilər. Burada onların maddi vəsaitləri yönləndirmələri, ailə daxili münasibətləri, zərər görmüş şəxslərarası münasibət və bacarıqları mövzularında birlikdə çalışmaları müalicənin effektivliyini artırır. Qumar asılılığı müalicə olunan bir xəstəlik olsa da, sağalma möcüzəvi şəkildə gerçəkləşmir. Müalicə istəklilik, işbirliyi, səbr və zaman tələb edən bir dövrdür.
-Bəs onlara və ailələrinə mütəxəssis kimi hansı tövsiyyələri verə bilərsiz?
-Dünya ədəbiyyatına və bu barədə həyata keçirilən ən son tədqiqatlara, konfranslarda çıxışlara istinad edərək onlara dəstək olmaq üçün bu tövsiyyələri verərdim:
-İlk növbədə mütləq şəkildə mütəxəssislərdən dəstək alınmalıdır. Diaqnostika olunmalı və bunun bir xəstəlik olduğu unudulmamalıdır. Və müalicə və müalicədən sonrakı dövrlərdə də aşağıdakı tövsiyyələrə əməl etmək onların daha sağlam və funksional şəkildə həyatlarını davam etdirmələrinə təkan yaradacaqdır.
-Qumar oynanılan yerlərdən və internetdə qumar oynanılan yerlərdən uzaq durmalı;
-Qumar oynama düşüncəsinə səbəb ola biləcək nüanslardan uzaqlaşmalı ( reklamlar, biletlər və s.);
-Qumar istəyi və ya marağı olan şəxslərdən uzaq durmalı;
-Günlük ehtiyacları qarşılaya biləcək qədər pulun idarə edilməsi, gərəkli olmadıqca kart vəsaitlərindən istifadə edilməməlidir;
-Yaşam tərzinin dəyişdirilməsi, mənfi vərdişlərin funksional olan uyğun davranışlarla əvəz edilməsi gərəklidir.
-Bu dövrdə fərdlərin məşğuliyyətlərinin də çox olması, diqqətlərini başqa müsbət aktivliklərə fokuslamaları faydalı olacaqdır. Nümunə üçün idman və endorfin adlanan hormone arasında müsbət bir əlaqə vardır ki, araşdırmalar bunu deməyə əsas verir ki, fərdlər idman etdikləri zaman endorfin ifraz olunur və bunun da nəticəsində onlar özlərini daha gümrah və xoşbəxt hiss edirlər.
Lakin bu qeyd etdiklərim sadəcə riskli situasiyalarla mübarizə mexanizmlərinin çox kiçik bir hissəsidir. Nəzərə alınmalıdır ki, burda duyğu, düşüncə və davranış sferasında disfunksional və ya problemli olan nüansların ələ alınması və onların həllidir. Əks halda fərdin yenidən əvvəlki davranışlarına qayıtma ehtimalı çox yüksəkdir.
Təbii ki, bayaq da qeyd etdiyim kimi ailənin dəstəyi çox önəmlidir. Burada ailələr bilmədilər ki, qumar asılılığından əziyyət çəkən şəxsə pulunun idarəsinə məhdudiyyətlər qoymayaraq və ya ailə daxilində maddi məsuliyyəti üzərinizə alaraq həm şəxsin qumar oynamasına, həm də yenidən xəstəliyin baş qaldırmasına gətirib çıxara bilərik. Yox əgər qumar asılılığından əziyyət çəkən şəxs hələ də qumar oynayırsa bu şəxsin yalvarma, təhdid və ya günahlandırma yolu ilə maddi vəsait istəməsinə qarşı hazırlıqlı olmalı və buna qarşı mübarizə texnikaları inkişaf etdirmələri daha məqsədə uyğundur. Həm özlərinin, həm də qumar asılılığından əziyyət çəkən ailə fərdinin terapiya dəstəyi alması problemlə daha asan mübarizə aparmalarına dəstək olacaqdır. Ailəni bir sistem olaraq nəzərə aldığımız zaman ailə daxilində hər hansısa bir fərdin asılılıqdan əziyyət çəkməsi digər ailə fərdlərinə, sistemə dərindən öz mənfi təsirini göstərəcəkdir.
QİYMƏT MAHİR