Fərdi yaşayış evləri üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün hansı sənədlər tələb olunur?- ÖZƏL
9 Fevral 2024 11:04 SosialHazırda qeyri-qanuni inşaa edilmiş fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı məsələlər gündəmi zəbt edib. Əmlak Məsələləri Dövlət Xidməti rəisi Mətin Eynullayev mətbuata açıqlamasında bildirib ki, özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün işçi qrupu yaradılıb. Maraqlıdır, bəs, fərdi yaşayış evləri üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün hansı sənədlər tələb olunur? Vəkil Rövşən Qasımov "Olaylar"a bildirib ki, bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən fərdi yaşayış evləri üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır:
- ərizə;
- torpaq sahəsinin ayrılmasına dair şəhər (rayon icra hakimiyyətinin sərəncamının və ya XDS-nin (ZDS-nin) qərarının təsdiq edilmiş surəti, zəruri hallarda sərəncamın (qərarın) arxivdən çıxarışı və torpaq sahəsinin ayrıc aktı (planı), torpaq sahəsinin planı və ölçüsü;
və ya
- bələdiyyənin qərarı, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsinin ayrıc aktı (planı) və arxiv arayışı, DTXK və bələdiyyə tərəfindən təsdiq edilmiş alqı-satqı aktı (01.12.2007-ci il tarixdən sonra isə hərrac protokolu və ya hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi);
və ya
- torpaq sahəsi üzərində ərizəçinin mülkiyyət hüquqlarını təsdiq edən şəhadətnamə və ya dövlət reyestrindən çıxarış;
- tikilinin yerli icra hakimiyyəti orqanının memarlıq xidməti tərəfindən təsdiq edilmiş layihəsi;
- tikilinin istismara qəbul aktı və ya tikilinin istismara yararlı olduğu və ərizəçinin tikili üzərində hüquqlarının qeydiyyata alınması barədə yerli icra hakimiyyəti orqanının sərəncamı (hündürlüyü 12 m-dən az olan binalar üçün), hündürlüyü 12 m-dən artıq olan binalar üçün ekspertiza rəyi;
- dövlət rüsumunun ödənilməsi barədə qəbz.