Etibarnamə yolu ilə əmlak almaq artıq təhlükəlidir-Elnur Fərzəliyev -ÖZƏL

"Çıxarışı olmayan əmlaklar müxtəlif növlərdədir".

Bu fikirləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Olaylar.az-a olan açıqlamasında bildirdi:

"Bəzi çıxarışı olmayan əmlaklar yeni tikili binalardakı müqaviləli mənzillərdir ki, həmin müqaviləli mənzillər tikinti şirkətləri tərəfindən vətəndaşlara, yəni qanunvericilikdə payçılara satılır və onların da öz paylarını digər şəxslərə satmaq hüquqları var. Bu baxımdan yeni tikili binalardakı çıxarışlı mənzillərin satışında rəsmi qadağa olmadığına görə tikinti şirkətləri də həmçinin mənzilləri müqaviləli formada sata bilirlər. Bundan əlavə mənzil sahibləri də öz mənzillərini digər şəxslərin adına rəsmiləşdirə bilirlər. Digər çıxarışı olmayan əmlaklar daha çox çıxarışsız fərdi həyət evləri və torpaq sahələridir ki, bunların da ilkin sənədi sərəncamdır. Yəni, bir zamanlar bələdiyyələr, rayon icra hakimiyyətləri, kolxoz və sovxozlar tərəfindən ayrılmış sərəncamlar əsasında tikilən əmlaklardır. Torpaq sahələrinin ayrılması ilə bağlı verilmiş qərarlar üzərindən tikinti işləri aparılır və bu gün ölkə ərazisində yüz minlərlə çıxarışı olmayan bu tip fərdi həyət evləri və torpaq sahələri var. Təbii ki, müqaviləli yeni tikilili binalardakı mənzillərin satışı müqavilənin bir şəxsdən digər şəxsin adına keçirilməsi mümkündür. Lakin sərəncamlı və yaxud qərarla verilmiş torpaq sahələrinin satışı qanunvericilikdə müəyyən olunmayıb. Yəni, həmin əmlaklar ilk olaraq özəlləşməli, çıxarış aldıqdan sonra digər şəxslərin adına satılmalıdır. Torpaqların yerləşməsində, təyinatlarında, tikintilərin layihədən kənara aparılmasında müxtəlif problemlər olduğuna görə həmin əmlaklara çıxarışlar verilə bilmir və o səbəbdən bu mənzil sahibləri öz əmlaklarını satarkən rəsmi formada alqı-satqı qaydasında sata bilmirlər. Məcburən bu əmlakları bir şəxs digər şəxsə etibarnamə yolu ilə satır. Yəni, mənzil sahibi özü və ailə üzvləri alıcının adına o mənzillə bağlı etibarnamə verir. Alqı-satqını başa vurmuş hesab edirlər. Etibarnamə ilə alqı-satqı qanunvericilikdə müəyyən olunmayıb. Ən təhlükəli proseslərdən biridir. Etibarnamə verən şəxs hər hansı bir müddətdən sonra etibarnaməni ləğv etdirə bilər və yaxud da etibarnamə verən şəxs vəfat edərsə o etibarnamə öz hökmünü itirmiş olur. Etibarnamənin hökmdən düşməsi ilə bağlı bir çox müddəalar da var ki, bu baxımdan etibarnamə yolu ilə əmlak almaq artıq təhlükəli sayılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31