Valideynlər uşaqlarını bu tip qidalardan uzaq tutmalıdırlar-Asim Vəliyev- ÖZƏL

Milli Məclisin dünən keçirilən iclasında deputat Sabir Rüstəmxanlı genləri dəyişdirilmiş və süni yolla yaradılmış qidaların reklam olunması ilə bağlı narahatlığını dilə gətirib. Belə qidaların insanda narkotik kimi vərdiş yaratdığını, hətta həmin qidaların, içkilərin ("Coco-cola", "Fanta" və s.) narkotikdən də təhlükəli olduğunu qeyd edib. 

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi üzrə ekspert Asim Vəliyev Olaylar.az-a açıqlamasında bildirib ki, gün keçdikcə rəngli və qazlı içkilər süfrəmizin vazkeçilməzi olur, su əvəzinə daha çox bu içkilər üstün tutulur:

"Qazlı və rəngli içkilər şəkərdən qatbaqat daha şirin dadlandırıcılar ehtiva etdiyi üçün sağlamlığa zərər verir, heç bir halda qidalandırıcı və faydalı deyil. Bu içkilər xüsusilə uşaqlar üçün böyük təhlükə qaynağıdır. 
Tərkibində olan fosfor turşusu orqanizmin kalsiumu istifadəsinə icazə vermir və bir sıra xəstəliklərə səbəb olur. Bunlardan ən başlıcası osteoporoz və diş xəstəlikləridir. Qazlı içkilər sümüklərin güclənməsinə mane olur, deformasiyalara səbəb olur. Qazlı içkilərdə dadlandırıcı olaraq istifadə olunan aspartam maddəsi qüsurlu doğumlar, epilepsiya kimi xəstəliklərə səbəb olur. Digər bir maddə olan kafein yuxusuzluq, əsəbilik, ürək döyüntülərində artmaya da səbəb olur. Qazlı və rəngli içkilərdə istifadə olunan natrium benzoat maddəsi qida sektorunda qoruyucu antimikrobial maddə olaraq istifadə olunan və məhsulun rəf ömrünü uzadan kimyəvi bir duzdur. Bu içkilərdə mövcud olan turşu və şəkər diş minasını zədələyir. Diş çürükləri sinirlərə, diş kökünə və ya dişin alt hissəsində olan hissəyə çatdıqda diş özü toxumasının ölməsinə də səbəb olur. Bu vəziyyət dərhal müalicə edilmədikdə diş və diş əti absesinə gətirib çıxarır.
Yüksək dozada fruktozalı qarğıdalı siropu ehtiva edir. Bu maddə eyni zamanda ürək xəstəlikləri və diabetə səbəb olan metabolik narahatlıq risklərini yüksəldir. 
Həmçinin fosfor duzları uzun müddətdə böyrək narahatlıqlarına gətirib çıxara bilir. Fosfor turşusu və yüksək miqdarda fosfat uzun müddətdə osteoporoz riskini yüksəldir və sümük qırılmalarına səbəb olur. Fosfor idrarla xaric edildikdə kalsium maddəsinin də itkisinə gətirib çıxarır.
Aparılan araşdırmalar qazlı və rəngli içkilər obezitə olma riskini 1.6 dəfə artırır. Ürək-damar xəstəlikləri böyük əksəriyyətlə obezitə ilə əlaqəlidir. Tip 2 diabetə yaxalanma riski yüksəkdir. 
Üstəlik fast-food restoranlar şəbəkəsində servis edilən qidalara qatılan mononatrium qlutamat maddəsi uşaqlar başda olmaqla qidalananlarda asılılıq yaradır. Bu restoranların əsas vazkeçilməz qidalarından olan toyuq, ət bulyonları, sosika, kolbasa, kartof fri, çipsilərdə bu maddə istifadə olunur. Ağız dadı körpə yaşdan formalaşdığı üçün valideynlər uşaqlarını bu tip qidalardan, qazlı, və rəngli içkilərdən uzaq tutaraq ənənəvi və sağlam qidalara, içkilərə alışdıra bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31