Efir "mədəniyyətsizliyi": Televiziyalarmız tamaşaçı kütləsini niyə itirib?

Günümüzdə özəl  televiziya proqramlarında efir mədəniyyətinə zidd olan hadisələrə rast gəlirik.  Bu onunla bağlıdır ki, günümüzün əksər proqramları baxılmalı vəziyyətdə deyil. Çünki efirə dəvət olunan istər qonaqlar, istərsə də bəzən tamaşaçılar belə tamamilə efir mədəniyyətindən uzaq adamlar olurlar ki, efir etikasına uyğun olmayan nalayiq ifadələr işlədir, anormal hərəkətlər edirlər. Xüsusilə də belə hallara canlı yayım verilişlərində rast gəlirik.

Nəzərə alsaq ki, şou xarakterli proqramlara daha çox gənc nəsil baxır, o zaman efir mədəniyyətinə uyğun olmayan kəlmələrin səslənməsi, hərəkətlərin edilməsi həmin gənclərin tərbiyəsinə, düşüncə tərzinə hansı formada təsir edə bilər?
 


Sosioloq Elçin Bayramlının sözlərinə görə, xarici ölkələrdə bu tip etikaya zidd hərəkət edən televiziyalar çox sərt cəzalandırılır:
"Bu sahədə vəziyyət getdikcə acınacaqlı, daha doğrusu, faciəvi bir hala gəlir. Bu məlumdur, faktdır. Uzun illərdir həm cəmiyyət tərəfindən, həm ziyalılar tərəfindən deyilir, yazılır, şikayət olunur. Yenə də heç bir ciddi dəyişiklik yoxdur, əslində vəziyyət daha da pisləşir. Əslində məsələnin köklərinə baxmalıyıq. Səbəb aradan qaldırılmayana qədər hər hansı bir prosesin nəticələri ilə uğraşmağın mənası yoxdur. Səbəb orda gizlənir ki, artıq efir, televiziya deyəndə, ənənəvi klassik efirdən, televiziyadan söhbət getmir. Çünki bazar iqtisadiyyatı hər şeyi bazara çevirdiyi kimi efirimizi də, televiziyalarımızı da açıq bazara çevirdi. Yəni kommersiya TV-ləri bu sahədə biabırçı bir bazar yaratdı. Məsələ ondadır ki, burada prinsip, əsas məqsəd sadəcə çoxlu pul qazanmaqdır, biznes maraqlarıdır. Biznesin də heç vaxt nə şərəfi, əxlaqi, mənəviyyatı olmur. Biznesin tək bir dəyəri, tək bir kriteriyası var, mümkün qədər çox gəlir, qazanc əldə etmək. Bu uğurda, bu məqsəddə xalqımızın bütün milli mədəniyyətinin məhv edilməsi, mənəvi dəyərlərinin çökdürülməsi, gənclərin əxlaqının, tərbiyəsinin pozulması üçün bu televiziyalar əllərindən gələn hər şeyi elədilər və buna da müdaxilə imkanları da yoxdur, ictimaiyyətin müdaxilə imkanları yoxdur, dövlət də burda maraqlı görünmür. Dinəndə deyirlər ki, özəl kommersiya TV-ləri istədiyi efir siyasətini, proqramını verir. Amma nümunəvi ölkələrdə bu məsələlər tənzimlənir. Yəni Milli Radio -Televiziya Şurası olur ölkələrdə. Bizdə də kağız üzərində nəsə var, faktiki olaraq yoxdur. Bu xarici ölkələrdə ictimai etikaya, milli-mənəvi dəyərlərə, milli mədəniyyətə zidd, zərərli informasiyalar, zərərli təbliğatlar verən televiziyalar çox sərt cəzalandırılır. Bizdə belə bir cəza demək olar ki, yoxdur və bu cəzasızlıq mühiti də televiziyaları daha da necə deyərlər, həvəsləndirir. Getdikcə dozanı artırırlar, daha biabırçı, daha rəzil vəziyyətə gəlirlər, mümkün olan hər şeyi etməyə çalışırlar.
Cəmiyyət buna reaksiyanı yalnız nədə verə bilir? Sadəcə imtina eləyir, baxmır. Artıq Azərbaycan televiziyaları çoxdandır demək olar ki, 90% tamaşaçı kütləsini itirib. Çünki normal insanlar bu televiziyalara baxa bilməz, belə bir şey mümkün deyil. Ona görə də insanlarımız xarici Rusiya, Türkiyə və s. televiziyalara baxır.
Ümumiyyətlə, televiziyalar az izlənir. Sosial şəbəkələrdə, internetdə hər şey, istənilən informasiya var. Son dövrlərdə smart televizorların daha geniş yayılması nəticəsində insanlar müxtəlif videoportallar, kinoportallar, YouTube və s. kimi platformalardan istədiyi şeyləri tapıb, qoyub baxırlar. Yəni artıq efir televiziyaları öz dövrünü başa çatdırır, özü-özlərini məhv edirlər. Formal olaraq fəaliyyət göstərilir, çox az bir baxış var. Məlum olduğu kimi,  reytinq də bir ingilis şirkətidir, tamamilə saxta şəkildə, heç bir dəxli olmadan səviyyəsiz, düşük verilişlərə reytinq verir ki, guya televiziyalar bunu versinlər və belə də proses gedir, ad olur ki, filan verilişə reytinq var. O tamamilə cəfəngiyyatdır, zərrə qədər də reytinqin dəxli yoxdur ki, xalq nəyə baxır. Bu cəfəngiyyat tamamilə gülüncdür, ümumiyyətlə reytinqdən danışmaq "mən axmağam" deməkdir. Belə bir reytinq yoxdur, ola da bilməz.
Belə bir siyasətlə Qərbdən müəyyən dairələr, Azərbaycan teleməkanını tamamilə pozğunxanaya çeviriblər, rəzil, biabırçı bir vəziyyətə gətiriblər. Televiziyalarda elmi verilişlər yoxdur, bir dənə alimə rast gəlmək olmur, bir dənə faydalı veriliş demək olar ki, yoxdur. Təbii ki, burada istisna olaraq dövlət televiziyası və İctimai televiziyanı həqiqətən də qeyd eləmək lazımdır. Bunlar normal TV-lərdir, biabırçılıqlara yol vermirlər. Amma söhbət özəl televiziyalardan gedir. Özəl televiziyalar artıq rəzil vəziyyətdədir və internet tərəfindən haqlı olaraq sıradan çıxardırılırlar. Çünki cəmiyyətə ancaq zərər vururlar. Heç bir faydalı, maraqlı, səviyyəli bir veriliş, proqram siyasəti ortaya qoya bilmirlər və təbii ki, beləliklə getdikcə nüfuzlarını da itirib məhv olurlar. Amma buna qədər artıq öz missiyalarını yerinə yetiriblər. Yəni bu xalqa mümkün olan ən ağır mənəvi zərbələr vurublar. Bütün mənəvi dəyərlərin çökdürülməsinin, zərərli təbliğat aparılmasının başında bu televiziyalar durub. Mən şəxsən həmişə bütün əhalini televiziyaları boykot eləməyə, özəl televiziyalara baxmamağa çağırmışam. Şəxsən özüm də 2000-ci ildən etibarən düz 24 ildir ki, bütün özəl televiziyaları istisnasız olaraq televizordan silmişəm. Heç vaxt bunların bir saniyəsinə belə baxmamışam. Hətta baxın, özüm dəvət olunan sosial müzakirə verilişlərində iştirak edərkən belə o verilişə baxmamışam. Yalnız belə bir ictimaiyyətin, cəmiyyətin cəza mexanizmi var ki, əgər tamamilə bu televiziyalar boykot olunsa, ictimai qınaq olunsa, bunlara bəlkə dərs olar. Amma bunu vaxtında eləmək lazım idi, artıq gecdi. Artıq bunlar məqsədlərinə, missiyalarına tamamilə nail olublar, cəmiyyəti mənəvi-əxlaqi cəhətdən eybəcər bir vəziyyətə gətiriblər.
Qaldı dövlətin funksiyası, dediyim kimi, normal ölkələr kimi bizdə də cəza funksiyaları, xüsusi ictimai şura olmalıdır  və sərt şəkildə bu televiziyalar cəzalandırılmalıdır. Düzdür, gec də olsa, heç olmasa, bundan sonra bu biabırçılıqların qarşısı alınmalıdır. Əks halda daha da bunlar cızığından çıxıb, daha betər bir vəziyyətə gələcəklər. Harada ki, biznes marağı, pul marağı varsa, üstəlik müəyyən xarici dairələrdən də direktivlərlə bəzi məsələlər var ki, milli dəyərlərin çökdürülməsi ilə bağlı proses aparılır. Ona görə də bunun qarşısı alınmalıdır ki, biz öz milli-mənəvi dəyərlərimiz üzərində, cənab Prezidentin məşhur sözü var, Azərbaycan yalnız öz milli-mənəvi dəyərləri üzərində inkişaf edəcək. Biz öz milli mədəniyyətimizi, milli dəyərlərimizi qorumağa məcburuq, məhkumuq, dövlət siyasəti budur. Dövlətin prinsipi budur və özəl televiziyalar da bu siyasətə, qanunlara əməl etməyə borcludurlar. Hələ ki, bunu etmirlər və cəzalanmırlar, amma cəzalarını alsalar, buna məcbur olacaqlar. Yalnız bu yolla onların ağılını başına gətirmək olar. Əks halda vəziyyət daha da pisləşəcək".
 

Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bildirir ki, Azərbaycan televiziyaları heç bir zaman maarifləndirmə funksiyasını unutmamalıdırlar və hər zaman Azərbaycan tamaşaçısını maarifləndirmə istiqamətində işlər aparmalıdırlar:
"Təbii ki, televiziyaların çoxu özəl televiziya olduqları üçün və onlar üçün əsas reytinq və reklam olduğunu nəzərə alanda, bu tipli ucuz şouya qaçan, eyni zamanda cəmiyyəti qıcıqlandıran mövzularda aparılan efirlərin biz şahid oluruq. Amma bu o demək deyil ki, jurnalistikanın etik prinsipləri, Radio vəTeleviziya haqqında qanun bu məsələlərdə ikinci plana keçməlidir. Heç bir halda biz cəmiyyətə yalnız şou tipli bayağı şoular, daha çox insanların şəxsi həyatını, ədavətini göstərən verilişləri göstərməli deyilik. Amma çox təəssüflər olsun ki, biz televiziya kanallarımızda bu tipli verilişlərə tez-tez şahidlik edirik və düşünürəm ki, televiziya verilişlərinə dəvət olunan ekspertlərlə bağlı da artıq həyəcan təbili çalmağın vaxtıdır. Çünki cəmiyyətdə heç bir nüfuzu olmayan, cəmiyyətdə birmənalı qarşılanmayan və eyni zamanda öz şəxsi həyatları belə sual altında olan bəzi şəxslər çıxıb televiziya kanallarında ekspert kimi özlərini nümayiş etdirirlər, insanlara ağıl verirlər. Bu da təbii ki, cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmır. Bu baxımdan çox mütləqdir ki, televiziya rəhbərləri kanallara dəvət olunan ekspertlərə nəzarət etsin və eyni zamanda, düşünürəm ki, bəzi kanallarda biz görürük ki, verilişlərə sponsorluq edən hansısa həkimlər və yaxud da digər peşə sahibləri ekspert kimi də çıxış edirlər. Məncə, bu da heç bir halda düzgün deyil. Çünki əgər reklam verilibsə, bu, ayrıca kanalın verilişində reklam çarxı  olmalıdır. Amma çox təəssüflər olsun ki, biz bu tipli ekspertlərin də verilişlərdə insanlara ağıl verdiyinin şahidi oluruq.
Bu baxımdan, təbii ki, cəmiyyətimiz də artıq bundan çox narahatdır və məni narahat edən məqam odur ki, son dövrlər biz görürük ki, televiziya kanalları artıq TikTok-la mübarizə aparırlar və bir növ artıq televiziyalarımız "TikToklaşır". Bu, çox ciddi bir siqnaldır. Biz heç bir halda sosial şəbəkələrlə özümüzü müqayisə etməli deyilik. Çünki televiziyaların auditoriyası daha böyükdür, televiziyaya daha çox inam var və insanlar televiziyalardan daha ciddi məzmunlu verilişlər, daha maarifləndirici verilişlər və eyni zamanda cəmiyyətimizi narahat edən məsələlərin müzakirəsini gözləyirlər. Bu baxımdan da yaxşı olar ki, televiziya kanalları yalnız şou, ucuz reytinq dalınca deyil, insanları, cəmiyyəti maarifləndirən, cəmiyyəti düşündürən mövzularla bağlı da verilişlər hazırlasınlar. Təbii ki, televiziya kanallarında bayağı verilişlərin yayımlanması həm də Azərbaycan gənclərinin belə deyək, tərbiyələnməsi və eyni zamanda gənclərimizin maariflənməsinə pis təsir edir.
Bu baxımdan da mən təklif edirəm ki, ümumiyyətlə televiziya kanallarımızda bu kimi insanların şəxsi həyatı təhqir, böhtan, bir-birini aşağılamaq, alçaltmaq kimi verilişlərin qarşısı alınsın və cəmiyyətə daha faydalı verilişlər təqdim edilsin".

Media eksperti Fərid Şahbazlı da  qeyd edir ki, həm müvafiq qurumlar, həm də ictimaiyyət bu kimi halların qarşısının alınması üçün televiziyalar üzərində ciddi bir nəzarət mexanizmi yaratmalıdırlar:
"Əlbəttə, bu, biabırçılıqdır. Bu gün Azərbaycan televiziyalarında sosial proqramlar adı altında bir sıra hallarda tərbiyəsizliyin, əxlaqsızlığın təbliğ olunması, hətta nəinki tərbiyəsizlik, qanunla qadağan olunan digər xüsusiyyətlərin, məsələlərinin təbliğ olunması qətiyyən yolverilməzdir. Bu ekspert adı ilə təqdim olunan adamların, ümumiyyətlə televiziya ekranlarına dəvət olunan adamların özlərinin kimliyi, cəmiyyətdəki rolu, əhəmiyyəti araşdırılmalıdır. Özlərinin hansı biliyə, intellektual səviyyəyə sahib olduqları araşdırılmalıdır. Yəni bəzi hallarda biz televiziyalarda həmin dırnaqarası ekspert adlandırılan  şəxslər tərəfindən insanlara qarşı bullinq həyata keçirildiyinin, milyonlarla insanın qarşısında təhqir olunduğunun açıq şahidi oluruq və bu sosial proqram adı altında pərdələnməkdədir. Əlbəttə, bu da qəbulolunmazdır. Hesab edirəm ki, həm müvafiq qurumlar, həm ictimaiyyət televiziyalar üzərində ciddi bir nəzarət mexanizmi yaratmalıdırlar".

Röyalə Xəyal
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31