“Uşaqları qoruyaq, Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib - ÖZƏL

Cəbrayıl rayonununda İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbində 20 oktyabr - 20 noyabr "Uşaq Hüquqları aylığı" çərçivəsində "Uşaqları qoruyaq, Narkomaniyaya  yox deyək!" mövzusunda tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin, rayon Polis Şöbəsinin məsul əməkdaşları, Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin psixoloqları, tibb işçiləri, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. İcra Hakimiyyətindən "Olayar"a bildirilib ki, çıxış edənlər narkomaniyanın sağlamlıq üçün ciddi təhlükə yaratmağından, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən geniş söhbət açıblar. Ölkəmizdə narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu tədbirlərin həyata keçirildiyini nəzərə çatdıran natiqlər gənclərə bu bəladan uzaq olmalarını, təhsilə, idmana daha çox maraq göstərmələrini tövsiyə ediblər.
Çıxışlar zamanı həmçinin cəmiyyətin inkişafını ləngidən, insanların sağlamlığına və mənəviyyatına sarsıdıcı zərbə vuran narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə ölkəmizdə, rayonda kompleks tədbirlərin mütəmadi olaraq həyata keçirildiyi və təbliğat işlərinin genişləndirildiyi qeyd olunub. Sonda narkomaniyanın təhlükəli fəasadlarından bəhs edən videoçarx nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31