Qurban Yetirmişli: "Mən heç vaxt deməmişəm ki, zəlzələ olmayacaq" - MÜSAHİBƏ
20 Oktyabr 2023 11:34 SosialTürkiyədə baş verən zəlzələ hər kəsin yaddaşında qalan hadisə oldu. Bu hadisə insanlarda müxtəlif suallar yaratdı. Bizdə də insanlar təbii olaraq narahat olmağa başladılar. Ən çox narahat olanlar isə seysmoaktiv bölgələrdə yaşayanlardır. Yaşadığımız binanın tikintisinin keyfiyyətindən tutmuş ərazinin seysmik xəritəsinə qədər müxtəlif mövzuda suallar yaranır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli ilə bu sualların bir qismi ilə bağlı söhbətləşdik.
- Bəşəriyyət üçün 2023-cü il çoxlu sayda zəlzələlərlə yadda qaldı. Dünyanın sanki hər yerində seysmoaktivlik müşahidə olunur. Bu qədər seysmoaktivlik nə ilə bağlıdır və bu proses Azərbaycana nə dərəcədə təsir edir və ya edə bilər?
- İlin əvvəlindən bu yana dünya üzrə maqnitudası 5-dən yuxarı olan 90-dan çox yeraltı təkanlar olub. 5-dən yuxarı olan da güclü zəlzələdir, həm də maqnitudası 6-dan yuxarı olan 20-dən çox yeraltı təkanlar olub. Maqnituda və bal tamamilə başqa şeylərdir. Maqnituda ocaqda parçalanma gedəndə ayrılan enerjinin gücü ilə 1-dən 9-a qədər Rixter cədvəlilə qiymətləndirmədir. O da yerin dərinliyindən asılıdır ki, dərinlik nə qədər dayaz olsa, yer səthinə yaxın olsa, dağıntılar daha çox olur.
Azərbaycana baş verən zəlzələlər hamısı tektonik tipli zəlzələlərdir. Yəni tektonik qırılmalarla baş verən zəlzələlərdir. Bu nədir? Azərbaycan bir tərəfdən Avrasiya plitəsidir, bir tərəfdən Ərəbistan plitəsidir. Bunların ki hərəkətləri var, bunların təmasında onlar ayrı-ayrı bloklara parçalanır və o parçalanmalar ki var, yerin daxilində tektonik hərəkətlərlə müşahidə olunur. Hər bir blokun ayrıca hərəkətləri var. Yəni onların istiqaməti tərəfimizdən GPS vasitəsilə ölçmələr aparılır. Bizim apardığımız tədqiqatlar tək seysmoloji yox, həm də geofiziki, geokimyəvi və s. istiqamətlərdədir. Bunların nəticəsində də müəyyən etmək olur ki, aktiv zonalar hansılardır və hansı ərazilərdə zəlzələ baş vermə ehtimalı daha çoxdur. Bu da blokların hərəkətindən asılı olur ki, onların hərəkətləri də müxtəlif cür olur. Hamısı eyni deyil.
Ümumiyyətlə, hər bir əsrin əvvəli, sonu yerdə böyük canlanma gedir. Bu tək yerin daxilində yox, mən deyərdim, bəşəriyyəti ümumilikdə götürdükdə Günəş planetində planetlərin hərəkəti, Ayın hərəkəti, Günəş tutulması və s. burada qravitasiya sahəsinin rolu böyükdür. Bunlar hamısı bir-biri ilə əlaqədədir, orda tək yerin daxilində yox, yer üzündə də hadisələr baş verir. Eləcə də planetlərin paradı və s. kimi müəyyən məsələlərin də rolu var.
İlin əvvəlindən götürəndə, elə ən dəhşətli zəlzələ fevralın 4-də Türkiyənin Şərqi Anadolu qırılması boyu bir 500 km olan məsafədə, 10 milyon əhalinin yaşadığı ərazilərdə baş verdi və hardasa 50000-dən çox orada insan təlafatı olmuşdu. Bu da hamısı ondan baş verdi ki, zəlzələ səhərə yaxın, insanlar yuxuda olarkən baş vermişdi və onların evlərini tərk etmək şansı olmamışdı. Biz gedib orda tədqiqat apardıq. Orda keyfiyyətsiz binalar, tikintilər də çox idi, amma normal tikililər də var idi. Orda apardığımız tədqiqatların nəticəsi kimi onlara hesabat da verdik. AFAT-a bir neçə epizod göstərdik ki, burda binaların tikintisində müəyyən məsələlər nəzərə alınmayıb. Yəni, nə üçün aralarında uzağı 7 metr məsafə olub, yan-yana dayanan iki binadan birində dağıntılar, çökmələr var, digərində isə heç nə yoxdur? Sağlam binalarda sadəcə çatlar əmələ gəlib, demək olmaz ki, qəzalı vəziyyətdədir. O binalar tikilmədən öncə onun altında hansı ki, pozulmalar var, onlar nəzərə alınmayıb. Çünki mən orda göstərdim, deyirəm və demişəm də, hər bir bina o cür quruluşu mürəkkəb olan ərazilərdə tikilməmişdən öncə birinci tədqiqat aparmaq lazımdır və ondan sonra layihəçi öz konstruksiyasını elə qurmalıdır ki, ən güclü zəlzələ də olanda ona davamlılığı olsun, bina yerlə yeksan olmasın.
- Seysmologiya ilə bağlı kiçik bir araşdırma apardıqdan sonra bir nüans diqqətimi çəkdi. Azərbaycan SSRİ tərkibində olduğu müddətdə, Bakı seysmoloji zona sayılmırdı, lakin müstəqillik əldə etdikdən sonra Bakı seysmoloji zona hesab edilməklə yanaşı, hətta 9 bala qədər riskli zonaların mövcudluğu geoloqlar tərəfindən iddia olundu. Olduqca təzadlı məsələdir, bununla bağlı fikriniz maraqlıdır.
- Sovet vaxtı Azərbaycanda seysmologiya ayrıca bir qurum kimi yox idi. O vaxtlar müəyyən təşkilatların, institutların tərkibində yer alırdı. Çox az, 6-7 stansiyaları var idi ki, bu da onların böyütmə qabiliyyəti, parametrlər düzgün verilmirdi. Mən demirəm ki, o vaxt bacarmırdılar. O vaxt da bu sahələrdə güclü alimlərimiz olub. Sadəcə onların bugünkü kimi texnologiyaları, proqram təminatı, müasir avadanlıqlarla tədqiqatları aparılmayıb, bugünkü imkanları olmayıb. Ancaq bu günə baxanda, Allah ulu öndərə rəhmət eləsin, dənizdə 2000-ci il zəlzələsi ki oldu, Bakıda da hardasa 6-7 bala qədər hiss olunmuşdu, ondan sonra Azərbaycan üçün ilkin olaraq 14 dəst amerikan istehsalı olan Kinemetriksin ən müasir avadanlıqlarla təchiz olundu, sonradan təkmilləşdirildi. Biz bu gün bütün istiqamətlərdə tədqiqatlar aparırıq. Ancaq görürsən ki, ərazinin yüksək potensialı var. Məsələn, elə Abşeronu götürdükdə, onun qorxusu Xəzərdə olan zəlzələ ocaqlarından gəlir. Bir də görürdünki, Xəzərdə olan zəlzələni deyirdilər Abşeronda olub. İndi görürsən ki, bizim Abşeronda nə qədər stansiyalarımız var. Tək elə zəlzələ üçün deyil, digər məsələlər üçün də qoymuşuq, izləyirik. Abşeronda bir dənə zəlzələ ocağı yoxdur.
Sovet dövründə Azərbaycan 7-8 bal götürülmüşdü. Spitakda ki, 1987-ci ildə zəlzələ baş verdi, onu götürmüşdülər 7 ballıq zona. Amma o gəldi oldu 9 bal. Həmçinin də, Daşkənddə də eyni şey oldu. Ondan sonra Azərbaycanda da 1991-ci ildə, hələ SSRİ dağılmamışdı, hara ki 7 baldır, 8 bal etdilər, 8 balı da 9 etdilər. Amma 9 ballıq zonalar elə də qaldı. Yenə də görürsən ki, onların içərisində müxtəlifliklər var. İndi bizim öz xəritələrimiz var ki, əməkdaşlarımız tərəfindən tərtib olunub və orada hansı ərazilərdə zəlzələ baş vermə ehtimalları var, onlar qeyd olunub. Amma dediyim kimi, tikinti üçün həmin ərazini ayrıca tədqiq etmək lazımdır. Xəritə sadəcə ümumi fondur.
- Dünya seysmoloqları hesab edir ki, hər hansı bir yerdə baş verə biləcək iri təkanları riyazi hesablamalarla təxmin etmək mümkündür. Məsələn türk geoloqları artıq bir neçə müddət Kahramanmaraşda ciddi təkanların baş verəcəyi barədə bar-bar bağırırdı. Heç kəs əhəmiyyət vermədi və təəssüf ki, bu baş verdi. Geoloq Elçin Xəlilov da bunun əksini iddia etmir. Xatırlayırsız yəqin, Bakıda 2000-ci ildə baş vermiş zəlzələni... Xəlilov hadisədən bir müddət əvvəl baş verəcək təbii fəlakəti öz müsahibələrində bildirmişdi və onun hesablamalarına görə növbəti zəlzələ 2028, 2030-cu illərə təsadüf edə bilər. Bu məsələ ilə bağlı iki sualım olacaq: Bəlkə Azərbaycan da Türkiyənin aqibətini yaşamaması üçün geoloqlara qulaq verməlidir və təcili surətdə bununla bağlı bir komissiya yaratmalıdır? Digər sualım, sizcə yer qatında gedən proseslərlə və alqoritmlə bunu hesablamaq nə dərəcədə düzgündür?
- Mən heç vaxt deməmişəm ki, zəlzələ olmayacaq. Kim deyir? Zəlzələ zonasında zəlzələ olacaq da. Götürək elə, Kahramanmaraşdakı zəlzələdən sonra çoxları deyir ki, İstanbulda da zəlzələ olacaq. Mən etiraz etmirəm. Kahramanmaraşdakı zəlzələdən 8 ay keçib. 20 milyonluq İstanbul əhalisi çantasını götürüb zəlzələni harda gözləsin? Gəlin reallıqdan çıxış edək. Azərbaycanda kim deyir zəlzələ olmayacaq? Əlbəttə olacaq. Nə vaxt, harda, hansı gücdə olacaq, gəl bunu de görək. Bu qısamüddətli zəlzələdir. Dünyada nə qədər dəhşətli zəlzələlərin baş verdiyi ölkələr var. Onların hansı birində deyildi ki, filan yerdə, saatda zəlzələ baş verəcək? Dediyim kimi, biz 2000-ci ilin noyabrında baş verən zəlzələ üçün aprelin 27-də zəlzələlərin proqnozu üçün komissiya yazdıq ki, Xəzərdə maqnitudası 5-dən yuxarı güclü zəlzələ gözlənilir. Neçə dəfə çağırıb soruşdular, nə bilək nə vaxt olacaq? Bu saat desəm ki, sabah Bakıda və ya hər hansısa bir rayonda zəlzələ olacaq, nə ola bilər? Yapon alimi qeyd edir ki, bəşər qarşısında 2 böyük problem var. Birinci problem odur ki, zəlzələnin dəqiq proqnozunu vermək. Ondan dəhşətli və çətini odur ki, onu əhaliyə necə çatdırmaq. Söhbət balaca bir kənddən getmir. Bu xəbər dəqiqləşdirilmədən verilsə, əhali arasında dəhşətli təşviş yaranar. Axı biz nə vaxt olacağını bilmirik. Apreldə proqnoz verildi, zəlzələ noyabrda oldu, amma digər aylarda da ola bilərdi. Ona görə nə etmək lazımdır? Söhbət ondan getmir ki, əhalini evdə saxla və onu heç nədən xəbərdar eləmə. Sadəcə öncədən tədbirlər alınmalıdır ki, binalar zəlzələyə davam gətirə bilsin, risk minimuma ensin, təlafat az olsun.
Yadınıza gəlir, iyulun 4-ü Xəzərdə zəlzələ oldu, hamı küçələrə çıxmışdı. 3 televiziyaya açıqlama verib əhaliyə müraciət elədim ki, keçin öz evinizə, rahat istirahət edin. Mən fala baxmıram ki, bunu niyə dedim? Həmin müddət orda baş verən zəlzələnin bütün parametrlərini araşdırdıq ki, parçalanma neçə km-dir, nə qədər enerji ayrılıb, onun sahəsi nə qədərdir və orada nə qədər enerji qalıb. Bu elmdir. Yüngül təkanlar olacaq, ola bilsin, içində hiss olunanı da olacaq, olmalıdır da. Amma qorxulu bir şey deyil. Bunu boşuna demirik ki, adi götürək, 16 oktyabr səhər saat 09:00-dan, 17-si 09:00-a qədər 41 yeraltı təkan olub, biri də hiss olunmayıb. Məsələ burasındadır.
- 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ 9 ballıq hesab olunur. XII əsrdə zəlzənin gücünü kim hesabladı, kim bu qənaətə gəldi? Evlər palçıqdan, təzəkdən tikilib dağıldığına görə bəlkə dağıdıcı hesab olunub və 9 ballıq gücləq müəyyənləşdirilib, amma realda bəlkə 6 və ya 7 bal olub? Və ya gəlin sualı belə verim, o zaman seysmologiya bu qədər inkişaf etmişdimi ki, dəqiqliklə neçə bal gücündə olduğu təyin olunsun?
- Ümiyyətlə, ballıq 1964-cü ildə 12 ballıq şkala ilə tərtib olunub. Siz düz deyirsiniz. Amma biz həmişə bu ballıq şkalanı normal tikililər üçün götürmüşük. Yoxsa ki, elə-belə çay daşından, çiy kərpicdən tikilən tikililərə o balı verə bilmərik axı. Biz onu normal tikililər üçün götürürük. O vaxtlar normal məscidlər tikirdilər ki, indiyə kimi onlar möhkəm qalıb. Yer üzündəki yarğanlar hesablanırdı, ballıq bununla müəyyən olunur. Amma Rixter isə ocaqda baş verən ayrılan enerjinin gücü ilə hesablanır. Onlar tamamilə fərqli şeylərdir.
- Belə bir fikir var: Xəzər dənizindən daima neft və qaz çıxarıldığına görə, yer səthində yığılmış enerji kütləsi boşalır və bu da baş verə biləcək güclü təkanların qarşısını bir qədər alır. Bu fikrin bir elmi əsası varmı?
- Yox, mən elə deməzdim. Çünki birincisi, nə qədər ki, o layların arasından neftlər çıxarılır, o neftlər həmin laya flütlər vururlar. İkincisi, orda aşağı lay ki var, o balansı normallaşdırır. Xəzər dənizində zəlzələ ocaqları ən dərin zəlzələ ocaqlarıdır, 50-60 km. Neft hardan çıxdı? 5-6 km dərinlikdən. Onda bütün Azərbaycan elə 8-9 ballıq zonadır. Zaqatalada neft çıxır? Bunların bir-biri ilə heç bir əlaqəsi yoxdur.
- Sizcə, nə zamansa seysmologiya elmi baş verə biləcək zəlzələləri öncədən dəqiqiliklə proqnozlaşdıra biləcək, yoxsa elm təbiət qarşısında hər zaman aciz qalacaq?
- Zəlzələ tək xırda təkanlarla olmur. Burada digər parametrlər var, blokların hərəkəti, sürəti və s. kimi parametrlər var. Bütün istiqamətlərdə arşdırmalar aparılır və biz onları analiz edərək təxmini zəlzələnin baş verəcəyini öyrənirik. Lakin proqnoz veriləndən nə qədər müddət sonra zəlzələnin baş verəcəyi dəqiq bilinmir. Mən deyə bilmərəm, seysmologiya o qədər inkişaf edə biləcək, ya yox. O mənada ki, hər şey nəzəriyyə üzərində qurulmayıb ki. O nəzəriyyə praktikada özünü göstərməsə, üstündən xətt çək. Niyə bu proqnozu vermək mümkün deyil? Çünki bu hadisə yerin 10-30 km dərinliyində gedir. Təsəvvür edin, laylar arasında gərginlik bir ucdan başladı, digər ucuna qədər xırda-xırda zəif təkanlarla enerji boşalması getdi. 1-2 xırda zəlzələ oldu və heç kim hiss etmədi. Boş yerə əhalini niyə təşvişə verək? O, saniyələr içərisində gedən bir hadisədir və elm də bu təbiət hadisəsi qarşısında hər zaman acizdir.
Röyalə Xəyal