Vaxtından əvvəl doğuş təhlükəsi - ÖZƏL

Mütəxəssis: "Belə təhlükəsi olan hər bir qadın zaman itirmədən həkimə müraciət etməlidir"
 "Hamiləlik zamanı baş verə biləcək ağırlaşmaların qarşısını almağın yeganə yolu antenatal (hamiləlik dövrü) dövrdə həkim nəzarətində olmaqdır. Hamiləliyi planlayan və hamilə olan qadınlara demək istərdim ki, hamilə olduqlarını öyrəndikləri ilk gündən yaşadıqları ərazi üzrə qadın məsləhətxanasına müraciət etsinlər. Çünki bu halda həkim tərəfindən risk qrupları təyin edilir, lazımi profilaktik tədbirlər görülür. Vaxtından əvvəl doğuş təhlükəsi olan hər bir qadın zaman itirmədən həkimə müraciət edərsə, bu kimi ağırlaşmaların qarşısını zamanında almaq mümkündür." "Olaylar" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri Zinyət Muradova deyib. Bildirib ki, hamiləlik zamanı meydana çıxan ağırlaşma hallarının biri də hamiləliyin hipertenziv vəziyyətləridir: "Hipertenziv vəziyyətlər dedikdə hamiləliyə qədər mövcud olan xroniki hipertenziya və hamiləliyin 20-ci həftəsindən sonra arterial təzyiqin yüksəlməsi, yəni hestasion hipertenziya, ana və dölün həyatı üçün hər hansı bir təhlükə yarada biləcək preeklampsiya və eklampsiya nəzərdə tutulur. Xroniki hipertenziya dedikdə qadında ayrı-ayrı xəstəliklər nəticəsində yaranan vəziyyət başa düşülür. Əgər arterial təzyiqin yüksəlməsi hamiləliyin 20-ci həftəsindən sonra başlayarsa, bu patologiya sırf hamiləliyin fəsadı kimi qiymətləndirilir. Preeklampsiyanın yayılma tezliyi 5-7 % təşkil edir. Preeklampsiya poliorqan çatışmazlığına səbəb olaraq böyrəkləri, qaraciyəri, baş beyini, qanın laxtalanma sistemini zədələmiş olur. Eyni zamanda, dölün ana bətnində inkişafının ləngiməsinə səbəb ola bilər. Eklampsiya isə preeklampsiyanın ağırlaşan forması olaraq beyin pozğunluqları əlamətləri ilə özünü büruzə verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31