Çimərlik yarış meydançası deyil
11 Avqust 2023 11:31 Sosialİqlim dəyişikliyinə bağlı olaraq qeyri-sabit keçən hava şəraiti dəniz üçün çox zaman uyğun olmur. Vətəndaşlar isə küləkli hava şəraitini nəzərə almayaraq, çimərliyə üz tutmağa davam edirlər. Bütün bu riskləri nəzərə alaraq, həyatımız üçün təhlükəni minimuma endirmək üçün hansə tədbirləri almalıyıq?Təhlükəsizlik eksperti Elmar Nurəliyev "OLAYLAR"-ın suallarını cavablandırıb:

-Elmar bəy, Xəzərdə baş verən boğulma hallarının ortaq cəhətləri hansılardır?
-Dənizdə boğulma hallarının statistikasına baxanda görürük ki, böyük faizi əlverişsiz hava şəraitində çimərliyə gedənlərə düşür. Əlverişsiz hava şəraitində çimərliyə getməmək lazımdır. Əlverişsiz hava şəraiti dedikdə həm küləyin sürəti, həm də dənizin dalğası nəzərə alınmalıdır. Küləyin sürəti saatda 10-12 metri keçərsə, dalğanın gücü 3 baldan artıq olarsa, təhlükəli hesab olunur. Havanın buludlu, günün qaranlıq saatları da təhlükəli hesab olunur. Ümumiyyətlə, çimərliyə sərinləmək, istirahət etmək üçüm getmək lazımdır. Planlı şəkildə yola çıxılmalıdır. Hava şəraiti nəzərə alınmalı, cangüdənli, doğru çimərlik seçilməlidir. Qeyri-çimərlik ərazisindən çəkinmək boğulma təhlükəsini minimuma endirir. Təəssüf ki, vətəndaşlar çox zaman əlverişsiz hava şəraitində qeyri-çimərlik ərazisinə yollanır, spirtli içki qəbul edib, saatlarla suda qalır. Suda maksimum 30-40 dəqiqə qalmaq lazımdır. Daha sonra çıxıb istirahət etmək mütləqdir. Çimərliyi yarış meydançasına çevirmək olmaz. Kim daha çox dərinə üzə bilər, suda qala bilər və ya hündürdən tullana bilər kimi yarışlardan qaçınmaq lazımdır. Hər biri boğulma təhlükəsini artıran amillərdir.
-Hansı ərazilərdə çimmək daha təhlükəsiz hesab olunur?
-Qeyri-çimərlik ərazilərdə çimmək təhlükəlidir. Həmin ərazilər dedikdə qayalıq, çimmək üçün uyğun olmayan ərazilər nəzərdə tutulur. Bunlarla birlikdə əlverişsiz hava şəraiti olduqda batmaq riski artır. Bu ərazilərdə çimərlik mövsümü başlamazdan əvvəl müvafiq qurumlar tərəfindən sudan nümunələr götürülür, sualtı baxışlar keçirilir. Suyun dibinin relyefi, yarğanları, axınları nəzərə alındıqdan sonra həmin ərazidə çimmək qadağan edilir. Sualtı axınlarının olması, yarğanlar üzməyi təhlükəli edən amillərdir. Vətəndaşlar hansı çimərliyə rəsmi şəkildə icazə verilibsə, oraya getməlidir. Həmin ərazilərdə xilasedicilər də olur. Bunu da deməliyəm ki, xilasedicilərin olduğu ərazilərdə bir nəfərin belə boğulması halı qeydə alınmayıb. Bu da onu göstərir ki, xilasedicilərin olduğu yerdə boğulmaq təhlükəsi minimuma enir. Xilasedicilərin olmadığı yerlərdə çoxlu sayda boğulma və ölüm halı qeydə alınır.
Çimərliklərdə xilasetmə xidməti FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilir.
Çimərlikdə spirtli içki qəbul etmək və daha sonra suya girmək yolverilməzdir. Üzmə sərhədlərini müəyyən edən nişanları keçmək yolverilməzdir. Sahilə paralel üzmək mütləqdir. Üzmə sərhədlərinin olduğu yerə qədər üzüb, daha sonra sahilə paralel üzmək lazımdır. Bu qaydalara riayət etmək təhlükədən qorunmaq deməkdir.
- Xilasedicilər dənizkənarı ərazinin rəhbərliyi tərəfindən təşkil edilir? Yoxsa xilasedicinin olması məcburidir?
-Çimərlik operatorları tərəfindən çimərliyin təşkil olunması qaydaları müəyyən edilib. Sahibkarlıq ilə məşğul olan şəxslər çimərliyi norma və standartlara uyğun şəkildə təşkil etməlidirlər. Çimərliyin sahəsinə görə xilasedicilərin sayı müəyyən edilir. Ərazi böyükdürsə, müşahidə qülləsi qurulur, tibbi xidmət qoyulur. Ərazidə həm də sanitar normalara riayət olunmalıdır. Hər 50 nəfər üçün nəzərdə tutulan soyunub-geyinmə otaqları olmalı, dəniz sahilindən 50 metr uzaq məsafədə yerləşməlidir. Hər 50 nəfər üçün 1 zibil qutusu qoyulmalı, sahildən ən az 100 metr uzaqlıqda olmalıdır. Hər gün ərazi təmizlənməlidir. Ümumi istifadə olunan qurğular hər gün dezinfeksiya edilməlidir. Bunlar sahibkarların üzərində olan vəzifələrdir.
Xilasetmə xidmətini kababçı, ofisiant yox, sadəcə xilasetmə işi ilə məşğul olan şəxs həyata keçirməlidir. Onlar, lisenziyalı və sertifikasiyası olan şəxslər olmalıdır. Hansı ki, onlar xüsusi təlim alırlar.
Belə olarsa, qayda pozuntusunun qarşısı vaxtında alınır.
-İnsanlara açıq (ödənişsiz) ərazilərdə gigiyena qaydalarına nə üçün əməl olunmur? Onları bu baxımdan hansı təhlükələr gözləyir?
-Çimərliyə gedən vətəndaşlar özləri də sanitar normalara əməl etməlidir. Gigiyena qaydalarına əməl edilməzsə, həm özləri, həm də başqaları üçün təhlükəli vəziyyət yaranacaq. Çünki, söhbət insanların həyat sağlamlığından gedir. Çimərliyə girdikdən sonra mütləq duş qəbul etmək lazımdır. Özümüzlə aparılan dəsmal, ayaq geyimi, baş geyimi kimi vasitələrə diqqət etmək lazımdır. Hər birindən iki dəst olmalıdır.
-Dənizdə çimmək üçün valideynlər hansı yaşdan sonra övladlarına icazə verməlidirlər?
-Mövzu ilə bağlı valideynlərə də böyük yük düşür. Mütləq azyaşlılar valideyn nəzarəti altında olmalıdır. Bəzən uşaqlar çox dayaz hissədə belə boğula bilir. Ancaq, nə valideynin, nə də ətrafdakıların diqqətini çəkmir. Hətta yetişkin insanın belə 70-80 santımetrdə boğulma hadisəsinə rast gəlinib. Həmin şəxs suda uzun müddət oturub, günəş beyin fəaliyyətinə təsir edib, nəticədə boğularaq dünyasını dəyişib. Ona görə də lazımsız hərəkətlər etmək olmaz. Həm özünü, həm də kənar şəxslərin həyatına qarşı diqqətli olmaq lazımdır. Dəfələrlə valideynin uşağa qarşı laqeyd olması halı ilə üzləşmişik. Spirtli içki qəbul edir, telefon baxır bir də ayılır ki, uşaq yoxdur.
-Şəxsi fikrinizcə, nə üçüm boğulanların əksəriyyəti gənc kişilər olur?
-Boğulma hallarının statistikasına baxdıqda 30 yaşa qədər olan şəxslərin üstünlük təşkil etdiyini görürük. Bu da onu göstərir ki, həmin yaşa qədər insanlar daha çılğın, nəzarətsiz və dərin yerdə üzməyi sevirlər. Bu da sonda bədbəxt hadisəni qaçınılmaz edir. Su səhvi bağışlamır. Hətta, üzmə qabiliyyəti olan şəxs belə boğulma təhlükəsi ilə üzləşə bilər. Təkcə dənizlərdə yox, su hovuzları, çaylar, göllər və.s də də boğulma halları olur. Hər il dünya statistikasına əsasən 370 min insan suda boğularaq həyatını itirir.
Əfsanə Kamal