Xərçəng xəstələrinə necə kömək etməli?

Xərçəng insan sağlamlığına və həyatına ciddi təsir göstərən xroniki bir xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının 2018-ci ildə xərçəng xəstəliyinə dair qiymətləndirməsinə görə, bu, dünyada 9,6 milyon insanın ölümünə səbəb olan ilk xəstəlikdir. Ölkəmizdə qeydiyyatda olan xərçəng xəstələrindən 400-dən çoxu uşaqdır. Ötən il yenitörəmələrdən ölən 0-17 yaşda uşaqların sayı 105 nəfər təşkil edib.
Xərçəng təkcə insanın özünü deyil, ailəsinə və ətraf mühitinə də təsir edən fiziki və emosional xəstəlikdir. Xərçəng olduğunu öyrənən insan böhran olaraq təyin oluna biləcək bir vəziyyətlə qarşılaşır. Bu zaman insan ciddi müalicə qərarları verərkən xəstəliyə və prosesə uyğunlaşmaq üçün stress səviyyəsini idarə etməyə çalışır.
Psixoloq Ülkər Məmmədli bildirir ki, xəstənin streslə mübarizə aparması xəstəliyin əlamətləri, növü, müddəti, yeri, xəstəliyin gedişatı, əvvəlki xəstəliklərə uyğunlaşma qabiliyyəti, xəstənin reabilitasiya qabiliyyəti, şəxsiyyəti və problemlərin öhdəsindən gəlmək üsulları, mədəni və dini münasibət, xəstənin ətrafında emosional dəstəyin olması, səhiyyə mütəxəssislərinin təsirindən asılıdır:
"Xərçəngdə psixiatrik xəstələnmə 90%, xərçəngöncəsi şəxsiyyət və ya narahatlıq pozğunluqları isə 10%-dir. Diaqnozdan sonra inkişaf edən psixiatrik əlamətlər xəstəliyin gedişatına, şiddətinə, xəstənin həyat keyfiyyətinə, müalicəyə cavab və uyğunluğa təsir göstərə bilər. Xərçəng xəstəliyində prosesin öhdəsindən gəlmək üçün xəstələr və onların yaxınlarına psixososial dəstək və müdaxilələr vacibdir. Bu işdə psixi sağlamlıq mütəxəssislərini və xərçəng xəstələri ilə işləyən həkimləri psixososial reaksiyalar, psixiatrik problemlər, psixososial onkologiyanın əhəmiyyəti və psixo-onkologiyanın müalicəyə təsiri haqqında məlumatlandırmaq vacibdir.
Xərçəng diaqnozu qoyulmuş və ya xərçəng diaqnozu qoyulma ehtimalı olan xəstələr, çox güman ki, mənfi emosiyalar və düşüncələrə düşəcəklər. Xərçəng diaqnozu qoyulan şəxs sağlam həyatdan xəstəlik və ölüm təhlükəsinə keçəcəyi üçün insanın psixoloji tarazlığı pozula bilər.
Alimlər fərdlərin psixoloji təcrübəsini müalicə, remissiya, relaps və terminal dövrlərə görə beş mərhələyə ayırırlar. Bunlar inkar, qəzəb, sövdələşmə, depressiya və qəbul mərhələləridir. İnkar şokdan sonra ortaya çıxan və insanın yaşadığına dözməkdə çətinlik çəkdiyi vəziyyətlərdə inkişaf edən müdafiə mexanizmidir. Bu prosesdə xəstəyə vaxt vermək, sosial dəstəyi artırmaq, müalicə haqqında məlumatlandırmaq vacibdir.
İnkar mərhələsindən sonra yerini qəzəb tutur. Bu mərhələdə insan "niyə mən" sualına cavab axtarır. Xəstə qəzəbini ifadə edə bilmirsə, bu, insanı depressiyaya sürükləyə bilər.
"Alış-veriş" dövrü insanın öz daxilində bir növ razılığa gəldiyi zamandır. Sövdələşmə mərhələsi fərdin mübarizə üsullarının öyrənildiyi mərhələdir. Depressiya mərhələsində isə xəstə bədənindəki dəyişikliklərə, orqan itkilərinə və ya digər iqtisadi itkilərə görə keçmişə yas tutur və bu da insanın depressiyaya düşməsinə səbəb ola bilir. Həqiqəti qəbul edən xəstə yeni həyatına uyğunlaşmaq üçün enerjisini və mənəvi gücünü ortaya qoyur. İnsan xəstəliyi ilə birlikdə yeni kimliyini mənimsəməyə başlayır. Bu dövrlə birlikdə insan təhlükəsizlik və tarazlıq axtarışında bütün həyatını və varlığını yenidən şərh etməyə başlayır. Bu mərhələlər hər bir xəstədə fərqli ola bilər. Qəbul mərhələsində müalicə prosesi və xəstəliyin sağalması ilə bağlı ümid yarana bilər. Xəstə ümid haqqında danışmırsa, bu, adətən qaçılmaz ölümün vacib müəyyənedici amilidir. Burada onkoloji reabilitasiya qrupunun xəstənin ümidini saxlamasına kömək etməsi böyük əhəmiyyət kəsb edir.
Xərçəng xəstələri diaqnozdan əvvəl, müalicədən sonra, xəstəliyin irəliləməsi və terminal dövrlərdə emosional, psixoloji və davranış reaksiyaları inkişaf etdirir. Bu reaksiyaların bəziləri uyğunluq üçündür.
Bu dövrdə fərdi reabilitasiya proqramları diaqnoz mərhələsindən palliativ dövrədək xəstəliklə bağlı bütün prosesləri əhatə edir. Onkoloji reabilitasiya qrupu həkimlər, xəstələr, tibb bacıları, psixoloqlar, fizioterapevtlər, dietoloqlar, sosial işçilər və baxıcılar tərəfindən həyata keçirilir və xəstəliyin diaqnozu, müalicəsi və gedişatına uyğun formalaşdırılır. Reabilitasiya proqramları xərçəng xəstələrinin fiziki, fizioloji, psixoloji və koqnitiv rifahını artırmaq məqsədi daşıyan fərdi planlı xərçəng müalicəsində mühüm addımdır. Diaqnoz mərhələsində xəstə şok, inamsızlıq, qismən inkar, qəzəb, üsyan, kədər, qorxu, narahatlıq, ittiham emosiyaları və depressiv temperament şəklində normal uyğunlaşmaya reaksiyalar göstərə bilər. Bu səbəbdən xəstənin psixoloji vəziyətinə uyğun olaraq insanın ilkin hazırlığı, emosional və sosial dəstək elementlərinin təmin edilməsi, səhiyyə komandası üzvlərinin münasibət və yanaşmaları xəstənin xərçəng diaqnozuna uyğunlaşma prosesində təsirli olur.
Müalicə mərhələsində xərçəng xəstəliyinin növünə görə cərrahiyyə, kimyaterapiya, radioterapiya kimi bir çox müayinə və müalicə üsulları ön plana çıxır. Müalicə mərhələsində ictimai həyat, fəaliyyət, iş həyatı, cinsi həyat kimi bir çox mövzularla əlaqələr kəsilə bilər. Bu dövrdə xəstələrdə depressiya halları artır.
Müalicədən sonrakı mərhələdə müalicə nəticəsində şiş tamamilə məhv olarsa və ya şiş yaxından izlənilməzsə, xəstədə xəstəliyin təkrarlanması qorxusu və buna uyğun olaraq bir sıra problemlər yarana bilər. Buna görə də bədəninə qarşı həssaslıq inkişaf etdirərək, hər dəyişikliyi xəstəliyinə bağlı bir simptom olaraq şərh edə bilər. Hər bir nəzarət və müayinə dövründə xəstəliyin təkrarlanması qorxusundan gözlənilən narahatlıq yarana bilər.
Həyatda hər kəs üçün yeganə sabit həqiqət olan ölüm xərçəng xəstələri üçün çox daha yaxındır. Bu mərhələdə xəstələrin üç vəziyyəti var: ağrı, təklik və təcrid. Ölümcül xəstəliklər hər bir xəstədə fərqli psixoloji reaksiyalara səbəb olur. Ümumiyyətlə, bayaq da qeyd etdiyim kimi, ən çox görülən psixoloji reaksiyalar inkar, qəzəb, narahatlıq, depressiya, aqressiv müqavimət, proyeksiya, patoloji asılılıq, reqressiya və günahkarlıqdır. Bu dövrdə xəstələr daha çox ağrı və digər simptomlardan xilas olurlar. Xəstənin qalan vaxtını mümkün qədər keyfiyyətli keçirməsi üçün xəstəyə psixi və fiziki dəstək verilməlidir".
Bəs xərçəng xəstələrində hansı psixoloji xəstəliklər müşahidə olunur?
Psixoloq bildirir ki, xərçəng emosional, koqnitiv və davranış reaksiyaları ilə yanaşı psixiatrik pozğunluqlara da səbəb olan mühüm bir xəstəlikdir:
"Araşdırmalar xərçəng xəstələrinin 28,7%-nin psixiatrik pozğunluqları olduğunu göstərir. Ən çox görülən psixiatrik problemlər anksiyete pozğunluqları və böyük depressiyalardır. Tənzimlənmə pozğunluğu və böyük depressiya xərçəng xəstələrində nəzərə alınmalı olan şərtlərdir. Bu vəziyyət xərçəngin gedişatına, xəstəliyin şiddətinə, özünə qayğıya, həyat keyfiyyətinə, müalicəyə riayət edilməsinə və müalicəyə reaksiyasına təsir göstərir. Ona görə də unutmaq olmaz ki, xəstənin yeni vəziyyətə uyğunlaşmasını asanlaşdırmaq, xəstəni başa düşmək, psixoloji problemləri yaradan amilləri müəyyən etmək üçün tibbi müalicə ilə yanaşı psixososial dəstəyə də ehtiyac var.
Xərçəng xəstələrində ən çox rast gəlinən psixopatoloji ağır depressiyadır. Şişin növündən asılı olaraq sağ qalma vəziyyəti ilə xəstənin depressiyası (süd vəzi, yumurtalıq xərçəngi və s.) arasında sıx əlaqə olduğu müəyyən edilmişdir. Depressiyadan əziyyət çəkən insanların yuxu problemi də olur.
Depressiyada olan insanlar çox vaxt hər şeyi mənfi qiymətləndirirlər. Ona görə də keçmiş və gələcəklə bağlı bədbin fikirlər intensiv olur. Gələcəklə bağlı inancları da mənfi və pessimist olduğundan, çarəsizlik düşüncələri ilə birlikdə həyatın mənasız olduğunu düşünərək depressiyaya düşə bilirlər. Bu vəziyyət insanın gündəlik həyatında, insan münasibətlərində, özəl və iş həyatında funksiya və performansının azalmasına səbəb ola bilər. Xəstəyə depressiya diaqnozunun qoyulması üçün bu simptomlar ən azı iki həftə davam etməlidir. Depressiya və hücumlar hər bir insanda fərqli şiddətdə ola bilər. Semptomların sayı, növü və intensivliyi depressiyanın şiddətini müəyyən edir. Xroniki depressiya haqqında danışa bilmək üçün əsas depressiya meyarlarına 2 il və ya daha uzun müddət cavab vermək lazımdır. Depressiyanın tezliyi hər bir xəstədə dəyişir. Kimyaterapevtik vasitələrin depressiv simptomları və yan təsirləri oxşar simptomlara səbəb olduğundan, xəstəlik və müalicə ilə bağlı simptomları ayırd etmək lazımdır. Xərçəng xəstələrində depressiv pozğunluq üçün əsas risk faktorları psixiatrik pozğunluqlar, diaqnoz zamanı emosional stress, qeyri-adekvat sosial dəstək, pis fiziki vəziyyət, aşağı özünəinam və ya qohum itkisidir. Digər risk faktorları arasında ağrının öhdəsindən gələ bilməmək, müşayiət olunan fiziki xəstəliklər, alkoqol asılılığı və depressiyaya səbəb olan kemoterapi dərmanlarının istifadəsi daxildir. Xərçəng xəstələrində depressiya xəstəliyə normal reaksiya deyil və müalicə edilməlidir. Müalicələrə farmakoloji müalicələr, psixososial müdaxilə, psixoterapiya və alternativ müalicələr daxil ola bilər. Dəstək qrupları fərdi məsləhət, psixotəhsil, qrup terapiyası, koqnitiv davranış terapiyası şəklində ola bilər".
Bilindiyi kimi, xərçəng dünyada və ölkəmizdə ölümlə nəticələnən ağır xəstəlikdir. Bu səbəblə, bir çox araşdırmada xərçəng xəstələrində narahatlıq, depressiya və uyğunlaşma pozğunluqları kimi psixiatrik pozğunluqların çox yaygın olduğu ifadə edilmişdir. Onkoloji reabilitasiya qrupu həkim, psixoloq, məsləhətçi, sosial dəstək mütəxəssisi (sosial işçi), dietoloq, fizioterapevtdən ibarətdir. Mütəxəssislər bildirir ki, xərçəng xəstələrinə tibbi müalicələrlə yanaşı, onkoloji reabilitasiya çərçivəsində psixososial dəstəyin təmin edilməsi və davam etdirilməsi vacibdir. Xərçəng xəstəsinə sosial dəstəyin göstərilməsi xəstəliyə uyğunlaşmanı asanlaşdıracağı üçün xəstəliyin müalicəsinə və prosesinə müsbət təsir göstərir. Bu prosesdə xəstə yaxınlarının məlumatlandırılması və iştirakı da xərçəng xəstələrini motivasiya edir.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31