Saxta brendləri dövriyyədən necə çıxarmaq olar?

"Made in Azerbaijan" brendi dünyada tanıdılmalıdır

Yəqin ki, heç kimin yadından çıxmayıb. 2019-cu ildə "Lady Sharm" mağazalar şəbəkəsinin rəhbərləri həbs olunmuşdu.  Mağazada  iqtisadi cinayətkarlıqla yanaşı qanunazidd əməllərlə məşğul olan cinayətkar şəbəkə  aşkar edilmişdi. Nə imiş bu şəbəkənin əməlləri? Sən demə Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri "Lady Sharm"ın gizli sexlərində dəyişdirilirmiş. Həmin paltarlara "Chanel", "Fendi", "Dolce & Gabbana", "Valentino", "Chiristian Dior" , "İtterre" və digər dünyaca məhşur brendlərin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilirmiş. Bu,  azmış kimi şirkətin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta "Made in Turkey" və "Made in Italy" nişanları tikilirmiş. Bütün bu saxtakarlıqlardan xəbəri olmayan alıcılar cinayətin üstü açılandan sonra bildilər ki, şirkət onların cibinə çox asanlıqla giribmiş.

Aradan beş il keçib. Amma dəyişən heç nə yoxdu.  İndi də başqaları bu işlə məşğul olur. Düşünmək olardı ki, "Lady Sharm"ın aqibəti digər işbazlara dərs olar. Ticarətdəki oxşar qanunsuzluğa son qoyular. Necə deyərlər "gözü çıxan qardaşdan öyrənmək" əvəzinə onun yolu ilə getməyin bir faydası olmayacağını anlamayacaq qədər oğruların daha da artacağına inanmazdıq. Amma düşünmək və inanmaqla  görmək arasında elə də böyük bir məsafə yoxmuş.  "Lady Sharm" yolunun davamçılarına hər gün  rast gəlirik. Formaca ayrı olsa da mahiyyəti eyni olan fırıldaqlar böyük alış-veriş mərkəzlərindən tutmuş, xırda butiklərə, dükanlara qədər ayaq açıb.

Bakının çox yerində  görmək olar: "Nə alırsan al - 5 azn", "Nə alırsan al -10 azn", "2 alsan biri hədiyyə", "Şok endirim"  sözləri yazılmış  lövhələr mağazaların vitrinlərini bəzəyir. Endirim kampaniyası, xüsusuilə də 70 faizlik endirim çox cazibəlidi, insanı istər-istəməz özünə çəkir. Kasıb adam isə bu cazibənin içində özünü elə xoşbəxt hiss edir ki,  sonradan aldığı malın saxta olduğunu görəndə xoşbəxtliyinin üstünə buz kimi su çilənir.  Baxır ki, xoşbəxtlik eyforiyası onun cibinə əməlli-başlı zərbə vurub. Aldığı paltarların keyfiyyəti  nəinki 10 manata, heç 10 qəpiyə də dəyməz. Amma nə sirri-xudadırsa, nə bu lövhələri çıxaran olur, nə də saxta brendlərin torundan çıxanlar.  Halbuki  "Nə alırsan al - 5 azn", "Nə alırsan al -10 azn", "2 alsan biri hədiyyə", "Şok endirim" kimi  çağırış lövhələrinin özü brendlərin saxta olmasına işarə vurur.   "Benetton", "Colins", "LTB", "Sisley", "Giordano", "Puma", "Nike", "Stefano Ricci", "Lacoste", "Boss", "Patrick Helman", "Pierre Cardin" kimi  dünyaca məşhur brendlərin  adını daşıyan malların 5-10 manata satılması maraq doğurduğu qədər də təəccüblüdür.  Bu, necə ola bilər, axı?  Deyək ki, sahibkar, ya da satıcı bu fırıldağa əl atır, alıcıları  tora salırlar. Deyək ki, ticarət adamları "Lady Sharm"ın başbilənlərinin həbsxana həyatını anlamırlar. Çünki pulları çoxdu. Çox pul çox şeyi anlamağa imkan  vermir, gözü kor, qulağı kar edir. Bəs, alıcılar niyə tora düşürlər? Onlar bu qədərmi sadəlövhdürlər ki, yaxşını-pisdən ayıra bilmirlər?  Yox, əlbəttə. Sadəcə, alış-veriş edərkən alıcılar malın keyfiyyətinə baxmırlar. Onları  malın üstündəki  məşhur brendlərin etiketi maraqlandırır ki,  "desinlər xaçaturun da xançalı var".  Məhz buna görə də mağazalarda saxta brendlər olduqca ucuz qiymətə satılır. Lakin alıcıların ixtiyarı var ki, satılan malın sənədinə baxsınlar. Bu zaman onlar endirimin həqiqətə uyğun olub-olmadığını başa düşə bilərlər.

Belə halları  bəzi sahibkarlar özlərindən uzaqlaşdıraraq günahı məhz  həmin brendin boynuna qoymağa çalışırlar. Sözlərindən belə çıxır ki, guya həmin  malın saxtası Azərbaycanda yox, istehsalçı brendlərin  öz  fabriklərdən yararsız olaraq satışa çıxarılır. Yəni bu saxta dediyimiz brendi də məhz məşhur brendlərin fabrikləri istehsal edir. Sadəcə, bunlar fabriklərdə düzgün tikilməyən mallardır. Bizim işbazlar da o malları ucuz qiymətə alıb baha qiymətə satırlar. Belə çııxır ki, Bakı mağazalarının əksəriyyətində  satılanlar dünyaca məşhur brendlərin yararsız mallarıdır. Bəlkə doğrudu, bəlkə də yalan. Üzeyir bəyin təbirincə, desək "günahı Sərvərin boynuna". Amma doğru olan odur ki, belə saxta brendlər insanda allergiya yaradır. Saxta malların keyfiyyətini düşünməyib alanlar bu azara tuş gələ bilirlər. Əsas odur ki, yaxşı görünsün, başqasından  geri qalmasın, dəbə uyğun  məşhur brend olsun  deyə pul xərcləyəndə qazanan təkcə  mağaza sahibi olmur, həm də allerqoloqun qapısı döyülür. Çünki həmin paltarlar  ucuz və keyfiyyətsiz parçalardan tikildiyi üçün  bəzən dərini qıcıqlandırır, allergiya verir, qaşınmalara səbəb olur.

Əslində bu məsələ müxtəlif dairələrdə, müxtəlif səviyyələrdə  dəfələrlə səsləndirilib, çıxış yolları axtarılıb. Hətta Prezident İlham Əlyevin  "Made in Azerbaijan" brendinin dünyada tanıdılması ilə bağlı tapşırığı da var. Amma görünən o ki,  ölkə başçısının bu çağırışına nə ictimaiyyət, nə də dövlət orqanları dəstək verir. Ona görə də iş adamları işlərini öz bildikləri kimi qururlar. Nəticədə  bütün zamanlarda olduğu kimi,  yenə də  zərbə yalnız  kasıba dəyir. İstehsalçının istehlakçını aldatması, yaxud iş adamının alıcını tora salmasının kökündə Azərbaycan məhsullarına tələbatın az olması, "Made in Azerbaijan" brendinə dəyər verilməməsidir. Halbuki bu məsələdə qarşıda duran ən vacib şərt yerli malın xaricə çıxarılması və  dünyada tanıdılmasıdı. Amma nə yazıq ki, biznes qurumları yerli malı da məhz yerli adamlara xarici mal adı ilə satır və Azərbaycan məhsullarının dünyada tanıdılmasının qarşısını kəsir. Nəticədə saxta brendlərin dövriyyədən çıxarılması mümkünsüz hala gəlir. Bu, çox pis tendensiyadır...

Züleyxa Nadir,

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31