İntihar düşüncələri neçə yaşdan başlayır?

İntihar mövzusu demək olar ki, hər gün səslənən istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz, sanki reklam olunan, gündəmdə olan mövzulardan bəlkə də ən birincisidir.
Araşdırmalar göstərir ki, yeniyetmələrin təxminən 12% -i intihar düşüncələrini ifadə edir, təxminən 4% -i intihar etmək üçün planlar hazırlamağa qədər gedir və təxminən 4,1% -i ölümlə nəticələnməyən intihara cəhd edir. Kişilərdən daha çox qadınlarda bu davranışların hər birini nəzərə alınmışdır. Bununla belə, kişilər qadınlara nisbətən tamamlanmış intihar davranışına daha çox meyllidirlər.
İlk intihar düşüncələri, cəhdləri hansı yaş aralığında özünü göstərir?
Psixoloq Ülkər Məmmədli bildirir ki, intihar düşüncələrinin yayılması 10-12 yaş arasında yavaş-yavaş artır:
"12 yaşından sonra intihar planları və ölümlə nəticələnməyən intihar cəhdləri daha sürətlə artır. Aktiv intihar düşüncəsi, yeniyetmənin davamlı olaraq intihar düşüncələri ilə yaşaması və ümidsizliyə davam etməsidir. Düşüncə aktivləşdikdə, yeniyetmə intihara cəhd etmək üçün addımlar atmağa başlayır. Passiv intihar düşüncəsi intihar haqqında qeyri-müəyyən fikirlərin yaşanmasını ehtiva edir. İntihar əzablara son qoymağın mümkün bir yolu olaraq görülür, lakin adətən heç bir tədbir görülmür.
Yeniyetmələrdə intihar düşüncəsi çox vaxt müalicə olunmamış depressiya və ya maddə istifadəsi nəticəsində yaranır. Yeniyetmələrdə intihar düşüncəsi xüsusilə sosial təmasdan uzaqlaşma və təcrid olunma və ya riskli davranışlarla məşğul olmaq, intihar etmək üçün vasitə axtarmaq, tez-tez ölüm haqqında danışmaq, "kaş doğulmasaydım" kimi sözlər söyləmək, çıxış yolu olmayanda ümidsizlik hissini ifadə etmək, yuxu, yemək pozuntuları, şəxsiyət xüsusiyyətlərini dəyişmək, həddindən artıq həyəcanlı, kədərli, depressiyaya düşmüş və ya narahat olmaq kimi simptomlarla özünü göstərir".
Yeniyetmələrdə intiharın qarşısının alınması üçün öncədən hansı tədbirlər görülməlidir?
Psixoloq bildirir ki, intihar davranışı olan yeniyetmələrin təxminən 90%-i əvvəllər psixiatrik xəstəlik keçirib:
"Yeniyetmələrin intihar davranışları ilə əlaqəli ən çox görülən psixiatrik pozğunluqlar depressiv pozğunluqlardır. Statistika göstərir ki, intihar düşüncəsi olan yeniyetmələrin təxminən 57% -i, intihar üçün plan hazırlayanların təxminən 70% -i və ölümlə nəticələnməyən intihara cəhd edənlərin təxminən 76% -i depressiv xəstəlik keçirənlərdir".
Bəs yeniyetmələr niyə intihar edir? Onların intiharında hansı amillər əsas yer tutur?
Psixoloq bildirir ki, intihar edən yeniyetmələr üzərində aparılan araşdırmalar göstərib ki, psixiatrik pozğunluqlar intihar davranışının ən mühüm səbəblərindən biridir:
"Bu psixiatrik pozğunluqlar arasında depressiya əlamətləri və maddə istifadəsi birinci yerdədir. Tədqiqatçılar intiharların 90%-nin narkomaniya və ya psixi pozğunluqlarla əlaqəli olduğunu bildirir. Davranış pozğunluqlarında intihara cəhd meyli 13 dəfə artır. İntihara cəhd etmiş 200 uşaq və yeniyetmə ilə aparılan araşdırmada ən çox görülən psixiatrik diaqnozların uyğunlaşma və davranış pozğunluğu olduğunu ortaya çıxıb.
Ailə daxilində yaşananəksər problemlər də intihar riskini artırır. İqtisadi sıxıntılar, ailədəki münaqişələr və itkilər, valideynlərin ayrılması, yenidən evlənmələr, ailə üzvlərindən birinin daha əvvəl intihara cəhd etməsi, ailə üzvlərinin depressiyaya düşməsi və maddə istifadəsi risk faktorları arasındadır. İntihara cəhd edən yeniyetmələr ailələrini onlara qarşı maraqsız, onları rədd edən və dəstək verməyən insanlar kimi təsvir edirdilər. Bir çox araşdırmada yeniyetmələrin intihara cəhddən əvvəl sıx ailə münaqişələri yaşadığı müəyyən edilmişdir.
Bununla yanaşı bioloji risk faktörü olaraq serotoninin azalması ilə intihar davranışlarının artdığı da müşahidə edilir. Tədqiqatçıların böyük əksəriyyəti, xüsusilə intihara cəhd edən yeniyetmələrdə aşağı serotonin səviyyələrinin, sonrakı intiharın başa çatması üçün vacib amil olduğunu bildirir.
Yeniyetmə intiharlarının 40%-də rədd edilmə, təcavüzə məruz qalma halları, akademik göstəricilərin aşağı olması, ailə problemləri risk faktoru rolunu oynayır. Yeniyetmənin həyatında baş verən stresli hadisələr, valideynin itirilməsi və ya boşanması, xəstəlik, ailə üzvlərinin psixiatrik xəstəliyi ilə bağlı ailədə ünsiyyətdə problemlər, məişət zorakılığı və mübahisələr nəticəsində yaranan ailə nifaqı da yeniyetmə intiharının ümumi səbəbləri arasındadır.
Əvvəllər intihara cəhd etmiş insanlar sonrakı cəhdləri daha çox təkrarlayırlar. İntihar düşüncələrini ifadə edənlərin 20%-i intihara cəhd edir və intihar edənlərin 80%-i artıq bu fikirləri dilə gətirib. Bu insanların əhəmiyyətli bir hissəsi cəhd etməzdən əvvəl kömək axtarır.
Erkən uşaqlıq dövründə fiziki və cinsi zorakılıq və valideyn laqeydliyi kimi travmatik təcrübələrin yetkinlik dövründə intihara meylliliklərə səbəb olduğu bildirilmişdir. Uşaqlıq travmaları müstəqil olaraq intihar riskini artırır. Ancaq bu erkən travmaların intihar riskini hansı yollarla artırdığı aydın deyil. Bu travmaların təkcə intihar davranışına səbəb olmadığı, həm də ümumiyyətlə aqressiyaya meylli olduğu müşahidə edilir.
Zorakılığın, xüsusən də fiziki və cinsi zorakılığın gənclərdə intihar davranışı üçün güclü risk faktoru olduğu müşahidə edilmişdir. Araşdırmalar göstərir ki, yeniyetmələrdə fiziki zorakılıq riski intihara cəhd edən yeniyetmələrdə 3-9 dəfə, yeniyetmələrdə təkrar intihar cəhdləri baxımından cinsi zorakılıq riski 8 dəfə artır.
Özünə zərər vermə davranışına ən çox təsir edən amillərin başında yeniyetmənin keçmişdə və ya hazırda yaşadığı fiziki, emosional və ya cinsi istismardır. Zorakılığa məruz qalan yeniyetmə öz bədəninə xəsarət yetirməyi öyrənə bilər və bu davranışı yaşadığı dözülməz duyğulara keçid yolu kimi görə bilər. Yeniyetmə yaşadığı travmatik hadisəyə görə özünü günahlandıra və buna görə də özünü müxtəlif yollarla cəzalandıra bilir. Özünü ailəsindən təcrid edən bir gənc üçün öz bədəninə zərər vermək valideynləri ilə ünsiyyət qurmağın yeganə yolu kimi qəbul edilə bilər.
Ailə xüsusiyyətlərinə dair bir araşdırmada, yeniyetmələrin erkən dövrdə təcrid olma hisslərinin və ya ayrılıq narahatlığının da özünə zərər verən davranışlara səbəb olduğu ifadə edilmişdir. Uşaqlar ailənin çətinliklərlə öhdəsindən gəlmə üsulunu, qəzəbi necə ifadə etməyi nümunə kimi alır və çətinliklərlə qarşılaşdıqda bu üsuldan istifadə edə bilir. Alimlər özünə zərər vuran davranışın intihara cəhdin güclü bir göstəricisi olduğunu vurğulayır, xüsusən özünə zərər verən davranışın ilk altı ayında intihar riski çox yüksəkdir və bu risk bundan sonra da davam edir.
Tamamlanmış intihar hərəkətlərinin 8 və ya 10 yaşından başlaması elmi olaraq qəbul edilir. Ümumiyyətlə intiharın başlama yaşı 8-dir. Bu yaşa qədər intihara cəhd olmadığı bildirilir. 5 yaşına qədər uşaqlar ölümü "harasa getmək" kimi qəbul edirlər. Ancaq 8 yaşından sonra uşaqlar ölümü geri dönməz bir hadisə kimi qəbul edə bilərlər. Uşaqlarda intihara cəhd və tamamlanmış intiharların nisbətlərinin kifayət qədər aşağı olması, uşağın psixi quruluşunun intihar qərarı vermək və bu qərarı həyata keçirmək üçün yetərincə inkişaf etməməsindən, uşaqlıq dövrünün daha asılı bir dövr olmasından irəli gəlir.
İntihar davranışının əsas səbəbi özünə zərər vermək niyyətidir. İntihar niyyəti aydın və güclü və ya qeyri-müəyyən ola bilər. İntihar davranışı ölüm arzusu ilə əlaqəli olsa da, unutmaq olmaz ki, ölüm anlayışı uşaqlarda olduğu kimi yeniyetmələrdə də formalaşmamış ola bilər.
Yeniyetmələrin intihara cəhdlərinin təxminən üçdə ikisinin ölmək arzusundan başqa motivlərlə müşahidə edildiyi bildirilir. Yeniyetməlik dövründə bir çox intihar cəhdləri impulsiv ola bilər və həyat üçün çox az təhlükə yarada bilər".
Mütəxəssislər bildirir ki, intiharı son çıxış yolu kimi seçim edən insanlara həkim yardımı ilə bərabər ediləcək başlıca iki yardım var. Bunlardan biri onları tək qoymamaq və intihar düşüncəsindən başqa alternativ yollar axtarmaq. Əlbəttə, burada intihar riskinin dəyərləndirilməsi də çox mühimdir. İntihar planının olması, hal-hazırki emosional vəziyyətin depressiv olması və ya həyəcanlı olması, ümidsizlik, daha öncədən də intihar cəhdinin olması, ani çıxan krizis vəziyyəti, qəzaya bağlı bir və ya bir neçə orqanın itirmək, sosial təminatın azlığı və ya yoxluğu intihar üçün əsas risk faktorlarıdır. İkinci olaraq da bu faktorların mümkün olduğu qədər tez aradan qaldırılması və gələcəyə doğru reallaşa bilən ümidlərin verilməsi lazımdır.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31