MİQ imtahanında yüksək bal və məhdud seçim imkanları
23:03 Sosialİş həyatı insanın yalnız maddi ehtiyaclarını qarşıladığı sahə deyil, eyni zamanda onun cəmiyyətə fayda verməsi, peşəkar bacarıqlarını reallaşdırması və gələcək planlarını formalaşdırması baxımından mühüm əhəmiyyət daşıyır. Düşünürəm ki, xüsusilə müəllimlik kimi birbaşa insan yetişdirilməsi ilə bağlı olan peşələrdə iş imkanlarının əlçatanlığı və seçim prosesinin şəffaflığı daha böyük maraq doğurur. Müəllim olmaq istəyən şəxslər üçün bu yolun əsas mərhələlərindən biri isə MİQ-müəllimlərin işə qəbulu imtahanıdır.
Son illərdə müəllimlik peşəsinə marağın artması MİQ imtahanlarını da geniş ictimaiyyətin diqqətində saxlayır. Müxtəlif ixtisaslar üzrə minlərlə namizəd imtahanda iştirak edir, bilik və bacarıqlarını nümayiş etdirərək topladıqları bala uyğun olaraq mövcud vakansiyalar arasında seçim etməyə çalışırlar. Bu proses bir çox namizəd üçün peşə fəaliyyətinə başlamaq və ya müəllim kimi karyerasını davam etdirmək baxımından mühüm imkan yaradır. MİQ imtahanının əsas məqsədlərindən biri müəllimlərin işə qəbulunda müəyyən edilmiş meyarlar əsasında seçim aparmaq, namizədlərin bilik səviyyəsini qiymətləndirmək və mövcud müəllim ehtiyaclarını nəzərə almaqdır. İmtahan nəticəsində formalaşan bal namizədin seçim mərhələsində mövqeyinə təsir edən əsas göstəricilərdən biri hesab olunur. Buna görə də imtahana hazırlaşan şəxslər üçün yüksək nəticə əldə etmək əsas hədəflərdən birinə çevrilir.
Lakin yüksək bal toplamaq heç də həmişə namizədin arzuladığı məktəbdə və ya istədiyi ərazidə işə qəbul olunacağı anlamına gəlmir. Burada vakansiyaların sayı, ixtisaslar üzrə müəllim ehtiyacı, məktəblərin yerləşdiyi ərazi və digər amillər də rol oynayır. Başqa sözlə, imtahan nəticəsi ilə yanaşı, seçim mərhələsində mövcud olan imkanların sayı da namizədin sonrakı taleyinə təsir göstərir.
Məhz bu məqam MİQ prosesinin yalnız imtahan nəticələri ilə deyil, həm də əmək bazarında müəllimlərə olan real tələbatla birlikdə nəzərdən keçirilməsini zəruri edir. Çünki hər bir ixtisas üzrə eyni sayda vakansiyanın olması mümkün deyil. Bəzi fənlər üzrə müəllim ehtiyacı daha çox, bəzi istiqamətlər üzrə isə nisbətən az ola bilər. Eyni zamanda regionlar arasında da kadr ehtiyacı fərqlənə bilər. Bir ərazidə müəyyən fənn üzrə vakant yerlərin sayı çox olduğu halda, başqa bir ərazidə həmin ixtisas üzrə daha az seçim imkanı yarana bilər.
Bu baxımdan MİQ imtahanında yüksək nəticə göstərən namizədlərin qarşılaşdığı vəziyyətə yalnız "yüksək bal topladı, amma işə qəbul olmadı" yanaşması ilə baxmaq məsələnin bütün tərəflərini əhatə etmir. Burada həm imtahan nəticəsi, həm vakansiya sayı, həm ixtisas üzrə ehtiyac, həm də namizədin seçim meyarları birlikdə qiymətləndirilməlidir. Çünki namizədin topladığı bal onun hazırlıq səviyyəsini göstərsə də, işə qəbul prosesi konkret vakant yerlər üzərindən həyata keçirilir.
Müəllim olmaq istəyən gənclər və bu sahədə fəaliyyət göstərən şəxslər üçün isə məsələ yalnız imtahandan uğurla keçməklə bitmir. Namizəd əvvəlcə müəyyən ixtisas üzrə təhsil alır, sonra peşə fəaliyyətinə hazırlaşır, müxtəlif mərhələlərdən keçir və nəhayət, əldə etdiyi bilikləri real iş mühitində tətbiq etmək istəyir. Bu səbəbdən müəllimlik peşəsini seçən şəxsin imtahandan sonra öz ixtisasına uyğun iş imkanı əldə etməsi onun peşəkar gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır.
Digər tərəfdən, MİQ imtahanına marağın yüksək olması müəllimlik peşəsinin cəmiyyətdə hələ də ciddi nüfuza malik olduğunu göstərən amillərdən biri kimi qiymətləndirilə bilər. Təhsil sahəsində işləmək, şagirdlərlə ünsiyyətdə olmaq, onların inkişafında iştirak etmək istəyən insanlar üçün müəllimlik yalnız bir iş yeri deyil, həm də uzunmüddətli peşə seçimi hesab olunur.
MİQ-də vakant yerlərin sayının müəyyənləşdirilməsi zamanı hansı amillər əsas götürülür? Yüksək nəticə göstərən, lakin seçim zamanı uyğun yer tapa bilməyən namizədlər üçün əlavə imkanların yaradılması mümkündürmü?

Bu kimi suallara cavab tapmaq üçün , mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Olaylar.az-a açıqlama verib. Ekspert bildirib ki, MİQ imtahanında vakant yerlərin az olması yüksək bal toplayan namizədlərə üstünlük yaradır, daha aşağı bal toplayanların, xüsusilə Bakı şəhərində, qəbul imkanlarını isə ciddi şəkildə məhdudlaşdırır:.
" MİQ imtahanı ilə bağlı, bəli, çox təəssüflər olsun ki, hazırda ümumi olaraq vakant yerlərin sayının ciddi şəkildə çoxalacağını gözlədiyimiz halda, bununla bağlı müəyyən narazılıqlar ifadə olunur. Belə ki, bəzi bölgələrdə, bəzi məktəblərdə, xüsusilə də Bakı şəhərində vakant yerlərin az olması istər-istəməz MİQ imtahanına müraciət edən şəxslərin qəbul olunmasına mənfi təsir göstərir. Çünki vakant yerlər az olduğu təqdirdə, müraciətçilərdən, əlbəttə ki, daha yüksək bal toplayanlara imkan formalaşır və onlardan aşağı bal toplayanlar üçün, Bakı şəhərinə müraciət etmək istədikləri halda, çətinlik yaranır və qəbul olmaq imkanları demək olar ki, məhdudlaşır.
Ümumi olaraq qeyd edim ki, bəzi hallarda biz bunu gözləyirdik. Gözləyirdik ki, müəllimlərin işə qəbulu imtahanında vakant yerlərin sayının çoxalmasına sertifikasiya imtahanı müəyyən qədər müsbət təsir göstərəcək. Çünki sertifikasiya imtahanından kəsilən və əmək müqavilələrinə xitam verilən şəxslər oldu və bu şəxslərin yerləri boş qalıb vakant yerlərə əlavə olunmalı idi ki, MİQ imtahanında iştirak edən şəxslər üçün təqdim edilsin. Amma çox təəssüf olsun ki, burada bəzi yerlərdə əlavə olunmalar sanki olmadı.
Biz daha çox gözləyirdik, ehtimal edirdik ki, keçən illə müqayisədə bu il daha çox vakant yer olacaq. Çünki sertifikasiya imtahanından kəsilənlər vardı və bu kəsilənlərin bəzilərinə bəzi fənlər üzrə möhlət verilmişdi. Möhlət verilən şəxslər növbəti imtahanda da təkrar kəsilmişdi və əmək müqavilələrinə xitam verilmişdi.
Əgər həmin müəllimlərin əmək müqaviləsinə xitam verilibsə, həmin müəllimlərin tutduğu yerlər birbaşa vakant yer kimi MİQ imtahanında iştirak edənlərə təqdim edilməli idi. Amma bu sayın az olması bir az narahatlıq doğurur.
Növbəti illərdə də eyni şəkildə sertifikasiya imtahanından kəsilənlərin MİQ imtahanında vakant yerlərə verilməsi ilə bağlı müəyyən problemlərin formalaşması ictimaiyyətdə, əlbəttə ki, narahatlıq doğurur.
Düşünürəm ki, xüsusilə də Bakı şəhərində bəzi məktəb direktorları bu məsələdə vakant yerləri gizlədirlər və sonradan artıq müqaviləli əsaslarla bəzi işçiləri ümumtəhsil məktəbində tədris prosesinə cəlb edirlər.
Yəni mən sizə bunu belə izah edim: bunun, həqiqətən də, xüsusilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən araşdırılması lazımdır. Məktəb direktoru əgər vakansiya vermirsə, boş qalan yerlərin vakansiyasını Elm və Təhsil Nazirliyinə təqdim etmir və gizlədirsə, sonradan özü müqaviləli müəllim cəlb edərək, yəni müddətli və müddətsiz-bilirsiniz, müddətsiz daimi müəllim, daimi işçi kimi nəzərdə tutulur, müddətli isə müəyyən müddətə, bir il müqavilə ilə məktəbdə tədris prosesinə cəlb olunur guya ehtiyac var və bu müəllim yaxşı müəllimdir deyə, bu şəkildə işə götürülür.
Bəzi məktəb direktorları, xüsusilə də, təəssüflər olsun ki, bu yollardan istifadə edirlər. Əlbəttə ki, istifadə olunmalıdır. Yəni belə deyək, müəyyən bir çatışmazlıq olduğu təqdirdə, müəyyən rəqabət olduğu halda, misal üçün, MİQ imtahanında vakansiyanı vermisən, amma müəllim seçim etməyib deyək. Müəllim gəlməyibsə məktəbə, əlbəttə ki, burada məktəb direktoru həmin boş vakant yerə müqavilə əsasında müddətli müəllim götürməlidir. Bu, belə olmalıdır.
Amma gizlədirsə, əgər ki, bu, bütün direktorlarımıza da şamil oluna bilməz, əlbəttə. Gizlədirsə, burada artıq ciddi problemlər var deməli.
Bununla bağlı xüsusilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən reydlər keçirilməli, yoxlanılmalı və bu cür hallar aşkar edilərsə, həmin məktəb direktorları xüsusilə cəzalandırılmalıdır".
Nəticə etibarilə, MİQ-də yüksək bal toplamaq namizəd üçün mühüm üstünlük yaratsa da, bu üstünlüyün real iş imkanına çevrilməsi vakant yerlərin sayından və onların şəffaf şəkildə təqdim edilməsindən birbaşa asılıdır. Buna görə də vakansiyaların formalaşdırılması və elan olunması prosesində şəffaflığın təmin edilməsi, mövcud ehtiyacların düzgün müəyyənləşdirilməsi və boş qalan yerlərin namizədlər üçün əlçatan olması xüsusi əhəmiyyət daşıyır.
Zeynəb Mustafazadə