Azərbaycan dilinə aid yeni faydalı dərs vəsaiti nəşr olunub

Müasir dövrümüzdə məktəblərdə Azərbaycan dili tədrisinin əsas məqsədi şagirdlərə dinləyib-anlamaq, danışmaq bacarığı mənimsətmək, onlarda mükəmməl oxu və yazı texnikası formalaşdırmaq, dil qaydalarını dərindən öyrətməkdən ibarətdir. Bu nəcib məqsədə nail olunmasında və beləliklə, şagirdlərin dərin bilik, bacarıq və vərdişlərə yiyələnməsində dərsliklərin və dərs vəsaitlərinin də rolu böyükdür. Buna görə də yeni nəşr olunan hər bir dərs vəsaiti maraq doğurur, ictimaiyyətin diqqətini cəlb edir.

Bu yaxınlarda Azərbaycan dilinə aid dərs vəsaitləri ailəsinə yeni bir kitab da daxil olub. Həmin dərs vəsaitinin müəllifləri Sərvər Şirinov və Əli Şirinovdur.

Yeni təhsil proqramı (kurikulum) əsasında, Elm və Təhsil Nazirliyinin müvafiq proqram və dərsliklərinə uyğun hazırlanmış bu kitab özəl xüsusiyyətlərə, mühüm müsbət cəhətlərə malikdir. Məsələn, "Dil qaydaları" məzmun xəttində şagirdlər tərəfindən adətən çətin qavranılan bir sıra mövzuların metodikasına, onların anlaşıqlı şəkildə sadə üsullarla izah edilib öyrənilməsinə xüsusi diqqət yetirilib. Orta məktəb şagirdləri üçün həmişə çətin hesab edilən "Vurğu", "Eyniköklü sözlər", "Feil", "Sintaktik əlaqələr", "Sintaktik təhlil" ("Cümlə təhlili"), "Mürəkkəb cümlə", "Əlavələr", "Ədəbi dilin normaları" və s. mövzular kitabda məhz asan yollarla səmərəli üsullarla öyrədilir. Hətta bəzi dil qaydaları bir növ uşaq dilində açıqlanıb təqdim edilib. Həmin üsullar "Metodiki kömək" adı ilə verilib. Bundan başqa kitabda "Maraqlıdır", "Təkrar edirik", "Xüsusi qeyd", "Qeyd", "Yadda saxla" kimi cəlbedici sözlər altında bəzi qaydalarla bağlı incə məqamların dərindən öyrədilməsinə kömək edən qeydlər də vardır. Bu məqsədlə müəlliflər (!), (?) durğu işarələrindən də istifadə ediblər. Hiss olunur ki, onlar elmi kitaba xas olan qəliz dildən,  mürəkkəb konstruksiyalı cümlələrdən mümkün qədər qaçmağa çalışıb, sırf elmi-kütləvi dilə üstünlük veriblər. Ümumiyyətlə, bu dərs vəsaiti zəngin pedaqoji təcrübə əsasında hazırlanıb. Təsadüfi deyil ki, kitabda bəzi çətin qaydaların izahından əvvəl "məktəb təcrübəsi göstərir ki", ifadəsi işlədilib. Bu isə o deməkdir ki, kitab şagirdləri öyrətməyin yollarını yaxşı bilən, savadlı və təcrübəli müəllimlər tərəfindən yazılıb. Sadə, anlaşıqlı dillə, maraqlı forma-üsluba malik olan bu vəsaiti inanırıq ki, şagirdlər həvəslə oxuyub öyrənəcəklər.

Kitab Azərbaycan dili müəllimləri üçün də çox faydalıdır. Onlar bu kitabdan istifadə etməklə bir sıra mühüm mövzuları, incə dil qaydalarını daha geniş və dərindən mənimsəməyə nail olar və həm də onları öz şagirdlərinə sadə, asan metodiki yollarla öyrədərlər.

Aşağıda dərs vəsaitindən bir-iki nümunə verək:

Metodiki kömək: "Bu şəkilçilərin (-an2, -mış4, -acaq2 və s.) feili sifətlərdə müxtəlif zaman mənaları bildirməsi, o demək deyildir ki, feili sifət zamana görə dəyişir. Bu məsələ şagirdlərdə həmişə çaşqınlıq yaradır. Yadda saxlamaq lazımdır ki, feillərin zamana görə dəyişməsi qrammatik kateqoriyadır və bu zaman feillər keçmiş, indiki və gələcək zamanlara aid qrammatik şəkilçiləri qəbul etməlidir. Lakin feili sifətlər həmin şəkilçiləri qəbul edə bilmirlər və deməli, zamana görə dəyişmirlər. Yəni, belə olmur: danışan - danışanır? Danışanacaq? və s. Deməli, müxtəlif zaman mənaları bildirmək anlayışı ilə zamana görə dəyişmək anlayışı fərqlidir!"

"Əlavələr" mövzusunda verilmiş "Metodiki kömək"dən də bir hissə veririk: "I və II növ təyini söz birləşmələrinin asılı tərəflərinin əlavəsi olmur. Çünki onların arasına söz daxil olmur, yəni əlavə daxil olmur.

Yuxarıdakı müxtəlif söz birləşmələrinin asılı tərəfinin əlavələrini qeyd etdik. İndi isə onların necə müəyyən edilməsini göstəririk. Bunun üçün, ən əvvəl cümləni diqqətlə oxumaq lazımdır. Əgər cümlədə söz birləşməsi varsa və onun arasında söz (əlavə) işlənibsə, deməli, bu əlavə asılı tərəfin əlavəsidir (Axı əlavə özündən əvvəl gələn sözə aid olur). Yox, əgər əlavə söz birləşməsinin  arasında deyil, ondan sonra gəlibsə, deməli, bu əlavə əsas tərəfin əlavəsidir və bu cür əlavə artıq cümlə üzvünün əlavəsidir! Belə cümlələrdə əlavəni texniki-formal üsulla da tapa bilərik. Belə ki, barmağımızı əlavənin üstünə qoyub oxuyuruq. Əlavədən əvvəlki söz hansı funksiyadadırsa, deməli, əlavə də ona uyğundur. Məsələn:

Yaşarı - köhnə dostumu görəndə çox sevindim.

Bu nümunədə əlavə "köhnə dostumu" birləşməsidir. Onun üstünə barmağımızı qoyuruq. Yerdə qaldı Yaşarı görəndə çox sevindim. Yaşarı görəndə feili bağlama tərkibidir. Yaşarı sözü asılı, görəndə sözü əsas tərəfdir. Barmağımızı götürürük. Aydın olur ki, əlavə (köhnə dostumu) Yaşarı sözünə aiddir, yəni feili bağlama tərkibinin asılı tərəfinin əlavəsidir. Digər feili birləşmələrin və III növ təyini söz birləşmələrinin asılı tərəflərinin əlavəsini bu yolla müəyyən etmək olar. 

İndi isə kitabda "Maraqlıdır" sözü altında verilmiş nümunələrdən ikisini təqdim edirik:

Maraqlıdır: "Nazirlik sözü böyük hərflə, "nazir" sözü isə kiçik hərflə yazılır. Məsələn: Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Azərbaycan Respublikasının naziri. Müdafiə Nazirliyi - Müdafiə naziri.

Maraqlıdır: bir, iki, üç, .. saydır; bir-bir, iki-iki, üç-üç, ..zərfdir!

Dərs vəsaitində bu cür maraqlı nümunələr çoxdur və bütün bunlar, qeyd etdiyimiz kimi, şagirdlərin kitabı həvəslə, maraqla oxumasına və dil qaydalarının yaxşı başa düşməsinə hesablanıb.

Kitabda həmçinin "Dinləyib-anlama, danışma", "Oxu", "Yazı" məzmun xətləri üçün mətnlərin seçilməsində, tapşırıqların tərtibində şagirdyönümlülük və nəticəyönümlülüklə bərabər şəxsiyyətyönümlülük prinsipi də diqqət mərkəzində saxlanılıb. Hər bir mövzuya aid testlər verilib.

Bütün bu xüsusiyyətlərinə görə, haqqında danışdığımız dərs vəsaiti abituriyentlər, şagirdlər və müəllimlər üçün çox faydalı vəsaitdir və müəlliflərin özlərinin də qeyd etdiyi kimi qiymətli kitabdır. Adətən, belə kitabları "stolüstü kitab" adlandırırlar. Ana dilimiz və dövlət dilimiz olan Azərbaycan dilinin ahəngdar səs tərkibini, zəngin leksikasını, mükəmməl qrammatik quruluşunu öyrənmək istəyən hər bir kəs bu vəsaitdən istifadə etməklə məqsədinə nail ola bilər.

Anar Fərəcov

Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müəllimi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31