Köçəryan və Sarkisyanın Azərbaycana təhvil verilməsi niyə mümkünsüz görünür?- ÖZƏL

"Ermənistanın keçmiş prezidentləri Robet Köçəryan və Serj Sarkisyan kimi hərbi cinayətkarların Azərbaycana təhvil vermə ehtimalının aşağı olması həm hüquqi, həm də siyasi reallıqlardan irəli gəlir". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Alim Hüseynli deyib: "Beynəlxalq təcrübə və mövcud vəziyyət bu yanaşmanı bir neçə amillə əsaslandırır. Bu amillərdən biri hüquqi və konstitusion əngəllərdir. Belə ki, Ermənistan qanunvericiliyi öz vətəndaşlarının digər ölkəyə təhvil verilməsini qadağan edir. Həmçinin, mövcud beynəlxalq konvesiyalar bu prosesi mümkünsüz edir. Konkret olaraq, Azərbaycan və Ermənistan arasında cinayətkarların qarşılıqlı ötürülməsini tənzimləyən ikitərəfli müqavilə yoxdur.  

Nəzərə almaq lazımdır ki, Ermənistan məhkəməsinin sözügedən şəxslər barədə hər hansı qərarı da yoxdur. Yəni,  ölkə daxili hüquq sistemi bu şəxsləri müharibə cinayətkarları yox, "müharibə iştirakçısı" kimi qəbul edir. Belə bir şəraitdə hərbi cinayətlərdə ittiham olunan şəxslərin Azərbaycana təhvil verilməsi Ermənistanda ciddi daxili xaosa səbəb ola bilər. Mövcud hökumət belə bir addım atacağı təqdirdə "milli xəyanət" ittihamı ilə üzləşər. Məsələnin ideoloji tərəfi də nəzərdən qaçılmamamlıdır. Erməni cəmiyyətində həmin şəxslər hələ də "qəhrəman" kimi təqdim olunur. Beynəlxalq praktikada oxşar münaqişələrdə tərəflərin könüllü olaraq bir-birinə hərbi qulluqçu təhvil verməsi nadir hallarda baş verir. Bu növ məsələlər adətən yerli deyil, yalnız Haaqa kimi neytral beynəlxalq tribunallar vasitəsilə həllini tapa bilir". 

A.Hüseynli xatırladıb ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən 2022-ci ildən bəri hər iki şəxs Qarabağda törətdikləri hərbi cinayətlərə (o cümlədən Xocalı soyqırımına) görə beynəlxalq axtarışa verilsə də, cari hüquqi və siyasi vəziyyət onların Bakıya ekstradisiyasını istisna edir: "Bununla belə, bu şəxslərin ətrafındakı vəziyyət Ermənistan daxilində tamamilə fərqli bir mərhələyə qədəm qoyub. Nikol Paşinyan hökuməti hər iki keçmiş prezidentə qarşı dövlət əmlakının mənimsənilməsi, rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ittihamları ilə irimiqyaslı cinayət işi başladıb. Robert Köçəryan Antikorrupsiya Məhkəməsinin qərarı ilə 2 aylıq müddətə həbs edilib, Serj Sarkisyan barəsində isə ölkədən çıxış qadağası qoyulub. 

İrəvanda aparılan bu istintaq prosesi sırf korrupsiya və daxili siyasi hakimiyyət mübarizəsi ilə bağlıdır. Paşinyan hökuməti onları hərbi cinayətlərə görə deyil, Ermənistan dövlətinə vurduqları iqtisadi zərərə görə mühakimə edir. Ermənistan tərəfi bu şəxsləri yalnız öz daxili qanunları çərçivəsində cəzalandırmağa çalışır. Onların xarici ölkədə mühakiməsi beynəlxalq hüquq təşkilatlarının da təzyiqi ilə qarşılaşa bilər. Onların cəzalandırılması baş versə belə, bu yalnız Ermənistan həbsxanalarında daxili qanunlar çərçivəsində reallaşacaq. Nəticə olaraq, Köçəryan və Sarkisyanın Ermənistanda həbs olunması onların Azərbaycana veriləcəyi mənasına gəlmir. Sadalanan faktlar deməyə əsas verir ki, Robert Köçəryan və Serj Sarkisyanın Azərbaycana təhvil verilmə ehtimalı demək olar ki, real görünmür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31