Din, şəhidlik, qazilik reklam vasitəsi deyil- ÖZƏL
10:20 Sosial"Son vaxtlar bəzi insanların dinə, şəhid adına, qazi statusuna və Vətən sevgisinə özünü göstərmək vasitəsi kimi müraciət etməsi ciddi narahatlıq doğurur". Bunu "Olaylar"a Azərbaycan, Türkiyə və Rusiya iqtisad elmləri doktoru Zahid Fərrux Məmmədov deyib: "Din də, şəhidlik də, qazilik də reklam vasitəsi deyil; bunların qarşısında insanın səsi deyil, əməlinin çəkisi danışmalıdır. Şəhidlərin müqəddəs adı heç kimin şəxsi nüfuzunu artırmaq üçün istifadə ediləcək bir vasitə deyil. Qazilərin fədakarlığını özünə siyasi, ictimai və ya şəxsi üstünlük qazandırmaq üçün nümayiş etdirmək də mənəvi baxımdan doğru deyil. Zəfər bütün Azərbaycan xalqının Zəfəridir. Bu Zəfərin arxasında səngərdə döyüşən əsgər qədər xəstəxanada yaralıya həyat verən həkim, uşaqlara bilik verən müəllim, insan və yük daşıyan sürücü, zavodda çalışan fəhlə, əkinçi, mühəndis və öz işi ilə ölkəyə dayaq olan milyonlarla insan dayanır. Hər kəs bacardığı yerdə, bacardığı qədər öz payını verib. Ona görə də Vətən sevgisini nümayiş etdirməkdən əvvəl ona xidmət etməyi öyrənmək lazımdır. Şəhidin adı qarşısında ən böyük hörmət yüksək səslə danışmaq yox, onun uğrunda canından keçdiyi ölkəyə layiqli və vicdanlı vətəndaş olmaqdır".