Hörmüzdə müvəqqəti dəhliz: İran-ABŞ qarşıdurmasında gərginlik azalacaq?- ÖZƏL

İran və Oman Hörmüz boğazından gəmilərin keçidi üçün müvəqqəti marşrut barədə razılığa gəlib. İran rəsmisi Kazem Qəribabadi bildirib ki, marşrutun bir hissəsi İranın ərazi sularından keçəcək. O vurğulayıb ki, bu razılaşma boğazın tam açılması demək deyil. Gəmiçiliyin tam bərpası İran-ABŞ qarşıdurmasının həllindən asılıdır. Tehran həmçinin Donald Trampın boğazın minalardan təmizləndiyi barədə iddiasını təkzib edib.

İran və Oman arasında Hörmüz boğazında müvəqqəti marşrutla bağlı razılaşmanı İran-ABŞ qarşıdurması fonunda necə qiymətləndirirsiniz? Bu addım gərginliyin azalmasına şərait yarada bilərmi? Hörmüz boğazının tam açılması İran və ABŞ arasındakı münasibətlərin normallaşmasından asılıdır. Hazırkı qarşıdurmanın davam etməsi regionda gəmiçilik və enerji təhlükəsizliyi üçün hansı riskləri yarada bilər?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:

" İran və Oman arasında Hörmüz boğazında müvəqqəti marşrutla bağlı əldə olunan razılaşma gəmiçiliyin tam bərpası demək deyil, lakin böhranın idarə olunması istiqamətində atılan taktiki addımdır. 7 mil enində olan bu müvəqqəti dəhliz yalnız kommersiya gəmiləri üçün nəzərdə tutulub və hərbi gəmilərin keçidi qadağandır. Gəlirlərin və suların idarə olunması Tehran ilə Maskat arasında müzakirə olunur. Tramp administrasiyası isə İranın boğaz üzərində təkrar nəzarət qurmasını və ya rüsum tətbiq etməsini qəbuledilməz hesab edir. Trampın Omanı hədələməsi da bu razılaşmanın ABŞ tərəfindən sərt qarşılandığını göstərir. Ola bilsin Vaşinqton Omana da təzyiq göstərsin. Tehran Trampın boğazın minalardan təmizləndiyi iddiasını təkzib edib, bunun bazarları sakitləşdirmək məqsədi daşıyan siyasi bəyanat olduğunu bildirir. Bu addım qismən texniki və kommersiya gərginliyini yumşalda bilər, lakin strateji gərginliyi azaltmaq gücündə deyil. Vaşinqton əsas hədəflərə doğru məqsədindən vaz keçməyəcək. İran boğazın tam açılmasını ABŞ-nin sanksiyaları yumşaltması, dəniz blokadasına son qoyması və iyun ayındakı razılaşma öhdəliklərini yerinə yetirməsi ilə şərtləndirir. ABŞ isə birtərəfli təzyiq və sanksiya siyasətini davam etdirir. Hörmüz boğazı qlobal neft və qaz daşımalarının əsas arteriyasıdır. Boğazın tam bağlı qalması və ya nəzarətin qeyri-müəyyən olması dünya bazarında qiymətlərin kəskin artmasına səbəb olacaq. Ərazi sularına nəzarət uğrunda yaranan mübahisələr və bölgəyə daxil ola biləcək ABŞ mina təmizləmə gəmilərinin hədəf alınma təhlükəsi yeni hərbi qarşıdurma riskini də artırır. ABŞ-nin İrana qarşı sərt iqtisadi əməliyyatları və ticarət məhdudiyyətləri regiondakı logistik zəncirləri pozur və qlobal ticarətə mənfi təsir göstərir. ABŞ isə yaranmış bu vəziyyətdə İranı günahlandırır. Nəticə onu göstərir ki, ABŞ - İran qarşıdurması hələ qeyri-müəyyən vaxta qədər davam edəcək və bu da dünya iqtisadiyyatına bu cür mənfi təsir göstərəcək".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31