Azərbaycan-Özbəkistan münasibətlərində mədəni bağlar strateji tərəfdaşlığın əsas dayaqlarındandır- ÖZƏL
16:20 Siyasət" Azərbaycan-Özbəkistan münasibətlərində mədəni-humanitar əməkdaşlıq strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin ən mühüm dayaqlarından biridir. Bunun əsas səbəbi iki xalqı tarixdən bəri birləşdirən ortaq köklər, dil və mədəni yaxınlıq, çoxəsrlik mənəvi bağlar, eləcə də oxşar adət-ənənələrdir".
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:
" Əlaqələrin intensivləşməsi xüsusilə 2023-2024-cü illərdə daha dinamik xarakter alıb. Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinin, Azərbaycanda isə Özbəkistan Mədəniyyəti Günlərinin keçirilməsi, Xivədə Şuşa Günlərinin təşkili göstərir ki, mədəni əlaqələr yalnız paytaxtlarla məhdudlaşmır, müxtəlif şəhər və regionları da əhatə edir.
Qeyd etmək lazımdır ki, Özbəkistanın müəyyən bölgələrində Azərbaycan dilinə yaxın dialektlərdə danışan əhali də yaşayır. Mətbəx, adət-ənənələr, dil və dini-mənəvi dəyərlər kimi bir sıra ortaq xüsusiyyətlər iki xalq arasındakı tarixi və mədəni bağlılığın nə qədər dərin olduğunu göstərir.
Təbii ki, bu yaxınlığın mühüm istiqamətlərindən biri də tarixən formalaşmış ədəbi əlaqələrdir. Nizami Gəncəvi və Əlişir Nəvai kimi iki böyük klassikin yaradıcılığı Azərbaycan-Özbəkistan mədəni yaxınlığının ən parlaq nümunələrindəndir. Özbəkistanda Milli Pedaqoji Universitetin Nizami Gəncəvinin adını daşıması da bu bağlılığın simvolik ifadəsidir.
Bundan əlavə, təhsil sahəsində əlaqələr genişləndirilir, universitetlərarası əməkdaşlıq gücləndirilir, eləcə də şəhərlər arasında qardaşlaşma münasibətləri rəsmiləşdirilir. Bu cür təşəbbüslər xalqlarımız arasında birbaşa təmasların artmasına və qarşılıqlı mədəni mübadilənin daha da genişlənməsinə xidmət edir.
Ümumiyyətlə, Azərbaycan və Özbəkistan münasibətlərinin bütün istiqamətləri əhatə edəcək səviyyədə genişləndirilməsi qarşıya mühüm məqsəd kimi qoyulub. İstər siyasət, istər iqtisadiyyat, istər təhsil, nəqliyyat, logistika və tranzit, istərsə də sərmayə qoyuluşu sahələrində əlaqələr getdikcə daha da gücləndirilir.
Bu baxımdan, mədəni-humanitar əməkdaşlığın da uzunmüddətli strateji əməkdaşlıq modelinin mühüm tərkib hissəsi kimi inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Təbii ki, ortaq türk mədəni irsinin qorunması, araşdırılması və gələcək nəsillərə ötürülməsi də bu prosesin əsas istiqamətlərindən biridir".
Zeynəb Mustafazadə