Uşaq qucağında böyüyən körpələr: Erkən analıq probleminin kökündə nə dayanır?

Bir qızın 18 yaşına qədər həyatında nələr baş verə bilər? Məktəbi bitirmək, universitetə hazırlaşmaq, gələcəklə bağlı planlar qurmaq, peşə seçmək, dostları ilə vaxt keçirmək, özünü tanımaq və müstəqil həyata hazırlaşmaq... Bəs bütün bu mərhələlərin yerini bir anda körpə, ailə məsuliyyəti və analıq tutarsa?
Azərbaycanda 2025-ci ildə 18 yaşadək analar tərəfindən 877 uşaq dünyaya gəlib. İlk baxışdan bu rəqəmin əvvəlki illə müqayisədə azalması müsbət tendensiya təsiri bağışlayır. 2024-cü ildə eyni göstərici 1279 olduğu halda, 2025-ci ildə 877-yə düşüb. Yəni bir il ərzində 402 nəfərlik azalma qeydə alınıb. Lakin statistikadakı azalma problemin artıq aradan qalxdığı anlamına gəlmir. Əksinə, 18 yaşına çatmamış yüzlərlə qızın ana olması onu göstərir ki, erkən analıq hələ də cəmiyyətin qarşısında dayanan ciddi sosial məsələlərdən biridir. Rəqəmin digər bir tərəfi isə daha düşündürücüdür: 877 uşağın 569-u kənd, 308-i isə şəhər yerlərində doğulub. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 18 yaşadək analar tərəfindən doğulan uşaqlar bütün doğulan uşaqların təxminən 0,9 faizini təşkil edib. Şəhər yerlərində bu göstərici 0,7 faiz, kənd yerlərində isə 1,1 faiz olub. Bu fərq erkən analığın yalnız fərdi seçim və ya ailədaxili məsələ kimi deyil, yaşayış məntəqəsi, sosial mühit, təhsil imkanları və ailə modeli ilə də əlaqəli şəkildə araşdırılmasının vacibliyini göstərir. Əslində, 877 rəqəminə yalnız statistika kimi baxmaq kifayət deyil. Çünki hər bir rəqəmin arxasında bir qızın həyatı dayanır. Onun yarımçıq qalan təhsili, dəyişən gələcək planları, ailəsi ilə münasibətləri, psixoloji vəziyyəti, sağlamlığı və qarşılaşdığı sosial təzyiqlər ola bilər. Eyni zamanda həmin rəqəmin arxasında dünyaya gələn 877 uşağın taleyi də dayanır. Bu uşaqların böyüdüyü ailə mühiti, analarının təhsil və iqtisadi vəziyyəti, onların sosial imkanları və gələcək inkişaf perspektivləri də məsələnin digər tərəfidir. Bütün bu rəqəmlərin içərisində ən vacib sual bəlkə də budur: 2025-ci ildə 18 yaşına çatmamış 877 qız necə ana oldu? Bu sualın cavabı tək bir cümlədən ibarət ola bilməz. Çünki bir tərəfdə ailə dəyərləri, digər tərəfdə yeniyetmənin hüquqları, bir tərəfdə ənənələr, digər tərəfdə təhsil və gələcək planları, bir tərəfdə analıq, digər tərəfdə uşaqlıq və yeniyetməlik dayanır. Çünki 18 yaşına çatmamış bir qızın ana olması yalnız onun həyatında baş verən hadisə deyil. Bu, ailənin, məktəbin, səhiyyə sisteminin və cəmiyyətin qarşısında dayanan məsuliyyətdir.

Psixoloq Dilruba Həsənova mövzu ilə bağlı Olaylar.az-a danışıb. Psixoloqun sözlərinə görə, bu halların müşahidə olunması onu  göstərir ki, məsələyə yalnız şəxsi  seçim kimi deyil, sosial mühit və imkanlar bunu tələb edir deyə belə vəziyyət yaranır kimi  baxmaq lazımdır. Yeniyetməlik insanın həm bioloji, həm də psixoloji baxımdan formalaşdığı ən həssas mərhələlərdən biridir. Bədən müəyyən  imkanlara sahib olsa da, beynin qərarvermə, emosiyaların tənzimlənməsi  istər bioloji,  istər psixoloji baxımdan hələ inkişaf etməkdə olur. Yəni bir qız bioloji olaraq ana ola bilər, amma bu, onun psixoloji və sosial baxımdan analığın bütün məsuliyyətlərinə hazır olduğu mənasına gəlmir. Erkən analığın ən böyük nəticələrindən biri də bəzən uşağın öz uşaqlığını yaşamadan böyüklük roluna keçməsidir. Təhsil yarımçıq qalır, sosial çevrə dəyişir, şəxsi inkişaf imkanları məhdudlaşır və həyatın seçimləri darala bilir. Burada çox vacib bir məqam var: gənc ananın özü pis ana olacaq demək düzgün deyil. Uşağın gələcəyini ananın yaşı ilə yanaşı, ailənin dəstəyi, sosial-iqtisadi vəziyyət, təhsil və emosional mühit də müəyyən edir. Amma öz emosional dünyasını hələ formalaşdıran bir insanın başqa bir insanın emosional dünyasının əsas məsuliyyətini daşıması təbii olaraq əlavə risklər yaradır. Məncə, bu məsələyə yalnız "niyə erkən evlənirlər?" sualı ilə yanaşmaq da kifayət deyil. Bəzən daha vacib sual çıxır ortaya məsələn "Bu uşağın qarşısında başqa hansı seçimlər var?". Çünki uşağın qarşısında yalnız bir yol varsa, onun seçimi haqqında danışmaq çətindir. Təhsil əlçatan deyilsə, peşə imkanları yoxdursa, sosial mühit yalnız evlilik və ailə üzərindən gələcək təsəvvürü yaradırsa, biz yeniyetmədən fərqli seçim etməsini gözləyərkən ona həmin seçimi etməsi üçün real imkan verməmiş oluruq. Bir neçə il əvvəl Azərbaycanın ucqar bir kəndinə qonaq getmişdim. Dağda bitki toplayan 10-13 yaşlarında bir qrup uşaq gördüm və maraq üçün onlarla söhbət etdim. Fiziki cəhətdən sağlam, ünsiyyətcil uşaqlar idilər. Amma onların təhsildən nə qədər uzaq qaldığını söhbət zamanı şahidi oldum. Onların dediyinə görə kənddə məktəb yox idi, dərs üçün başqa kəndə getməli olurdular və xüsusilə qış aylarında yol və şəraitin çətinliyi onların təhsildən yayınmasına səbəb olurdu. Məni ən çox düşündürən isə onların ailə, münasibətlər və həyat haqqında danışarkən yaşlarından daha böyük görünmələri idi. Onlar 10-13 yaşında uşaqlar idilər, amma danışdıqları mövzular bəzən yetkin qadınların düşüncələri qədər formalaşmış görünürdü. Bu, mənə bir daha göstərdi ki, uşağın böyüklər haqqında düşünməsi onun böyüməsi demək deyil. Bəzən uşaq sadəcə böyüklərin dünyasına çox erkən uyğunlaşır və bunu böyüklər şəxsən edir. Çünki onlarda çox erkən yaşda ailə qururlar beyinlərində ailə haqqında informasiya budur. Onlara təhsil almaq illərini təhsilə vermək bəzən təhlükə kimi görünür. Ana olmağa can atırlar. Onlar düşünürdülər ki, oxumaqdansa ərinə baxıb, evdar olmalıdırlar. Uşağına baxan qadın daha yaxşıdır və s. Məncə, erkən evliliyin qarşısını almaq istəyiriksə, bunu yalnız qadağa və məcburiyyət yolu ilə etməməliyik. Çünki insan öz azadlığının təhdid edildiyini hiss etdikdə psixoloji müqavimət göstərə bilər. Yeniyetməyə "bunu etmə" deməkdən daha təsirli olan isə ona "sən başqa nə edə bilərsən?" sualını verməkdir. Maarifləndirmə qorxutmaq deyil. Maarifləndirmə seçim yaratmaqdır. Qız uşağına sadəcə erkən evlənməməli olduğunu deməklə kifayətlənmək olmaz; ona təhsil, peşə, müstəqillik və gələcək haqqında təsəvvür vermək lazımdır. Çünki bir uşağın həyatını dəyişən ən böyük şey bəzən ona qoyulan qadağa deyil, qarşısında açılan alternativdir və əgər biz erkən analığın qarşısını həqiqətən almaq istəyiriksə, əvvəlcə həmin uşaqlara başqa bir gələcəyin mümkün olduğunu göstərməliyik. Bunu uşaqlardan çox o uşaqları erkən evliliyə aparan insanları marifləndirməliyik. Çünki bu cür insanlarla söhbət edərkən anlayırsan ki, uzun zaman bu təfəkkürdə olan insanların təhsilə qarşı bir fobiyası var. Sanki oxuyan qızlar pis olur onlar sözə baxmır yaxşı olmur və s. Mən bunu şəxsi müşahidələrim əsasında şahidi olmuşam. Sözə baxan qız bizim cəmiyyətdə aktual bir modeldir. Öncə bu mifi insanların beynindən çıxarmaq lazımdır. Bunu ancaq savadlı qadının sağlam düşüncəsini göstərərək təbliğ edərək əldə etmək olar.

Mama-ginekoloq Yeganə Əliyeva bildirib ki, 18 yaşına çatmamış qızın menstruasiya görməsi onun hamiləlik və doğuş üçün tam hazır olduğu anlamına gəlmir. Bioloji yetkinliklə təhlükəsiz hamiləlik və doğuşa hazırlıq eyni şey deyil. Yeniyetmə hamiləliyində həm ana, həm də körpə üçün müəyyən risklər artır. Anada qanazlığı, yüksək təzyiq, preeklampsiya, doğuş ağırlaşmaları və doğuşdan sonrakı infeksiyalar daha çox müşahidə oluna bilər. Körpədə isə vaxtından əvvəl doğuş, aşağı doğum çəkisi və yenidoğulmuş dövrdə müxtəlif ağırlaşmaların riski artır. Amma biz bu məsələyə yalnız tibbi problem kimi baxmamalıyıq. Erkən hamiləlik çox zaman sosial problemin nəticəsidir. Erkən nikahlar, təhsildən uzaqlaşma, ailə və cəmiyyət təzyiqi, reproduktiv sağlamlıq haqqında maarifləndirmənin kifayət qədər olmaması və tibbi xidmətlərə çıxışın məhdudluğu bu problemin davam etməsinə səbəb ola bilər. Xüsusilə kənd və şəhər göstəriciləri arasında fərqin olması da bizi düşündürməlidir. Burada əsas məqsəd kimisə günahlandırmaq deyil, problemin kök səbəblərini araşdırmaqdır. Və ən vacib məqam: artıq hamilə qalmış yeniyetmə qızı qınamaq yox, qorumaq lazımdır. Belə hamiləlik mütləq həkim nəzarətində olmalı, ana və dölün vəziyyəti mütəmadi qiymətləndirilməlidir.

"Mən hesab edirəm ki, erkən hamiləliyin qarşısını almağın ən güclü yolu qız uşaqlarının təhsildən uzaqlaşdırılmaması, düzgün maarifləndirilməsi və onların sağlam gələcəyə sahib olmasıdır. Çünki bir uşağın sağlam dünyaya gəlməsi yalnız doğuş zalında deyil, onun anasının uşaqlıq və yeniyetməlik dövründən başlayan bir prosesdir", - deyə ginekoloq əlavə edib. 

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31