Yüksək bal, uğursuz seçim: abituriyentlər qəbul şansını necə itirdi?
28 Avqust 23:40 Sosialİmtahan insanın müəyyən sahə üzrə bilik və bacarıqlarını qiymətləndirmək üçün keçirilən əsas vasitələrdən biridir. Təhsil sistemində isə imtahan yalnız əldə olunan biliklərin yoxlanılması deyil, eyni zamanda gəncin növbəti mərhələyə keçidini müəyyənləşdirən mühüm seçim mexanizmidir. Xüsusilə ali məktəbə qəbul imtahanı abituriyentin illərlə göstərdiyi səylərin, hazırlığın və qazandığı biliklərin nəticəyə çevrildiyi mərhələdir.
Ali məktəbə qəbul imtahanı gənclərin gələcək təhsil və karyera istiqamətinin müəyyənləşməsində mühüm rol oynayır. Abituriyent üçün toplanan bal sadəcə rəqəmlərdən ibarət deyil. Düşünürəm ki, bu bal onun hansı universitetlərə, hansı ixtisaslara və hansı istiqamətlərə müraciət edə biləcəyini müəyyənləşdirən əsas göstəricilərdən biridir. Bu səbəbdən imtahan günü verilən hər bir düzgün cavab, toplanan hər bir bal gəncin gələcəyi ilə bağlı seçim imkanlarını genişləndirə və ya məhdudlaşdıra bilər.
Lakin qəbul prosesində imtahanın başa çatması heç də prosesin yekunlaşması demək deyil. Nəticələr açıqlandıqdan sonra abituriyentin qarşısında daha bir məsuliyyətli mərhələ -ixtisas seçimi dayanır. Bu mərhələdə kodlaşdırmanın düzgün aparılması xüsusi əhəmiyyət daşıyır. Abituriyent seçdiyi ixtisasları müəyyən olunmuş qaydada kodlaşdıraraq öz seçim ardıcıllığını formalaşdırır. Görünüşdə texniki prosedur təsiri bağışlayan bu mərhələ əslində qəbulun nəticəsinə birbaşa təsir göstərə bilən mühüm qərar mərhələsidir.
Bu prosesin əsas iştirakçıları isə gələcəyi ilə bağlı ilk böyük qərarlardan birini verməyə hazırlaşan gənclərdir. Gənc yaşda verilən ixtisas qərarı sonrakı təhsil həyatına, peşə seçiminə və gələcək karyeraya təsir göstərə bilər. Buna görə də ixtisas seçimi yalnız həmin anda universitetə qəbul olmaq məqsədi daşımamalı, gəncin maraqları, bacarıqları və gələcək planları da nəzərə alınmalıdır. İxtisas seçimi bu baxımdan qəbul prosesinin ən həssas mərhələlərindən biridir. Abituriyent qarşısında çoxsaylı ixtisaslar, müxtəlif universitetlər və fərqli seçim imkanları dayanır. Hansı ixtisasın seçilməsi qədər, həmin ixtisasların hansı ardıcıllıqla kodlaşdırılması da əhəmiyyətlidir. Çünki abituriyentin topladığı bal onun imkanlarını göstərsə də, həmin imkanlardan necə istifadə edəcəyi düzgün seçimdən asılıdır.
Xüsusilə yüksək bal toplayan abituriyentlərin qarşısında daha geniş seçim imkanları yaranır. Yüksək bal illərlə davam edən hazırlığın nəticəsi olmaqla yanaşı, gəncə daha çox ixtisas arasında seçim etmək imkanı verir. Təbii olaraq yüksək nəticə göstərən abituriyent özünü daha çox ixtisas üzrə şanslı hesab edir. Lakin məhz bu mərhələdə həddindən artıq əminlik və seçimlərin düzgün qiymətləndirilməməsi gözlənilməz nəticəyə gətirib çıxara bilər.
Bəzən yüksək bal toplayan abituriyent yalnız arzuladığı və keçid balı yüksək olan ixtisasları seçir, real qəbul imkanlarını nəzərə almır. Bəzən isə seçim siyahısında alternativlərə kifayət qədər yer verilmir. Nəticədə imtahanda yüksək nəticə göstərən, qəbul üçün kifayət qədər potensiala malik olan gənc yanlış ixtisas seçimi səbəbindən ali məktəbə qəbul ola bilmir.
Belə hallarda ortaya maraqlı bir mənzərə çıxır: aşağı bal deyil, məhz düzgün aparılmayan seçim abituriyentin qəbul şansını itirməsinə səbəb olur. Yüksək bal qəbul üçün böyük üstünlük yaratsa da, düzgün seçim edilmədikdə həmin üstünlük belə uğurlu nəticəyə çevrilməyə bilər.
Mövzu ilə bağlı daha ətraflı təhsil eksperti Əmrah Həsənli Olaylar.az-a açıqlama verib:
" Yüksək bal toplamaq qəbul prosesində böyük üstünlükdür, amma bu, təkbaşına qəbul zəmanəti deyil. Xüsusilə yüksək nəticə göstərən abituriyentlərdə bəzən "balım yüksəkdir, deməli, istədiyim ixtisasa mütləq qəbul olacağam" yanaşması formalaşır. Halbuki yerləşdirmə müsabiqə əsasında aparılır və ixtisas seçimi zamanı plan yerlərinin sayı, həmin ixtisasa olan rəqabət və abituriyentin seçimlərinin ardıcıllığı mühüm rol oynayır. Dövlət İmtahan Mərkəzinin qaydalarına əsasən, abituriyent 15-dək ixtisas kodunu seçə bilər və seçimlər ərizədə göstərilən ardıcıllıqla nəzərə alınır. Burada "kodlaşdırma səhvi" dedikdə yalnız kodun rəqəmlərinin səhv yazılması nəzərdə tutulmur. Ən ciddi problem bəzən seçim strategiyasının düzgün qurulmamasıdır. Məsələn, abituriyent yüksək bal toplayır, amma yalnız çox yüksək keçid balı formalaşan ixtisasları seçir və öz balına uyğun alternativlərə yer vermir. Nəticədə bütün seçimləri üzrə müsabiqədən keçə bilmədikdə universitetdə yerləşdirilmir. Digər tərəfdən, dövlət sifarişi və ödənişli əsaslarla seçimlərə diqqət etməmək, təsdiqdən əvvəl ərizəni son dəfə yoxlamamaq da ciddi problemlərə səbəb ola bilər. Abituriyent həmçinin ərizəsini yadda saxlayıb təsdiqləməməklə də qəbul şansını itirə bilər.
Dövlət İmtahan Mərkəzinin məlumatlarına görə, abituriyent müəyyən ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla keçirilən müsabiqədə iştirak etmək istəyirsə, həmin ixtisasın kodunu ərizədə müvafiq qaydada ayrıca göstərməlidir.
Abituriyent yalnız topladığı bala güvənməməlidir. Bal əsas göstəricilərdən biridir, amma ixtisas seçimi zamanı ötən illərin keçid balları, plan yerlərinin sayı, həmin ixtisasa marağın səviyyəsi və ümumi müsabiqə vəziyyəti də təhlil edilməlidir.
Burada bir incə məqam da var: ötən ilin keçid balı gələn ilin keçid balına zəmanət vermir. Keçid balı həmin il formalaşan rəqabətin nəticəsidir. Ona görə də "ötən il bu ixtisasa 580 balla qəbul olublar, mənim 600 balım var, deməli, mütləq qəbul olacağam" yanaşması düzgün deyil. İxtisasların ardıcıllığı da ən vacib məsələlərdən biridir. Abituriyent seçimlərini təsadüfi ardıcıllıqla deyil, real istəyinə uyğun sıralamalıdır. Çünki müsabiqə zamanı ərizədə göstərilən ardıcıllıq əsas götürülür və abituriyent balına uyğun olaraq keçə bildiyi ilk ixtisasa yerləşdirilir.
Buna görə "keçid balı yüksək olanı yuxarı yazım" yanaşmasından daha çox, həqiqətən oxumaq istədiyi ixtisasları prioritetləşdirmək lazımdır.
Yüksək bal toplayıb heç bir ixtisasa qəbul ola bilməyən abituriyentlər arasında ən çox rast gəlinən səbəblərdən biri seçim siyahısının həddindən artıq dar tutulmasıdır. Məsələn, 610 bal toplayan abituriyentin konkret məqsədi ola bilər, yalnız tibb təhsili almaq istəyər və həmin ixtisasa qəbul ola bilmədiyi halda başqa ixtisasa getmək istəməz. Belə abituriyentin qəbul ola bilməməsini avtomatik olaraq "səhv seçim edib" kimi qiymətləndirmək düzgün deyil. O, sadəcə məqsədinə sadiq qalır və yenidən hazırlaşmağı seçir.
Amma məqsədi yalnız tələbə olmaq olan və müxtəlif ixtisaslara açıq olan abituriyentin 600-dən yuxarı bal topladığı halda seçimlərini yalnız ən rəqabətli ixtisaslarla məhdudlaşdırması artıq seçim strategiyası baxımından riskli addımdır.
Mən abituriyentlərə həmişə tövsiyə edirəm ki, ixtisas seçiminə imtahandan sonrakı formal mərhələ kimi deyil, qəbul prosesi qədər ciddi yanaşsınlar. Əvvəlcə öz məqsədlərini müəyyənləşdirsinlər, daha sonra seçim hüquqları olan ixtisasları araşdırsınlar, plan yerlərini və əvvəlki illərin nəticələrini müqayisə etsinlər. Seçimlərini istəkləri ilə real imkanları arasında balans yaradaraq formalaşdırsınlar".
Zeynəb Mustafazadə