Muğam sənətinə diqqətin artırılması üçün mühüm tarix
21:50 SosialMuğam Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı zəngin musiqi irsinin ən mühüm nümunələrindən biridir. Bu sənət yalnız musiqi janrı deyil, xalqın tarixini, dünyagörüşünü, mənəvi dəyərlərini, duyğu və düşüncələrini özündə yaşadan böyük bir mədəni sərvətdir.
Muğamın əsas xüsusiyyətlərindən biri onun insan ruhuna birbaşa təsir etməsidir. Bu sənətdə söz və musiqi bir-birini tamamlayaraq dinləyiciyə yalnız estetik zövq vermir, eyni zamanda onu düşünməyə, hiss etməyə və mənəvi aləminə nəzər salmağa sövq edir.
Azərbaycan muğamı tarix boyu müxtəlif mərhələlərdən keçərək inkişaf edib, dəyişən zamanın təsirlərinə baxmayaraq öz əsas mahiyyətini qoruyub. Xanəndəlik məktəbinin formalaşması, ustad sənətkarların yetişməsi və muğam ənənələrinin nəsildən-nəslə ötürülməsi bu sənətin yaşamasında mühüm rol oynayıb. Keçmişdə ustadlardan öyrənilən muğam ənənələri bu gün də peşəkar musiqi məktəblərində, müsabiqələrdə, konsert proqramlarında və müxtəlif mədəni tədbirlərdə davam etdirilir. Azərbaycan muğamının qorunması və dünyada tanıdılması istiqamətində görülən işlər də bu sənətin beynəlxalq miqyasda tanınmasına imkan verib. Muğam artıq yalnız Azərbaycanın milli musiqi irsi kimi deyil, dünya mədəniyyətinin diqqət çəkən nümunələrindən biri kimi də qəbul olunur. Onun beynəlxalq səviyyədə təbliği Azərbaycan musiqisinin zənginliyinin, xalqımızın yaradıcılıq imkanlarının və qədim mədəni ənənələrinin dünyaya təqdim edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
26 avqustun Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü kimi qeyd olunması da bu zəngin irsin təbliği baxımından əlamətdar hadisədir. Belə bir günün təsis edilməsi muğama diqqətin artırılması, onun milli mədəniyyətimizdəki xüsusi yerinin bir daha vurğulanması və Azərbaycan muğamının beynəlxalq aləmdə daha geniş tanıdılması üçün mühüm imkan yaradır. Eyni zamanda bu tarix muğam sənətinin gələcək nəsillərə çatdırılması məsələsini də gündəmə gətirir.
Bu gün Azərbaycan muğamının inkişafında gənc xanəndələrin də xüsusi rolu var. Onlar ustadlardan öyrəndikləri ənənələri davam etdirməklə yanaşı, yeni səhnə imkanlarından və müasir təqdimat vasitələrindən istifadə edərək muğamı daha geniş auditoriyaya çatdırırlar. Bu baxımdan gənc ifaçıların yaradıcılıq fəaliyyəti, beynəlxalq müsabiqələrdə iştirakı və müxtəlif musiqi layihələrində təmsil olunması muğamın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.
Belə sənətkarlardan biri də xanəndə Orxan Hüseynlidir.

Uşaqlıq illərindən muğama maraq göstərən sənətçi sonradan bu istiqamətdə peşəkar fəaliyyətə başlayıb. O, müxtəlif muğam müsabiqələrində uğurlar qazanıb, beynəlxalq səhnələrdə Azərbaycan muğamını təmsil edib.
Xanəndə ilə söhbətimizdə 26 avqust- Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Gününün əhəmiyyəti, muğamın bu gün cəmiyyətdəki rolu, sənətin qorunması və gələcək nəsillərə ötürülməsi, gənclər arasında muğama maraq, eləcə də onun yaradıcılıq fəaliyyəti və gələcək planlarından danışdıq.
-26 avqust -Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü kimi əlamətdar bir tarix muğam sənətimizin dünyada və ölkəmizdə tanıdılması baxımından nə dərəcədə əhəmiyyətlidir? Sizcə, bu gün muğam sənətinə diqqətin artırılmasına necə töhfə verə bilər?
-26 avqustun Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü kimi təsis olunması muğam sənətimiz üçün olduqca əlamətdar hadisədir. Muğam Azərbaycan xalqının milli-mədəni sərvəti, tariximizi, ruhumuzu və mənəvi dəyərlərimizi özündə yaşadan böyük sənətdir. Belə bir günün qeyd olunması muğamın həm ölkəmizdə, həm də beynəlxalq arenada daha geniş təbliğinə imkan yaradır.
Düşünürəm ki, bu tarix xüsusilə gənclərin muğama marağının artırılması və onların milli musiqimizə daha yaxından bağlanması baxımından böyük əhəmiyyət daşıyır. Muğamın daha geniş auditoriyaya çatdırılması üçün belə əlamətdar tarixlərin imkanlarından səmərəli istifadə etmək vacibdir.
- Muğamın bu gün də öz aktuallığını qorumasının əsas səbəbi nədir və onu yaşatmaq üçün ən vacib məsələ hansıdır?
- Muğamın aktuallığını qorumasının əsas səbəbi onun insan ruhuna toxunan, zaman və məkan tanımayan bir sənət olmasıdır. Muğamda həm tariximiz, həm hisslərimiz, həm də xalqımızın düşüncə tərzi yaşayır. Buna görə də zaman keçdikcə bu sənət öz əhəmiyyətini itirmir.
Muğamı gələcək nəsillərə çatdırmaq üçün ən vacib məsələlərdən biri düzgün ifa ənənəsinin qorunmasıdır. Bununla yanaşı, gənc xanəndələrin yetişdirilməsinə, onların peşəkar hazırlığına və muğamın müasir dövrdə düzgün şəkildə təbliğinə diqqət göstərilməlidir.
- Sizin muğam sənətinə marağınız necə yaranıb? Peşəkar şəkildə bu sahəyə yönəlməyinizdə hansı insan və ya hadisə həlledici rol oynayıb?
- Muğama marağım uşaqlıq illərindən yaranıb. Azərbaycan muğamını dinlədikcə bu sənətin dərinliyi və gözəlliyi məni özünə cəlb edib. Zaman keçdikcə bunun sadəcə bir maraq olmadığını, həyatımın əsas istiqamətlərindən birinə çevrildiyini anladım. Peşəkar şəkildə bu sahəyə yönəlməyimdə müəllimlərimin böyük rolu olub. Ən əsası isə Azərbaycanın Xalq artisti, "Şöhrət" ordenli Mənsum İbrahimovun və digər müəllimlərimin zəhmətini xüsusi qeyd etmək istəyirəm.
2013-cü ildə Televiziya Muğam Müsabiqəsinin laureatı olmuşam. 2015-ci ildə Beynəlxalq Muğam Müsabiqəsində ikincisi , həmin il Respublika Muğam Müsabiqəsində isə birinci yerə layiq görülmüşəm. Beynəlxalq Muğam Müsabiqəsində 114 ölkədən iştirakçıların olduğu yarışda ikinci yer tutmağım yaradıcılıq yolumda mühüm hadisələrdən biridir.
- Hazırda müxtəlif tədbirlərdə və musiqi proqramlarında çıxış edirsiniz. Son dövrdəki yaradıcılıq fəaliyyətinizdən danışarkən, hansı layihə və çıxışları xüsusilə qeyd etmək istərdiniz?
- Son dövrdə əsas məqsədim muğam sənətini layiqincə təmsil etmək və dinləyicilərə keyfiyyətli musiqi təqdim etməkdir. Müxtəlif tədbirlərdə, musiqi proqramlarında və səhnə çıxışlarında iştirak etmişəm. Hər bir çıxış mənim üçün yeni məsuliyyət və yeni təcrübədir. Çünki xanəndə üçün səhnəyə çıxmaq sadəcə mahnı ifa etmək deyil, dinləyiciyə hiss və duyğu ötürməkdir. Eyni zamanda mən yalnız muğam sənəti ilə məşğul olmuram. Dünya musiqilərinə də maraq göstərir, onları dinləyir və öyrənirəm. Hər ölkənin özünəməxsus ifa tərzi var və həmin ifa tərzlərinin hər birində müəyyən fikir və duyğu yaşayır. Bu musiqilərdən öyrəndiklərimi öz yaradıcılıq baxışımla birləşdirərək insanlara yeni musiqi təqdim etməyə çalışıram. Məncə, dünya musiqisini insanlara tanıtmaq və müxtəlif musiqi üslublarını təqdim etmək də olduqca maraqlı və zövqlü istiqamətdir.
- Müasir dövrdə, xüsusilə gənclər arasında muğama marağın səviyyəsini necə qiymətləndirirsiniz? Sizcə, gənclərin muğama daha çox maraq göstərməsi üçün bu sənət ənənəvi təqdimat çərçivəsindən çıxaraq yeni ifadə və təqdimat formalarına ehtiyac duyurmu?
- Hesab edirəm ki, gənclər arasında muğama maraq var. Sadəcə, bu marağı daha da artırmaq lazımdır. Bunun üçün muğamı ənənəvi formasından uzaqlaşdırmadan müasir təqdimat imkanlarından istifadə etmək mümkündür. Sosial media, televiziya, rəqəmsal platformalar və müxtəlif musiqi layihələri vasitəsilə muğamı gənclərə daha yaxın təqdim edə bilərik. Əsas məsələ yeniliyə gedərkən muğamın mahiyyətini və klassik ənənəsini qorumaqdır. Müasir təqdimat muğamın özünəməxsusluğuna xələl gətirməməli, əksinə, onun daha geniş auditoriyaya çatmasına xidmət etməlidir.
- Qarşıdakı dövr üçün yaradıcılıq planlarınız nələrdir?
- Qarşıdakı dövrdə əsas məqsədim yaradıcılığımı daha da inkişaf etdirmək, yeni musiqi layihələri hazırlamaq və dinləyicilərimə daha maraqlı ifalar təqdim etməkdir.
Muğam sənətimizi layiqincə təmsil etmək və onun təbliğinə öz töhfəmi vermək mənim üçün əsas məqsədlərdəndir. Eyni zamanda Azərbaycan musiqisini dünyaya tanıtmaq istəyirəm. Mənim üçün ən böyük məqsədim sənətimlə Azərbaycan muğamına xidmət etməkdir.
Zeynəb Mustafazadə