Ermənistanın törətdiyi ekoloji terror ətraf mühitə ciddi ziyan vurur

İstiqamət:  Ekologiya və ətraf mühitin mühafizəsi

Ölkədə ətraf mühitin ekoloji tarazlığının mühafizəsi Azərbaycan dövlətinin prioritet məsələlərindən hesab olunur. Məhz bu səbəbdən ekoloji təhlükəsizliyin təmin edilməsi, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınması, bioloji müxtəlifliyin qorunub saxlanılması və təbiətdən istifadənin səmərəli təşkili sahəsində mühüm addımlar atılmaqdadır. Məlumat üçün onu da qeyd edək ki, bu məqsədlə ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edən qanunvericilik bazası da yaradılıb. Sözügedən hüquqi baza  ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir. Lakin bütün görülən işlərə baxmayaraq təcavüzkar Ermənistan ölkəmizin flora və faunasını məhv etməkdə davam edir. Məhz təcavüzkar dövlətin törətdiyi ekoloji terror nəticəsində ölkənin ekoloji tarazlığı və  ətraf mühitin mühafizəsini lazımi səviyyədə təmin etmək mümkün olmur. "Ekoloq-2010" Ekoloji Maarifləndirmə İctimai Birliyinin (EMİB) sədri Səlim Balayev bildirib ki, üç onilliyi əhatə edən işğal dövründə erməni vandallarının Azərbaycan ərazilərində törətdikləri dağıntıların miqyası ölçüyəgəlməzdir. İşğalçılar, həmçinin 30 il Azərbaycanın təbiətinin qənimi rolunda çıxış ediblər - meşələrdəki qiymətli ağacları kəsərək satıblar və yaxud Ermənistana daşıyaraq mebel sənayesində istifadə ediblər, təbii sərvətlərimizin qeyri-qanuni yollarla istismarını həyata keçiriblər, bol sulu çayları Azərbaycana qarşı təzyiq vasitəsinə çeviriblər: "Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə ölkənin ekologiyasına vurduğu ziyandan söhbət açarkən Oxçuçayın ekoloji fəlakət zonasına çevrilməsini xüsusilə qeyd etmək lazım gəlir. Oxçuçay çayı Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayının sol qolunu təşkil edir. Uzunluğu 83 km olan Oxçuçay mənbəyini Zəngəzur silsiləsinin Qapıcıq dağından(3285 m) götürür. Çayın böyük hissəsi Ermənistanın Sünik bölgəsində (Azərbaycanın Zəngəzur adlanan tarixi bölgəsidir) yerləşir, aşağı məcrası erməni işğalından azad edilmiş Zəngilan rayonu ərazisindən axaraq Araz çayına tökülür. Araz çayı isə Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə mənfi təsirlərə yol aça bilər.

Qeyd edək ki, Oxçuçay çayı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Zəngilan rayonu ərazisində yerləşdiyindən 1993-cü ildən sonra bu çayda monitorinqlər aparmaq imkansız olub. Yalnız 27 il sonra, 2020-ci ildə,  Vətən müharibəsində Azərbaycan torpaqları Ermənistanın hərbi birləşmələrinin işğalından azad edildikdən sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin(ETSN) mütəxəssisləri tərəfindən çayda monitorinqlər  aparmaq mümkün olub və bu zaman dəhşətli faktlar üzə çıxıb. 2021-ci ilin yanvar-iyun aylarında Oxçuçaydan götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib. ETSN-nin monitorinq hesabatlarına əsasən, çayda mis-molibden birləşməsinin miqdarı iki, dəmir dörd və nikel yeddi dəfə normadan yüksək olub, çayın rəngi çirkələnmə səbəbindən vaxtaşırı dəyişib.  2021-ci ilin mart ayında çayda qızılxallı balığın (Small Trout) kütləvi ölümü qeydə alınıb.  Çayın Zəngilanın Şayıflı və Cahangirbəyli kəndlərindəki hissəsində aparılan vizual monitorinq zamanı Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilən minlərlə qızılxallı balıq və  şirbit balıqlarının kütləvi ölümü müşahidə edilib".

Onun sözlərinə görə, Azərbaycan tərəfi çaydakı ekoloji fəlakətlə bağlı beynəlxalq ictimaiyyətin diqqətini məsələyə cəlb etmək üçün xarici ölkələrin nüfuzlu laboratoriyalarına müraciət etməli olub: "Çayın suyu və dib çöküntüləri nümunəsinin təhlilləri ETSN-nin sifarişi əsasında  Almaniyanın beynəlxalq səviyyədə akkreditə olunmuş və sertifikatlaşdırılmış SGS laboratoriyasında aparılıb. Su nümunələrinin sınaq nəticələri çay səthindəki sularda ağır metalların, xüsusən dəmir, mis, manqan, molibden, sink, xrom, nikel və digərlərinin yüksək miqdarda olduğunu aşkar edib, hətta çöküntü nümunələrində təhlükəli maddələrin konsentrasiyasının normadan dəfələrlə artıq olduğu müəyyən edilərək, çayın çirklənmə səviyyəsinin kritik olduğu aşkar edilib. Başqa sözlə, balıqların ölümünə  çayın suyundakı dəmir, mis, nikel, molibden və digər ağır metalların çoxluğu səbəb olub".

İctimai Birlik sədri əlavə edib ki, Oxçuçayın çirklənməsində "xidmətləri" olan qurumlardan biri də  Almaniyanı təmsil edən "Cronimet" şirkətidir. Sözügedən şirkət Ermənistandakı mis və molibden ehtiyatları ilə zəngin olan Qacaran mədənini idarə edir. Mütəxəssislərin hesablamalarına görə, Qacaranda 1 milyard tondan çox filiz ehtiyatı mövcuddur. Gündəlik olaraq, buradan 24 min ton filiz və 5-6 min kubmetr boş süxur hasil edilir. Şirkət Ermənistanın mədənçıxarma sektorunda 1996-cı ildən təmsil olunur: "Araşdırmalarla müəyyən edilib ki,  "Cronimet"in Ermənistanın mədən sənayesindəki fəaliyyəti şəffaf olmayan prinsiplər üzərində qurulub. Azərbaycan tərəfinin sözügedən şirkətə qarşı iddiaları isə qurumun mədən sənayesinin tullantılarını heç bir təmizləmə əməliyyatları aparmadan Oxçuçaya axıtması ilə bağlıdır. "Cronimet" Azərbaycan ərazisindən keçən çayın ölü zonaya çevrilməsinə görə məsuliyyət daşıyır və əməllərinə görə cavab verməlidir.

Digər məsələ ondan ibarətdir ki, nədən özünü  demokratik ölkə sayan   Ermənistan hələ də Helsinki Konvensiyasına qoşulmaq istəmir? Hələ 30 il əvvəl -1992-ci ilin martında Finlandiyanın paytaxtı Helsinkidə BMT-nin Avropa İqtisadi Komissiyası "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə" konvensiya (Helsinki Konvensiyası) qəbul edib. 2003-cü ilin noyabrında isə Komissiyanın Madrid şəhərində keçirilən toplantısında "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya"ya düzəlişlər edilərək, BMT-nin bütün üzv dövlətlərinin bu konvensiyaya qoşulmasını məqbul hesab edilib. Azərbaycan Respublikasının ali qanunverici orqanı olan Milli Məclis 2000-ci ilin martında qəbul etdiyi qərarla ölkə Helsinki Konvensiyasına qoşulub. Əfsuslar olsun ki, özünü demokratik dövlət adlandıran Ermənistan ötən 30 ildə sözügedən Konvensiyanın tərəfi olmaq istəməyib. Məqsədli şəkildəmi? Əlbəttə! Bunu Ermənistanın bölgədə ekoloji cinayətlər törədərək transsərhəd çayı olan Oxçuçayı ağır metallarla çirkləndirilməsi, çay hövzəsini "ölü zona"ya çevirməsi nümunəsində aydın görmək mümkündür".

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31