Ötən il Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi 77 milyon dollar olub
11:54 İqtisadiyyat2025-ci ildə Azərbaycanla Qırğızıstan arasında ticarət əməliyyatlarının həcmi 77,172 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hesablamalara görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 37,1 milyon ABŞ dolları və ya 1,9 dəfə artım deməkdir.
Ötən il Azərbaycan Qırğızıstandan 53,753 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə təqribən 43,3 milyon ABŞ dolları və ya 5,2 dəfə çoxdur.
Eyni zamanda 2025-ci ildə Azərbaycandan Qırğızıstana 23,419 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 6,2 milyon ABŞ dolları və ya təqribən 21% azdır.
Təkcə bu ilin yanvar-iyul aylarında isə Azərbaycanla Qırğızıstan arasında ticarət əməliyyatlarının həcmi 34,066 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 milyon ABŞ dolları və ya təqribən 40,8% azdır.
Hesabat dövründə Qırğızıstan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,12%-i həcmində olub.
Bu ilin ilk 7 ayında Azərbaycan Qırğızıstandan 4,035 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə təqribən 46 milyon ABŞ dolları və ya 12,4 dəfə azalma deməkdir.
Eyni zamanda bu ilin yanvar-iyul aylarında Azərbaycandan Qırğızıstana 30,030 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,5 milyon ABŞ dolları və ya təqribən 4 dəfə çoxdur.
Qırğızıstan Respublikası Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutunun Analitika və Koordinasiya Fəaliyyəti Şöbəsinin baş eksperti Temirlan Razbayev Trend-ə çmüsahibəsində Azərbaycan-Qırğızıstan münasibətlərinin son dövrdə siyasi əlaqələrdən iqtisadi və praktiki əməkdaşlığa doğru genişləndiyini bildirib. Onun sözlərinə görə, xüsusilə nəqliyyat, investisiya, enerji, turizm və rəqəmsal iqtisadiyyat iki ölkə arasında əməkdaşlığın əsas inkişaf istiqamətləri kimi çıxış edir.
"Azərbaycan-Qırğızıstan münasibətləri hazırda yeni mərhələyə daxil olur. 2026-cı ilin iyulunda iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması siyasi əlaqələrin daha yüksək səviyyəyə qaldırılması baxımından mühüm addım oldu. Bununla yanaşı, iqtisadi əməkdaşlığın konkret layihələrlə dəstəklənməsi üçün mexanizmlər formalaşdırılır", - deyə ekspert bildirib.
O qeyd edib ki, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun kapitalının 100 milyon dollardan 200 milyon dollara çatdırılması iki ölkə arasında investisiya əməkdaşlığının genişləndirilməsi üçün əlavə imkanlar yaradır. Fond çərçivəsində artıq bir sıra layihələrin həyata keçirilməsi və yeni təşəbbüslərin icrasına başlanılması iqtisadi əlaqələrin praktiki məzmununu gücləndirir.
"Növbəti mərhələdə əsas məsələ mövcud siyasi əlaqələri daha çox birgə investisiya, istehsal, enerji və logistika layihələrinə çevirməkdir. Xüsusilə Qırğızıstanın hidroenerji potensialı və Azərbaycanın investisiya imkanları bu baxımdan qarşılıqlı maraq yarada bilər", - Razbayev vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan-Qırğızıstan əməkdaşlığının digər mühüm istiqaməti nəqliyyat və logistika əlaqələrinin inkişafıdır. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Xəzər dənizi vasitəsilə Azərbaycan və daha sonra Türkiyə və Avropa bazarları ilə əlaqələndirilməsi Qırğızıstanın beynəlxalq nəqliyyat imkanlarını genişləndirə bilər. Azərbaycan isə bu prosesdə Mərkəzi Asiyanı Qərb bazarları ilə birləşdirən əsas tranzit halqalardan biri kimi çıxış edir. OECD də Orta Dəhlizin inkişafında Azərbaycanın nəqliyyat infrastrukturu və ticarətin asanlaşdırılması baxımından mühüm rolunu qeyd edir.
"Azərbaycan və Qırğızıstan arasında əməkdaşlığın gələcək nəticəsi yalnız imzalanan sənədlərin sayı ilə deyil, qarşılıqlı ticarətin, investisiyaların, yükdaşımaların və birgə layihələrin real artımı ilə ölçülməlidir", - ekspert əlavə edib.Trend