. İran və Ukrayna geosiyasi "pay"a çevrilir- ÖZƏL

"Rusiya-Ukrayna və ABŞ-İran müharibələri bir-birinə bağlı və asılı prosesə çevrilir. ABŞ-ın İranda apardığı müharibə ilk gündən həm də daxili siyasi prosesə istiqamət verən əsas şərtlərdən olsa da, seçki və yaxud digər proseslərin getmədiyi müddətdə gözəçarpan təsirinə şərait olmayıb. Ancaq ABŞ-da noyabrda Konqresə keçiriləcək aralıq seçkilərin nəticəsinə ciddi təsir edəcəyi şübhəsizdir". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib: "Bu baxımdan ABŞ İranla qaneedici razılaşma əldə etmək niyyətindədir. Və noyabra qədər hər hansı razılaşmanın əldə olunması perspektivi Rusiya faktorundan da asılıdır. Moskvanın belə razılaşmadan əldə edəcəyi siyasi və geosiyasi dividendlər Kremlin və Putinin mövqeyi üçün, xüsusən də Ukraynaya münasibətdə əsas məsələdir.
Rusiya-Ukrayna cəbhəsində vəziyyətin gərginləşməsi, Moskvanın hətta taktiki nüvə silahından istifadə ehtimalını gündəmə gətirməsi, Avropa və xüsusilə Böyük Britaniyaya qarşı hədələyici ritorikası, eyni zamanda, ABŞ-ın İranla əldə etmək istədiyi razılaşma Vaşinqton və Moskvanı müəyyən ortaq siyasi nəticəyə gətirə biləcək danışıqlarını şərtləndirir.
ABŞ CIA kəşfiyyat direktoru Con Retkliffin Moskvaya gizli səfəri barədə məlumatların yayılması da bu kontekstdəndir. Seçki ərəfəsində İranla bağlı nəticəyə görə Donald Tramp administrasiyasının Rusiya ilə Ukrayna məsələsində əlavə güzəştli razılaşması mümkündür.
Lakin ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə həlledici təsir imkanı böyük deyil. Kiyev ABŞ-dan asılı olmayan hərbi potensialını, müasir texnoloji müdafiə sənayesini və maliyyə mənbəyini formalaşdırıb. Hətta Ukrayna Avropanın təhlükəsizliyi üçün əsas oyunçuya çevrilib və Kiyevə siyasi, maliyyə və hərbi dəstək artıq Vaşinqtonun iradəsindən çox da asılı deyil.
Bu səbəbdən ABŞ-Rusiya arasında Ukrayna üzrə razılaşma əldə olunsa da, Moskva üçün cəbhədə köklü dəyişiklik yaratmaya bilər. Əlbəttə ki, Vaşinqtonu daha çox maraqlandıran isə Rusiya faktorundan İranla danışıqlarda istifadə etməkdir.
Beləliklə, İran, Rusiya və Ukrayna məsələləri ABŞ-Rusiya geosiyasi alverinin predmeti olaraq qalır. Ancaq Moskva üçün Ermənistan, TRIPP lahiyəsi də danışıqlar predmeti kimi xüsusi ağırlığa malikdir. 
İrandan isə sərt ritorikaya baxmayaraq, hakimiyyətin gələcəyi ilə bağlı qeyri-müəyyənlik özünü açıq göstərir. ABŞ-ın hərbi və iqtisadi təzyiqləri, xüsusilə Hörmüz boğazına nəzarət, dəniz və iqtisadi blokada İranın daxili sabitliyinə və hakimiyyətin dayanıqlığına ciddi təsir göstərə bilər.
Rusiya-Ukrayna və ABŞ-İran müharibələri artıq iki ayrı münaqişə deyil. Onlar ABŞ və Rusiya arasında formalaşa biləcək daha böyük geosiyasi razılaşmanın predmetinə çevrilir. Vaşinqtonun hesablaması isə aydındır: Moskva ilə üstün mövqedən anlaşmaq, Rusiya faktorundan istifadə etməklə İranı güzəştə məcbur etmək və bütün bunları ABŞ-da keçiriləcək seçkilərin nəticələri ilə uzlaşdırmaq istəyi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31