Rusiyanın “söz oyunu”, yoxsa öhdəliklərdən yayınma bəhanəsi?- ÖZƏL

Avqustun 27-də günorta radələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən ölkəmiz əleyhinə təxribat xarakterli şəkillər yerləşdirilib. Rusiyanın mərkəzində açıq şəkildə təxribat xarakterli bu addımın məqsədi nə ola bilər? Hüquqşünas Alim Hüseynli "Olaylar"a bildirib ki, hazırda baş verən hadisə ilə bağlı rəsmi olaraq təsdiqlənmiş konkret məlumat yoxdur. Lakin, təxribat xarakterli hadisənin Azərbaycan-Rusiya münasibətlərini süni şəkildə gərginləşdirmək məqsədi daşıdığı gün kimi aydındır: "Son günlər Rusiyanın bəzi maraqlı dairələri Azərbaycanla Rusiya arasındakı münasibətləri gərginləşdirmək üçün fürsət axtarırlar. Hazırda bu istiqamətdə əməli fəaliyyətə keçiblər və öz niyyətlərini reallaşdırmaq məqsədilə prosesə medi subyektlərini də cəlb ediblər. Artıq bunun təsdiqlənmiş nəticələri də qeydə alınıb. Azərbaycan tərəfi də təxribatın qarşısının alınması istiqamətində lazımi addım atıb. Görünür, həmin maraqlı qüvvələrin məkirli niyyətləri daha genişdir və gərginliyi davam etdirməkdə maraqlıdırlar. Çalışırlar ki, bu kimi təxribatçı hərəkətlərlə ictimai rəyə təsir göstərərək anti-Azərbaycan fonu yaratsınlar. Azərbaycan tərəfini təxribata cavab verməyə məcbur etməklə əlavə siyasi gərginlik yaratmaq niyyəti açıq-aydın görünür. Belə aksiyaların əsas məqsədlərindən biri tərəflərin emosional və sərt reaksiyalarını stimullaşdırmaq da ola bilər. Hadisənin diplomatik nümayəndəliyin qonaq evinin qarşısında törədilməsi bu fikri daha da gücləndirir".

A.Hüseynli qeyd edib ki, digər mühüm məsələ hadisəyə Rusiya rəsmi orqanlarının reaksiyasıdır: "Azərbaycanın Xarici İşlər Nazirliyi hadisənin  Azərbaycana qarşı aparılan "çirkin və qərəzli kampaniyanın" tərkib hissəsi ola biləcəyini, bunun isə ikitərəfli münasibətləri gərginləşdirməyə xidmət edə biləcəyini bildirib. Azərbaycan tərəfi Rusiya Federasiyasının aidiyyəti qurumlarını belə təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin hərtərəfli araşdırılmasını təmin etməyə və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırsa da, qarşı tərəf  "söz oyunu" ilə baş verənləri "yumuşaltmağa" çalışır. Hansı ki, Rusiya tərəfi 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının Səfirliyinin və onun əməkdaşlarının təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsina, habelə diplomatik nümayəndəliyin normal fəaliyyətinə mane ola biləcək hər hansı təxribatçı hərəkətlərin qarşısının alınmasına dair öhdəliklərini tam şəkildə yerinə yetirməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31