Elektrik enerjisi üzərindən yeni əməkdaşlıq: Azərbaycan-Ermənistan xətti nə vəd edir?- ÖZƏL
16:43 SiyasətAzərbaycan və Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları, həmçinin iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsi məsələsi müzakirə olunub. Bu müzakirələr Ermənistan Baş naziri Nikol Paşinyanın TRIPP çərçivəsində elektrik ötürmə infrastrukturunun ilk istifadəyə veriləcək layihələrdən biri ola biləcəyi barədə açıqlamasından sonra gündəmə gəlib. Paşinyan texniki baxımdan bu layihənin nisbətən qısa müddətdə reallaşdırılmasının mümkün olduğunu bildirib.
Azərbaycan və Ermənistan arasında elektrik enerjisi mübadiləsinin yaradılması iki ölkənin iqtisadiyyatına və enerji bazarına hansı təsirləri göstərə bilər? TRIPP çərçivəsində enerji infrastrukturlarının əlaqələndirilməsi regionda enerji ixracı və tranzit imkanlarının genişlənməsinə nə dərəcədə şərait yarada bilər?
Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Olaylar.az-a açıqlama verib:
" Onu qeyd edim ki, iki ölkənin, yəni Azərbaycanla Ermənistanın elektrik sistemlərinin birləşdirilməsi hazırkı şəraitdə ümumiyyətlə mümkün deyil. Yəni birmənalı şəkildə birləşdirilməsi. İki ölkə arasında elektrik enerjisinin alqı-satqısı mümkündür. Bu, başqadır. Amma sistemlərin birləşdirilməsi, düşünürəm ki, hazırkı vəziyyətdə tezdir.
Çünki Azərbaycan üçün Ermənistan bazarının özü böyük bir ixrac bazarı deyil. Burada sadəcə əsas strateji əhəmiyyət nədir? Əsas strateji əhəmiyyət odur ki, yeni bir marşrut yaranır. Və Azərbaycanın gələcəkdə elektrik enerjisi istehsalı artarsa, onun bir hissəsini Ermənistana və Naxçıvan üzərindən Türkiyə istiqamətində çıxara biləcək. Amma məsələyə Ermənistan tərəfindən də baxanda, Ermənistan da Azərbaycan və Türkiyə istiqamətində alternativ enerji mənbələrinə çıxış əldə edir. Yəni öz enerji təchizatını şaxələndirir. Prosesin özü-özlüyündə son dərəcə önəmlidir və perspektivə yönəlik kifayət qədər müsbət gözləntilər formalaşdırır.
TRIPP-lə bağlı bunu qeyd edə bilərəm ki, TRIPP-in mövcudluğu, təbii ki, iki ölkə arasında kommunikasiyaların açılmasına, o cümlədən enerjiötürücü, yəni elektrik enerjisindən söhbət gedir, elektrik enerjisinin ötürülməsi infrastrukturunun formalaşdırılması baxımından çox vacibdir. Çünki, əgər elektrik ötürücüsü infrastrukturu Ermənistan-Azərbaycan-Naxçıvan-Türkiyə xətti üzrə formalaşarsa, söhbət artıq iki tərəf arasında enerji ticarətindən yox, regionun digər ölkələrinin də bu dəhlizdən yararlanmasından gedir. Yəni bundan sonra Avropa bazarına ötürülmə, Mərkəzi Asiyada istehsal olunan enerjinin məhz Azərbaycan və Ermənistan üzərindən ötürülməsi, eyni zamanda da Zəngəzur dəhlizi üzərindən ötürülməsi imkanları vardır.
Bu baxımdan iqtisadi nəticəyə yalnız Azərbaycanın elektrik enerjisi ixracatçısı və Ermənistanın idxalçı kimi baxılması düzgün deyil. Burada əsas məsələ Ermənistanın həm tranzit ölkə kimi fayda götürməsi, həm də özünün Avropaya və digər istiqamətlərə çıxışı üçün imkanların yaradılmasıdır".
Zeynəb Mustafazadə