Cinayətkarlığın kökünü niyə kəsmək mümkün olmur?
2 Dekabr 2022 10:37 SosialMüasir dünya transmilli mütəşəkkil cinayətkarlığın girovuna çevrilib
Quldarlıq cəmiyyətindən başlayaraq indiyə qədər hər gün dünya ölkələrində müxtəlif növ ağır, xüsusilə ağır və az ağır cinayətlər (aşkar və qeyri aşkar şəraitdə törədilən) baş verir. Lakin dövlətlərin bu sahədə formalaşdırdığı siyasət həmişə səmərə vermir. Maraqlıdır, nədən cinayətkarlığın kökünü kəsmək mümkün olmur? Hüquqşünas, "Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev qeyd edib ki, 70 il ərzində kommunist ideologiyası cinayətkarlığın kökünü kəsmək və onu doğuran səbəbləri ləğv etmək istiqamətində çoxlu proqramlar qəbul etdi, amma nəinki ləğv etmək, heç qarşısını almaq belə mümkün olmadı. Mübarizə cinayətkarlığı doğuran səbəb və şəraitin aradan qaldırılması istiqamətində yox, ona meyilli insanlara qarşı həyata keçirilirdi. Ocaq söndürülmürdü: "Cəzaçəkmə müəssisələrində (əvvəllər islah əmək düşərgələri adlanırdı) məhkumluq həyatını yaşayanların islah olunmasına səthi yanaşılırdı. Onlar azadlığa çıxandan sonra cəmiyyətə uyuşa bilmirdilər. Həyat tərzlərinə nəzarət olsa da, əvvəllər məhkum olunmuşlar tərəfindən təkrar cinayət törədənlərin sayı statistikada yüksək idi. Cinayətkarı və onun şəxsiyyətini öyrənən bir elmə-kriminoloğiyaya (latın dilində mənası cinayətkarlıq haqqında elm,- deməkdir) ehtiyac var idi. Belə bir elm də 19-cu əsrin sonlarında yarandı. Amma, mübarizə siyasəti səhv idi. Təsəvvür edin, qəsdən və yaxud ehtiyatsızlıq üzündən törədilən cinayətlərə görə məhkumluğu olmuş şəxslərin yaxın qohumları vəzifələrə təyin olunmazdı. Alıcını 10 qəpik aldadan xanım satıcı istintaqa cəlb edilərdi. Belə yanaşma bir növ cəmiyyəti, xidməti vəzifələrdə çalışan qulluqçuları gərginlikdə saxlamaqla:"Çalışın, yaxın ətrafınızın məhkumluğu olmasın",-deməkdi. Kommunist proqramlarına əsasən düşünmək olardı ki, əhalinin maddi təminatı, mədəni səviyyəsi və düşüncəsi artmaqla cinayətkarlığın da kökünü kəsməyə imkan yaranacaq. İtaliyalı həbsxana həkimi Ç.Lombrozonun mülahizələrinə görə cinayətə meyilli insanlar anadan cinayətkar kimi doğulurlar(?) O, sifətin müəyyən cizgiləri ilə-yastı burun, seyrək saqqal, alnı aşağı, böyük çənə, hündür almacıq sümüklü, palazqulaq şəxslərin cinayətə meyilliyini təsdiqləyirdi. Amma bu mülahizələrin heç biri elmi tədqiqatlara əsaslanmadığından əhəmiyyətini artıq itirib. Digər tərəfdən, əksər ölkələrin Cinayət Məcəlləsi ilə məsuliyyət 14 -16 yaşdan başlayırsa, anadan doğulan və heç nə anlamayan uşaq cinayətin subyekti necə ola bilərdi? Ölkədə əhalinin rifah halı və layiqli həyat səviyyəsi ideal bir həddə artsa belə, yenə həmin cəmiyyətə xas cinayətkarlar və cinayətlər olub... olacaq.
...
Onun sözlərinə görə, dünya, zaman dəyişdikcə cəmiyyətdəki ictimai münasibətlərə münasibət də dəyişir: "Bu baxımdan insanlar aləmində cinayətkarlığa qarşı sərt mübarizə və əməlin dərəcəsinə uyğun cəza təhdidi labüddür. Yetər ki, sosial ədalət bərpa olunsun. Müasir dünya transmilli mütəşəkkil cinayətkarlığın girovuna çevrilib. Xüsusilə ağır cinayətlərin bəzi dəstələri liberal demokratik dövlətlər tərəfindən maliyyələşdirilir və idarə edilir. Digər transmilli mütəşəkkil cinayətkar dəstələr də var. Həmin dəstələr iri korporasiyalar şəklində fəaliyyət göstərirlər. Dünyada vahimə yaradan belə dəstələri də himayə edən iri dövlətlərdir. Mütəşəkkil dəstələr narkotik maddələrin qanunsuz dövriyyəsi, insan alveri, terrorçuluq, qanunsuz silah alveri və s.məşgul olub əldə etdikləri xüsusilə külli miqdarda valyuta ilə kiçik dövlətləri təhdid edirlər. Miqrasiya və vətəndən qaçma belə baş verir. Statistik məlumatlara görə il ətzində 100 min əhaliyə düşən cinayətlərin sayına görə Azərbaycan Avropa ölkələrindən öndədir. 100 min əhaliyə nisbətdə Azərbaycanda 260-300 cinayət düşürsə, Almaniya da 8 min, Danimarkada 6 mindən çox, Qazaxıstan və RF-də də statistika artımla müşahidə edilir. Azərbaycan dövlətinin cinayətkarlıqla mübarizə siyasəti təkmil taktika ilə, nəzəri və praktik baxımdan düşünülmüş tərzdə formalaşdığı və həyata keçirildiyi üçün nəticəsi də var. Həm də, mübarizəyə nəzarət var və qeyd etdiyim kimi peşəkarlıqla həyata keçirilir. 2005-ci ildə Azərbaycan Respublikası DİN- nin nəzdində İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi yaradıldı. Kifayət qədər əməliyyat-axtarış təcrübəsinə malik Azərbaycan polisi heç bir dövlətin təcrübəsini yamsılamadan transmilli mütəşəkkil cinayətkarlığın xüsusilə təhlükəli növünə qarşı mübarizəni peşəkarcasına həyata keçirə bildi, Milli Kordinatorun beynəlxalq tribunalardakı hesabatları uğurla qarşılandı. Lakin ABŞ Departamentinin Azərbaycanın bu sahədəki mübarizə fəaliyyətini ötən ilin nəticəsinə görə qənaətbəxş hesab etməməsi təəssüf doğurur. İnsan Alverinə Qarşı mübarizədə yerli QHT-lərdən ibarət ixtisaslaşmış koalisiya buna münasibətini artıq bildirib. Ölkədə cinayətkarlıqla mübarizədə QHT-lərin rolu danılmazdır. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən vətəndaş cəmiyyətinə maliyyə dəstəyinin göstərilməsi bu işin mahiyyətinə önəm verməyin canlı təzahürüdür. QHT-lər tərəfindən əhali arasında geniş maarifləndirmə işinin, profilaktik əhəmiyyət kəsb edən diskusiya xarakterli seminar mühazirələrin orta və ali təhsil ocaqlarında,habelə peşə yönümlü məktəblərdə vaxtaşırı həyata keçirilməsi davam etdirilməlidir".
...
Ş.Əliyev bildirib ki, cinayətkarlıq hüquqi dövlətin təbiətinə, prinsiplərinə və ideyalarına zidd olsa da,onu doğuran səbəb və şəraitin aradan qaldırılması istiqamətində konseptual tələblərə cavab verən fəaliyyət sərgilənməlidir: "Cinayətkarların şəxsiyyəti tədqiq olunmalı, cinayətə meyilli aspektlər, xromosomluq, təhsildən yayınma halları, işsizlik və sosial çətinliklər, ailə münasibətlərinin normal məcrada davam etməsi, ailədə qarşılıqlı hörmət və ehtiram, ailəyə sədaqət ruhunun aşılanması təhlil edilməlidir. Şəxsiyyətin həm də, fəlsəfi kateqoriya olduğunu nəzərə alsaq, məsələnin riyazi tənliklərin həlli qədər mürəkkəb olduğunu görə bilərik. Böyük Marksın sözlərilə ifadə etsəm:"İnsanın mahiyyəti hər bir fərdə xas mücərrədlik deyil. O, sözün həqiqi mənasında bütün ictimai münasibətlərin məcmusudur.Fərdin inkişafı bütün diğər fərdlərin inkişafı ilə şərtlənir. Kiçik mühitdə formalaşan və fəaliyyət göstərən konkret insan, həm də özünə xas şəxsi keyfiyyətlərin təzahürüdür". İnsanın şəxsiyyət kimi əsas, mən deyərdim ki, mühüm əlaməti onun hansı düşüncəyə, təxəyyülə və təfəkkürə malik olmasıdır, onun daxili aləmidir. Bu əlamətlər cəmiyyətdə onun hərəkət və hərəkətsizliyini, davranışlarını müəyyən edir. İnsanın düşüncəsi onu əhatə edən xarici aləmin əksi deyildir. Cinayət düşüncədə formalaşır, sonra aşkar və yaxud qeyri aşkar şəraitdə baş verir. İctimai təhlükəli əməllər şəxsin hərəkət və hərəkətsizliyinə olan psixi münasibətidir. Mübarizədə çətinlik yaradan səbəblərdən biri də budur. Hər bir fərd-şəxsiyyət insana xas müxtəlif əlamətlərin daşıyıcısıdır. Cinayətkarlıq hər bir cəmiyyətin ərsəyə gətirdiyi əlavə məhsuludur. Onun kökünü kəsmək mümkün deyil".
Alim