Dezinformasiya ilə mübarizə necə aparılmalıdır?
2 Dekabr 2022 12:02 SosialGünümüzün qlobal problemlərindən biri olan yüksək dağıdıcı gücə malik kütləvi silaha çevrilmiş dezinformasiya ilə mübarizə təkcə dövlət qurumları ilə deyil, texnologiya şirkətlərinin, qeyri-hökumət təşkilatlarının, alimlərin, media qurumlarının, jurnalistlərin və yoxlama platformalarının bir araya gələrək mübarizə aparmalı olduğu bir məsələdir.
Dezinformasiya ilə yaranan sosial problemlər son bir neçə ildə bütün dünyada kəskin izlər buraxıb. Fərdi mənada yaratdığı psixologiyadan tutmuş demokratik cəmiyyətlərin yaşadığı problemlərə qədər geniş təsirlərə səbəb olan dezinformasiya, sosial medianın bəşəriyyətə etdikləri ilə bağlı böyük narahatlıq yaradır. Josep Bernstein bu yaxınlarda qeyd etdiyi kimi: "kütlənin müdrikliyindən dezinformasiyaya keçid həqiqətən qəfil baş verdi".
Bəs dezinformasiya nədir? Ehtiyat tədbirləri görülməsə, gələcəkdə hansı problemlərlə üzləşə bilər? Davamlı izlədiyimiz sosial media platformalarının istifadəçilərə təqdim etdiyi yanlış məlumatlara niyə əhəmiyyət verməliyik?
"Dezinformasiya" yalnış məlumatlandırma mənasına gəlir. Həqiqətə uyğun olmayan məlumatların istifadə edildiyi və müəyyən mənada manipulyasiya məqsədi daşıyan dezinformasiya ümumiyyətlə qara təbliğat kimi tanınır. Yalnız fərdlər və ya təşkilatlar tərəfindən deyil, həm də qəzetlər və xəbər kanalları tərəfindən ictimai rəy yaratmaq və kütlələri hərəkətə gətirərək xaos yaratmaq məqsədilə tez-tez istifadə edilən bu üsul günümüzün rəqəmsal media mühitlərində çox geniş yayılıb və təhlükəli hala gəlib.
Tez-tez dezinformasiya ilə qarışdırılan başqa bir anlayış olan mezinformasiya, yanlış məlumatın qəsdən paylaşılması deməkdir. Yəni dezinformasiya qəsdən saxta xəbərlər hazırlamaq və yaymaq demək olduğu halda, mezinformasiya bu məlumatı bilmədən yaymaq sayılır. Bu kontekstdə diqqət çəkən başqa bir anlayış "zərərli məlumat"dır. Bir şəxsə, quruma və ya ölkəyə zərər vermək üçün istifadə edilən real məlumatların paylaşılması kimi tanınan bu tip məlumat dezinformasiyadan fərqli olaraq real məlumatlara əsaslanır, lakin yenə də pis məqsədlə istifadə olunur.

Media eksperti Azər Həsrətin sözlərinə görə, dezinformasiyalarının qarşısının alınması üçün sosial media istifadəçiləri şəxsiyyət vəsiqələri ilə qeydiyyatdan keçməlidirlər:
"Dezinformasiya - saxta informasiyaların yayılması günümüzün ən ciddi problemlərindən biridir. Bundan hər kəs əziyyət çəkir. Həm dövlət qurumları, həm siyasilər, həm ictimai fəallar, həm də ayrı-ayrı vətəndaşlar. Yəni sıravi insanlar belə bundan çox əziyyət çəkir. Təbiidir ki, bu əziyyətin qarşısının alınması üçün əslinə qalsa, qanunlarımızda da müəyyən müddəalar var. Yəni, dezinformasiyaların qarşısının almaq üçün müddəalar var. Sadəcə olaraq, bunların geniş tətbiq edilməsi imkanları yoxdur. Yəni, təsəvvür edin ki, heç Azərbaycanda olmayan, xaricdə oturmuş birisi ağlına gələn bir yalan uydurma xəbəri yayır və burada insanlar Azərbaycanın içində də fərqinə varmadan həmin xəbəri tirajlayır, saxta olduğunu bilmədən. Bu tirajlanma o qədər sürətlə və geniş həyata keçirilir ki, artıq burada kimisə tapıb, tutub cəzalandırmaq imkanı belə yoxdur. Yaxud da ki, bunun ilkin mənbəyini aşkarlayıb, qarşısını almaq imkanı yoxdur. Yəni buna qarşı tədbir görmək çox çətindir. Ona görə də biz illərdir deyirik ki, bu cür neqativ halların qarşısının alınması üçün sosial media istifadəçiləri şəxsiyyət vəsiqələri ilə qeydiyyatdan keçməlidirlər. Bütün dünyada bunun belə tətbiq edilməsi dezinformasiyaların qarşısını müəyyən qədər ala bilər. Tam deyil, tam alınması mümkünsüz görünür.
Hansı hallarda dezinformasiya yayılır? Təbiidir ki, özəlliklə Azərbaycanın Ermənistanla həll edəcək məsələləri qalıb, o məsələlərə aid dezinformasiyalar bol-bol yayılır. Bundan savayı, Azərbaycanın üzərindən diş qıcayan güney qonşumuz İranla bağlı İrandan qaynaqlanan dezinformasiyalar həddən çox yayılır. Digər tərəfdən, quzey qonşumuz, hər zaman da özünün təcavüzkarlığı ilə dünyada ad çıxarmış Rusiyanın bizimlə bağlı dezinformasiyaları da həddən artıq çox yayılır. Bizə də bunların mərkəzlərini bilirik. Bir tərəfdən Tehrandır, bir tərəfdən Moskvadır, digər tərəfdən İrəvandır və eyni zamanda, onların arxasında duran Fransa kimi bənzər dövlətlər və onların mərkəzləridir. Təbiidir ki, bunlar anti-Azərbaycan tələblərini, planlarını həyata keçirmək üçün dezinformasiyadan gen bol istifadə edirlər.
Qeyd etdiyim kimi, bunun qarşısını almaq həqiqətən çox çətindir, bəzən də mümkünsüzdür. Bu baxımdan heç olmasa, sosial media istifadəçiləri şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmiş olardısa, dezinformasiyaların qarşısını bir qədər almaq olardı. Digər tərəfdən isə, xaricdən qaynaqlanan dezinformasiyaların qarşısının kəsilməsi üçün də əngəlləmə imkanlarından istifadə etmək tənqidə səbəb olmamalıdır. Yəni, dövlət konkret kanalları müəyyənləşdirdiyi halda onları əngəlləmək hüququna sahibdir və bu hüquqdan geniş istifadə edilməlidir. Məsələn, Moskvadan, İrəvandan, Tehrandan, Məşhəddən, hardan qaynaqlanırsa, ordan gələn kanallar əngəllənməlidir. Təbii ki, bunlar problemi kökündən çözəcək deyil, amma ümumilikdə bir qədər həll edəcək".
Göründüyü kimi, dezinformasiya ilə effektiv mübarizə yalnız tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməklə həll oluna bilən məsələ deyil. Çünki dezinformasiya çoxölçülü və mürəkkəb bir hadisədir. Buna görə də tək bir həll kifayət etməyəcək. Bunun əvəzinə dezinformasiyanın artması və yayılmasının qarşısını almaq üçün bir neçə müxtəlif növ hüquqi və tənzimləyici cavab tədbirləri həyata keçirilməlidir.
Qaydalara əsasən, dezinformasiyanın yayılmasını məhdudlaşdırmaq üçün anti-bot qanunlarından istifadə edilə bilər. Çünki bu qanunlar məzmunun botlar vasitəsilə ötürülməsini çətinləşdirir. Bundan əlavə, qurumların dezinformasiyaları aşkar etmək, təhlil etmək və açıqlamaq imkanlarını təkmilləşdirmək lazımdır. Digər mühüm addım dezinformasiyaya qarşı əlaqələndirilmiş və birgə cavab tədbirlərini gücləndirməklə özəl sektoru səfərbər etməkdir. Bundan əlavə, məlumatlılığı artırmaq və dezinformasiyaya qarşı sosial dayanıqlığı artırmaq üçün rəqəmsal media savadlılığı təhsili genişləndirilməlidir.
Dezinformasiya ilə mübarizə çərçivəsində hüquqi tənzimləmələrlə yanaşı, müstəqil tənzimləyici qurumun yaradılması zərurəti ortaya çıxır. Dezinformasiya ilə mübarizədə böyük texnologiya şirkətlərinin məsuliyyətini artırmaq üçün qaydalar hazırlanmalıdır. Məsələn, sosial media platformaları məzmunun silinib-çıxarılmaması ilə bağlı siyasətlərini şəffaf şəkildə paylaşmalı və bunun nə dərəcədə həyata keçirildiyi yoxlanılması üçün öz daxilində hesabatlılıq mexanizmləri yaratmalıdırlar. Ölkədən ölkəyə fərqli siyasətlər tətbiq edən bu şirkətlərin standart siyasət qəbul etmələri və şəffaflıqla paylaşmaları təmin edilməlidir. Alternativ yanaşma, müəyyən sayda istifadəçisi olan platformalardan məzmun üçün şikayətlərin bildirilməsi və nəzərdən keçirilməsi mexanizminin yaradılmasını tələb etmək olardı. Effektiv olması və platformaların hesabatlılığının artırılması üçün şikayət mexanizmləri və fəaliyyətinə müstəqil baxış qanunla təmin edilməlidir.
Başqa bir potensial həll yolu mesajlaşmanı qapalı platformalarla məhdudlaşdırmaqdır. Dezinformasiya adətən söhbətdən mesajı başqa qruplara ötürməklə yayılır. Dezinformasiyanın yayılmasının qarşısını almaq üçün WhatsApp bu yaxınlarda mesaj yönləndirmə limitini 20-dən 5-ə endirmək qərarına gəlib. Bununla belə, WhatsApp söhbət qruplarında əlaqə limiti 256-dır. Bu, çoxlu sayda insanın dezinformasiyaya məruz qala biləcəyi bir mühit yaradır. Bu dərəcədə, qanunlar həmçinin mesajın ötürülmə sayını və ya müəyyən söhbətdə iştirak edən insanların sayını məhdudlaşdıra bilər.
Bunun nəticəsidir ki, hökumətlər, beynəlxalq qurumlar, texnologiya nəhəngləri, elm adamları və jurnalistlər, eləcə də qeyri-hökumət təşkilatları artan saxta xəbər və dezinformasiya təhlükəsinə qarşı birgə hərəkət etməli, gələcək böhranların qarşısını almaq üçün təcili addımlar atmalıdır.
Röyalə Xəyal