"Amnesty International" Gürcüstanda etirazçıların əfv edilməsinə münasibət bildirib: "Bu, ədalət deyil" – ÖZƏL
11:43 DünyaOlaylar.az xəbər verir ki, "Amnesty International" beynəlxalq hüquq-mühafizə təşkilatı Gürcüstanda kütləvi etiraz aksiyaları zamanı saxlanılan 9 nəfərin əfv olunmasını alqışlasa da, bunu tam ədalətin bərqərar olunması kimi qiymətləndirməyib. Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev bildirib ki, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüququndan istifadə edən dinc etirazçılar ümumiyyətlə məsuliyyətə cəlb olunmamalı idilər. Bəyanatda həmçinin polis və digər güc strukturları tərəfindən yol verilən bütün insan hüquqları pozuntuları, qanunsuz güc tətbiqi və zorakılıq hallarının müstəqil şəkildə araşdırılmasının, təqsirkarların cəzalandırılmasının və dinc nümayişlərə görə həbs edilən bütün şəxslərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasının vacibliyi vurğulanıb.
Qeyd edək ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin "Mariamoba" bayramı münasibətilə imzaladığı əfv fərmanı ilə ümumilikdə 226 nəfər, o cümlədən etiraz aksiyalarında saxlanılan bir qrup şəxs azadlığa buraxılıb.