Azərbaycanın xarici siyasətində diaspor və lobbiçiliyin inkişafı prioritet istiqamət kimi müəyyən edilib

İstiqamət: Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Azərbaycan diasporunun tarixi o qədər çox olmasa da, lakin inkişaf və təşəkkül baxımından yaşı çox olan diasporlar qədəraktiv və fəaliyyətlidirlər. Xüsusilə müstəqillik illərindən sonra diaspora sahəsində aktivlik daha qabarıq şəkildə müşahidə edilməyə başlanılıb.  Ümummilli lider Heydər ƏIiyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün istiqamətlərdə olduğu kimi diaspor və lobbi quruculuğu istiqamətində də müvafiq addımlar atıldı, bu sahədə təşkilatlanma işi sürətləndirildi. Heydər Əliyevin Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi ilə bağlı imzaladığı tarixi sənədi və Bakıda Dünya Azərbaycanlılarının Birinci qurultayının keçirilməsi, bir müddət sonra bu sahəyə məsul olan Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Qurumunun yaradılması müstəqillik illərində diaspora sahəsində atılan ilk kövrək, eyni zamanda məqsədyönlü addımlar idi.

Ümummilli lider Heydər Əliyevin vəfatından sonra bütün istiqamətlərdə olduğu kimi diaspor sahəsində də geriləmənin müşahidə ediləcəyi iddia olunsa da, lakin iddialar özünü doğrultmadı və Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev ölkə prezidenti seçilməklə atasının yolunu davam etdirməyə başladı. Sonrakı illərdə keçirilən Dünya Azərbaycanlılarının digər qurultayları isə Azərbaycan diasporunun həyatında yeni bir mərhələnin başlanğıcını qoydu. Elə ictimai fəal Anar Salehoğlu da bu qənaətdədir. O bildirib ki, Azərbaycan dövlətinin davamlı inkişafı və tərəqqisi yolunda ölkədən kənarda yaşayan azərbaycanlıların həmrəyliyinin təmin olunması, diaspor quruculuğu və lobbiçilik institutlarının təkmilləşdirilməsi vacibdir: "Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı milli maraqlarımızı qorumalı, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi təbliğ etməli və ən əsası azərbaycançılıq ideologiyasına sadiq olmalıdır". O deyib ki, Azərbaycanın xarici siyasətində diaspor və lobbiçiliyin inkişafı prioritet istiqamət kimi müəyyən edilmişdir: "Münaqişələrin həllində və reallıqların dünya ictimaiyyətinə çatdırılmasında da adıçəkilən sahələrin xüsusi əhəmiyyəti vardır. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanın prezidenti seçilməsi ilə ölkəmizdə hərtərəfli inkişafın və tərəqqinin əsası qoyuldu. Bu sahələrdən biri də məhz diaspor quruculuğu və lobbiçilik idi. 2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı. Bu fərmanla dünya azərbaycanlılarının təşkilatlanması təmin olunacaqdı. Ümummilli liderdən sonra böyük dühanın siyasi irsinin layiqli davamçısı cənab prezident İlham Əliyev diaspor quruculuğu işində və lobbiçilikdə əsaslı irəliləyişlərin əldə olunmasına nail oldu. İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bu qurumun uğurlu fəaliyyəti nəticəsində dünya azərbaycanlıları arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində xeyli iş görülüb. Hesab edirəm ki, ciddi nəticələr əldə etmişik və bu sahədəki uğurlarımız davamlı olacaq".

Anar Salehoğlu qeyd edib ki, bu istiqamətdə atılan mühüm addımlardan biri də Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsidir: "Bu qurultay xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbirdir. İlk qurultay prezident Heydər Əliyevin 23 may 2001-ci il tarixli 724 nömrəli sərəncamına əsasən 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilmişdir. Daha sonra bu proses ənənə halını almışdır. Belə ki, hər beş ildən bir dünya azərbaycanlılarının qurultayı keçirilir. Sonuncu qurultay Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirildi və Zəfər Qurultayı adı ilə tarixə düşdü. Bu qurultay bütün dünyaya milli birliyimizin gücünü göstərdi. Hər kəs xaqımızın həmrəy xalq olduğunu, vətən təhlükədə və təhdid altında olan zaman bir yumruq ətrafında sarsılmaz iradə ilə birləşdiyini gördü. 44 günlük vətən müharibəsində xaricdə fəaliyyət göstərən diaspora təşkilatlarının və lobbiçilik institutları siyasi müstəvidə ölkəmiz üçün böyük işlər gördülər. Bu isə ölkə rəhbərliyinin diaspor quruculuğu və lobbiçilik sahəsindəki uğurlu siyasətinin nəticəsi idi".

Yazı Azərbaycan Respublikasının Medianın  İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31