Rusiyanın Ermənistandakı təsiri zəifləyir- Köçəryanın həbsi nə vəd edir?- ÖZƏL
16:01 SiyasətRusiya XİN-in sözçüsü Mariya Zaxarova Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsini şərh edərək bildirib ki, Moskva Ermənistanın daxili işlərinə müdaxilə etmir, lakin ölkədə baş verənlərə biganə qala bilməz.
Zaxarova Rusiyanın Ermənistanı qardaş ölkə hesab etdiyini vurğulayıb və İrəvanda Rusiya ilə müttəfiqliyin tərəfdarı olan qüvvələrə qarşı repressiyaların davam etdiyini bildirib. Onun sözlərinə görə, rusiyapərəst siyasətçilərə təzyiq Moskva-İrəvan münasibətlərinin pisləşdirilməsi ilə bağlı narahatlıq yaradır.
Mariya Zaxarovanın Köçəryanın həbsi ilə bağlı sərt açıqlaması Moskvanın Ermənistanın daxili siyasi proseslərinə münasibətində yeni mərhələnin başlanğıcı sayıla bilərmi? Köçəryanın həbsi fonunda Rusiyanın İrəvana təzyiq imkanları nələrdir və bu hadisə Ermənistan-Rusiya münasibətlərini daha da gərginləşdirə bilərmi?
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:
" Son bir neçə ildə Nikol Paşinyan öz hakimiyyətini möhkəmləndirmək üçün ölkədə müəyyən siyasi proseslər həyata keçirir. Əvvəllər müəyyən şəxslərin həbs edilməsi və ya vəzifədən kənarlaşdırılması müəyyən çətinliklər yaradırdı. Çünki Robert Köçəryan və digər siyasi qüvvələr buna müəyyən qədər mane ola bilirdi. Artıq N.Paşinyan R.Köçəryanı demək olar ki, böyük ölçüdə zərərsizləşdirib. Yəni əsas rəqibi olan güc mənbəyini zəiflətməklə digər siyasi rəqiblərini- nə qədər zəifləmiş olsalar da siyasi meydandan kənarlaşdırmaq imkanlarını genişləndirib. Təbii ki, əvvəlki mərhələdə Nikol Paşinyanın əsas hədəfi birbaşa siyasi rəqibləri idisə, indi diqqət daha çox Rusiyayönümlü, Rusiya ilə yaxınlığı ilə tanınan şəxslərə yönəlir. Söhbət, xüsusilə də hakimiyyətdə olduqları dövrdə Rusiyadan ciddi siyasi və digər dəstək alan şəxslərdən gedir. Təbii olaraq, Rusiya da bu proseslərə cavabsız qalmır. Moskva tərəfindən müəyyən siyasi bəyanatlar səsləndirilsə də, indiki mərhələdə bu reaksiyalar o qədər də effektiv görünmür.
R.Köçəryan məsələsində söhbət, sadəcə, Ermənistanın xarici siyasətindən getmir. Burada, eyni zamanda, Rusiyaya yaxın siyasi elitanın gələcəyindən söhbət gedir. R.Köçəryanın Moskva ilə uzun illər sıx əlaqələri olub, Rusiya ilə münasibətlərin qorunmasını müdafiə edib və Rusiyadan ciddi siyasi dəstək alıb. Bu baxımdan R.Köçəryanın siyasi imkanlarının məhdudlaşdırılması yalnız onun özünün zəifləməsi deyil, eyni zamanda, Rusiyanın Ermənistan daxilindəki təsir imkanlarının müəyyən qədər azalması anlamına gəlir.
Nikol Paşinyanın Qərb siyasi dairələri ilə və qərbmeyilli şəxslərlə münasibətləri, ümumilikdə isə Qərbə meyilli siyasi xətti artıq kifayət qədər bəllidir. Bu kontekstdə Rusiyayönümlü siyasi fiqurların hakimiyyətdən kənarlaşdırılması və ya həbs olunması bir tərəfdən N.Paşinyanın daxildə hakimiyyətini daha da möhkəmləndirməsinə, digər tərəfdən isə Qərbmeyilli siyasi kursun güclənməsinə xidmət edən prosesdir.
Mariya Zaxarovanın və Rusiyanın digər siyasi dairələrinin açıqlamaları da onu göstərir ki, Moskva Ermənistanın daxili işlərinə birbaşa müdaxilə etməsə belə, baş verənləri sırf daxili hüquqi proses kimi də qəbul etmir. Rusiya tərəfindən verilən açıqlamalardan görünür ki, bu məsələnin Moskva üçün də siyasi əhəmiyyəti var və proseslərin bir ucu Ermənistanın daxili siyasətindən çıxaraq Rusiyanın regional maraqlarına gəlib dayanır.
Seçkilərdən sonra N.Paşinyanın böyük üstünlüklə hakimiyyətini möhkəmləndirməsi və bundan sonra, ilk növbədə, R.Köçəryan məsələsinə yönəlməsi onu deməyə əsas verir ki, gələcəkdə digər keçmiş prezidentlər və siyasi rəqiblər də hədəfə çevrilə bilər. Bu şəxslər müəyyən mənada siyasi proseslərdən kənarlaşdırılmalıdırlar. Əks halda siyasi fəallıqlarını davam etdirdikləri təqdirdə onların da Robert Köçəryanın taleyini yaşamaq ehtimalı artır.
Bundan əlavə, Rusiyanın Ermənistan parlamenti daxilində siyasi dayaqlarından biri hesab olunan əsas fiqurlardan biri artıq əvvəlki siyasi imkanlara malik deyil və onun təsir rıçaqları ciddi şəkildə zəifləyib. Ümumilikdə proseslərin Rusiyaya yaxınlığı ilə tanınan siyasi və ictimai fiqurlara qarşı yönəlməsi də diqqət çəkir.
Əvvəllər Rusiyanın Ermənistana təsir imkanları kifayət qədər geniş idisə, hazırda bu imkanların tədricən məhdudlaşdığı və zəiflədiyi görünür. Bununla belə, Rusiyanın əlində hələ də ciddi təsir rıçaqları qalır. Onlardan ən mühümlərindən biri enerji sektorudur. Rusiya Ermənistanda qaz təchizatı, enerji şirkətləri və iqtisadi təsir imkanları vasitəsilə hələ də güclü mövqeyə malikdir. Son günlərdə Rusiya-Ermənistan münasibətlərində qaz məsələsindən siyasi siqnal vasitəsi kimi istifadə edilməsi də bu baxımdan diqqət çəkir.
Rusiya öz təzyiq imkanlarını birbaşa hərbi və ya sərt siyasi ritorika ilə deyil, daha çox enerji və texniki məsələlər üzərindən nümayiş etdirə bilir. Bununla yanaşı, ticarət, əmək miqrasiyası və pul köçürmələri kimi sahələr də Moskvanın Ermənistan üzərində təsir göstərə biləcəyi mühüm istiqamətlər olaraq qalır. Bu sahələrdə Rusiyanın Ermənistana qarşı təzyiq imkanlarını son zamanlarda artırdığı da hiss olunur".
Zeynəb Mustafazadə