“Milli Hərəkat” rəsmisi: “Gürcü arzusu” xalqın deyil, öz rifahının qayğısına qalır – ÖZƏL
14:38 SiyasətOlaylar.az xəbər verir ki, "Vahid Milli Hərəkat" partiyasının üzvü Laşa Parulava Parlament sədri Şalva Papuaşvilinin regional siyasət məsələləri üzrə dövlət naziri vəzifəsinin ləğv edilməsi barədə açıqlamasına reaksiya verib. O, "Gürcü arzusu"nu hökumət kabinetlərini xalqın ehtiyaclarına deyil, şəxsi maraqlarına uyğun bölüşdürən korrupsiyalaşmış rejim adlandırıb.
Parulavanın sözlərinə görə, bu qərar hakim partiyanın yalnız öz hakimiyyətini və gəlirlərini düşündüyünün bariz sübutudur. O qeyd edib ki, vaxtilə Mamuka Mdinaradze üçün xüsusi nazirlik yaradılmışdısa, indi o vəzifədən getdiyi üçün həmin qurum da ləğv olunur. Muxalifətçi siyasətçi ölkənin gələcəyi üçün məhz "Gürcü arzusu" rejiminin hakimiyyətdən kənarlaşdırılmalı olduğunu vurğulayıb.
Xatırladaq ki, Şalva Papuaşvili regional siyasət üzrə dövlət naziri postunun bərpa olunmayacağını, həmçinin Regional İnkişaf və İnfrastruktur nazirliklərinin birləşdirilməsi məsələsinin müzakirə edildiyini bildirib.