Reket jurnalistikaya qarşı mübarizədə cəmiyyət özü də maraqlı olmalıdır
29 İyul 2022 15:41 SosialAzərbaycan mediasının çox ciddi problemlərindən biri də reket jurnalistika ilə bağlıdır. Zaman-zaman sözügedən neqativ hala qarşı mübarizə aparılsa da, bu sahə ilə məşğul olan müvafiq qurumlar müəyyən adekvat tədbirlər görüb müxtəlif təsir vasitələrindən istifadə etsə də, hələ də Azərbaycan mətbuatından reket jurnalistikanı uzaqlaşdırmaq, mediamızı sağlamlaşdırmaq mümkünsüz olaraq qalır. Məsələ ondan ibarətdir ki, problem getdikcə həll olunmaq, azalmaq əvəzinə, daha da artır, korrupsiya, rüşvətxorluq kimi cəmiyyətdə bir yaraya çevrilir. Həm paytaxt, həm də bölgələrdə artıq bu kimi neqativ hallara tez-tez rast gəlmək olur. Vəziyyət o həddə çatıb ki, artıq Respublika Prokurorluğu da reket jurnalsitikadan ciddi narahatçılığını ifadə edib və bu problemin aradan qaldırılmasının zəruriliyini cəmiyyətə çatdırıb. Prokurorluq haqlı olaraq hesab edir ki, bu kimi mənfi hal Azərbaycan mediasının nüfuzuna xələl gətirir, onu gözdən salır.
Elə "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli də belə hesab edir. Təşkilat sədri qeyd edib ki, reket jurnalistika ümumilikdə Azərbaycan mediası üçün qarayaradır və onun mövcudluğu hər bir əqidəli, peşəsinə hörmətlə yanaşan jurnalistin əməyinə kölgə salır: "Vəziyyət o həddə çatıb ki, artıq sözün həqiqi mənasında jurnalist olan, peşəsinə sadiqlik nümayiş etdirən, fəaliyyətində qərəz və yalana yer olmayan jurnalistlər özlərini jurnalist kimi təqdim etməyə utanırlar. Əsas etibarilə də regionlarda bu cür hallar daha çox yayılıb. Jurnalistikaya asan gəlir mənbəyi kimi baxan təsadüfi adamlar domen alıb informasiya portalı yaradaraq reketçiliyə başlayırlar. Ayrı-ayrı yerli məmurlara şər-böhtan atır, ailə məsələlərinə müdaxilə edir, hədə-qorxu və onlardan pul tələb edirlər. Dəfələrlə hüquq-mühafizə orqanları belə neqativ halları araşdırıb lazımı hüquqi tədbirlər görsə də, hələ də reket jurnalistika mövcuddur və onun hər mövcud olduğu gün, saat normal jurnalistikaya bir zərbədir".
İctimai Birlik sədri hesab edir ki, reket jurnalistikaya qarşı mübarizədə cəmiyyət özü də maraqlı, fəal olmalıdır: "Regionlarda fəaliyyət göstərən mərkəzi və yerli icra hakimiyyətlərinin müvafiq qurumları, eləcə də dogər dövlət idarələri həmin "jurnalistlər"i qəbul etməməli, onlarla ünsiyyətdən qaçmalıdırlar. Hər hansı bir reket jurnalist şantaj, hədə-qorxu yolu ilə yerli məmurlardan pul tələb edərkən həmin şəxs "jurnalist"in dediyinə əməl edib ona pul verməməli, əksinə həmin hadisə barədə dərhal yerli hüquq-mühafizə orqanlarına məlumat verməlidir". Təşkilat sədri hesab edir ki, reket jurnalistlərin əsas etibarilə regionlarda geniş yayılmasında bəzi yerli məmurların da rolu az deyil: "Çünki bəzi yerli məmurlar kifayət qədər nöqsanlı fəaliyyət göstərirlər. Hətta bəzi hallarda rüşvət və korrupsiya hallarına yol verirlər. Həmin məlumatları bu və ya digər yolla, rayondakı adamları vasitəsilə əldə edən reket jurnalistlər isə dərhal həmin məmurun sinəsinə çökür və ondan pul tələb edirlər. Əgər hər hansı bir məmur fəaliyyətində neqativ hallara yol verməsə, o zaman reket jurnalist üçün də qapılarını açmayacaq. Çünki zaman-zaman yerlərə müvafiq qurumlar tərəfindən bəlli siyahı göndərilir ki, hansı media qurumları fəaliyyətini sağlam prinsiplər üzərində qurub, hansı mətbu orqanlarla əməkdaşlıq etmək məqbuldur".
Süleyman İsmayılbəyli onu da deyib ki, son vaxtlarda media sahəsində aparılan islahatlar, xüsusilə də jurnalistlərin reyestrinin hazırlanması öz-özlüyündə reket jurnalistikanın sıradan çıxmasını sürətləndirəcək: "Nəticə etibarilə media mühitimiz də sağlamlaşacaq və təsadüfi adamlar mediadan uzaqlaşdırılacaq. Düzdür, ənənəvi olaraq atılacaq bu kimi addımlar bəlli dairələr tərəfindən fikir, söz azadlığının sıxışdırılması kimi qələmə veriləcək. Ancaq bu bir həqiqətdir ki, reket jurnalistikanın fikir, söz azadlığı ilə heç bir bağlılğı yoxdur. Onlar heç bu prinsiplərin nədən ibarət olduğunu bilmirlər".
Füzuli