“Psixoloqların seans qiymətini eşidən pasiyent depressiyaya düşür” – Lalə Mehralı

Depressiya psixi pozuntular sırasında ən ağır xəstəliklərdən biridir. Pandemiya, karantin şəraiti, qəbul imtahanları ərəfəsini nəzərə alsaq, depressiyadan əziyyət çəkən insanların sayının kifayət qədər olduğunu görərik. Bu gün depressiyadan əziyyət çəkənlər arasında yetkinlik yaşına çatmayan uşaqlar, imtahan ərəfəsində ailə basqısı ilə stress yaşayan gənclər,  hamiləlik və zahılıq dövründə olan qadınlar üstünlük təşkil edir. Onların hər biri üçün bir neçə ortaq cəhətlər var ki, bunlara əhval -ruhiyənin aşağı olması, heç nəyin zövq verməməsi, hər şeyin maraqsız gəlməsi, özünü günahkar hiss etmə duyğusunun artması, əsəbilik, kiçik şeylərin həddindən artıq gərginləşdiril məsi, yuxu pozuntusu - həddindən artıq yuxu istəyi və ya yuxusuzluq, günlərlə sürən yorğunluq hissi, adaptasiya pozulması, diqqətsizlik, ümidsizlik və ən əsası və qorxulusu ölüm və ya intihar barədə düşünmək daxildir.
Təbii ki, depressiya həm dərman, həm psixoterapiya ilə birlikdə müalicə oluna bilən bir xəstəlikdir. Neyropsixatrik və ya psixi pozuntulardan əziyyət çəkən insanların da böyük qisminin üz tutduğu məkan psixoloqlardır. 
Günümüzdə psixoloqlara ehtiyacın artması, qəbul qiyməti və seanslardan yan ötüşmür. 1 seansı 100 manata olan psixoloqların əksər insanlar üçün əlçətmaz olması danılmaz faktdır. Bəs belə hallarda psixi pozuntuları olan, xüsusən də, sonu intihara qədər gedib çıxan depressiyadan əziyyət çəkən şəxslər necə yardım almalıdırlar?


Sosioloq Lalə Mehralı deyir ki, bir insanla 2 dəqiqə ünsiyyətdə olmaq belə bizim sosiallaşmağımız üçün böyük addım sayılır:
"Hesab edirəm ki, biz bütöv bir ölkə olaraq özümüz öz göbəyimizi kəsməyə çoxdan öyrəşmişik. Bəlkə də sözüm bir qədər acı olacaq, amma hesab edirəm ki, bizim ölkəmizdə bizi təəccübləndirəcək potensiala sahib psixoloqlar yoxdur. Çünki mən öz işim ilə də bağlı çox psixoloji vəziyyətlərin şahidi oluram, psixoloq yanına getmiş insanlarla həmsöhbət oluram və jurnalist olduğum üçün özüm də zamanında çox psixoloqdan müsahibə almışam. Amma həmin psixoloqlar gözləntilərimi qarşılaya bilməyiblər. İşimizlə bağlı çox insanla həmsöhbət olduğumuza görə bilirəm ki, əksər insanlar bu düşüncədədir. Yəni, psixoloq yanına gedən, bu seanslar üçün böyük məbləğlər xərcləyən insanların əksəriyyəti bu fikirdədir. Bizim ölkəmizdə psixoloji yardım almaq demək olar ki, müşkül məsələdir, əlçatmazdır. Həm çox yaxşı psixoloqların olmadığına görə, həm də o çox yaxşı olmayan psixoloqların fantastik qiymətə seans təklif etmələrinə görə bu fikirdəyəm. Bir pasiyentə 10 seans təyin edirlərsə, orta qiymət olaraq 70 manatdan hesabladıqda, ortaya çıxan məbləği eşidən pasiyent elə depressiyaya düşür. Bu hamı üçün əlçatan rəqəm deyil. Əvvəl psixoloq anlayışı olmayan vaxtlarda insanlar bir-biri ilə sosiallaşaraq, söhbətləşərək, problemlərini bir-birinə deyib, məsləhət alaraq öz problemlərini həll edirdilər. Düzdür, inkişaf etmiş ölkə olaraq dünya ilə ayaqlaşmaq məcburiyyətində olaraq psixoloqların fəaliyyətini danmaq olmaz. Amma yenə də deyirəm, psixoloq olmadan da insanlar öz problemlərini həll edə bilirdilər. Artıq elə bir dövrdə yaşayırıq ki, psixoloji yardım almaq bəzən vacib olur. Amma bütün hallarda o qədər də keyfiyyətli psixoloqlar ilə qarşılaşmırıq. Bəlkə də bizim bilmədiyimiz, özünü tanıtmayan, keyfiyyətli psixoloqlar ola bilər. Amma mənim qarşılaşdığım psixoloqların demək olar ki, əksəriyyəti mənim gözlədiyim nəticəni verməyiblər. Ona görə də psixoloq yardımı olmadan necə sağalmaq olar məsələsində hesab edirəm ki, bizim xalqımız artıq ustadır. Maksimum qohumlarla əlaqə saxlamaq, maksimum sosiallaşmaq lazımdır. Əvvəlki kimi məclislər təşkil etmək lazımdır. Böyük qonaqlıqlara ehtiyac yoxdur, bir samovar çay qaynadıb, bir qəndan konfet ilə də biz o sosiallaşmanı həyata keçirə bilərik. Bunun üçün böyük məbləğlər, xərclər tələb olunmur. Ona görə də, normal insan istəyəndə o sosiallaşma şəraitini yarada bilir. Amma biz hər birimiz əlimizdə bir telefon, öz qınımıza girib, ətraf aləm ilə ünsiyyətimizi kəsmişik. Təsəvvür edin, bir evdə 3 otaq var, ər ayrı, arvad ayrı otaqda hərəsi əlində bir telefon bir-birinə sözlərini "WhatsApp" vasitəsilə göndərirlər. İndi siz bu faciənin böyüklüyünü təsəvvür edin.
Çevrəmizdəki depressiv insanların sosial həyata qaytarılması üçün hamımız daşın altına əlimizi qoymalıyıq. Amma bəzən o insan özü həmin vəziyyətdən çıxmaq istəmir. Bu bəzən də insanın özündən asılı olmadan baş verir. Amma maksimum çalışmaq lazımdır ki, onu sosial həyata qaytara biləsən. Depressiv insanı telefondan uzaqlaşdırmaq, evdən çıxartmaq, öz çevrəmizə daxil etmək lazımdır. Xüsusilə yaxın qohumların, qonşuların, ailə böyüklərinin üzərinə böyük yük düşür bu məsələdə. İnsanı tək buraxanda onun başına hər şey gələ bilər. O, depressiyaya da düşə bilər, intihar da edə bilər. Bu vəziyyətdən çıxmaq üçün hamının dəstəyə ehtiyacı var. Biz bunu 2 illik çətin dövrdə gördük. Hamı bir-birinə dəstək göstərməlidir. Məsələn, qonşu ilə münasibət saxlamaq lazımdır. Tutaq ki, qonuşuya sözün varsa, telefon əlaqə saxlamamalısan. Qapısını döyüb, 2 dəqiqə onunla ünsiyyətdə olmaq belə bizim sosiallaşmağımız üçün böyük addımdır. İki küçə o yanda olduğu halda görüntülü zəng edib valideyn ilə danışmaq düzgün deyil. İki küçə yol qət edib valideyn ilə görüşmək lazımdır. 
Mümkün olan bütün sosiallaşma yollarını yoxlamaq lazımdır. Bu cür alınmaz, vəziyyət bu cür davam edəcəksə, bizim övladlarımızı nələr gözləyir, onu təsəvvür, təxmin etmək belə insanı ürküdür".
Məlumdur ki, depressiv hallara kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Statistikaya görə kişilər 2,5%-dən 10%-ə qədər, qadınlar 5%-dən 20%-ə qədər depressiyadan əziyyət çəkirlər. Belə hallarda qadınları depressiyadan uzaqlaşdırmaq üçün onlara hansı şəraitlər yaradılmalı, yardımlar göstərilməlidir?
Sosioloqun sözlərinə görə qadınlar üçün ödənişsiz peşə kursları və ya dərnəklərin təşkil edilməsi onların sosiallaşmasına müsbət təsir göstərə bilər:
"Çox təəssüf edirəm ki bizim ölkəmizdə qadınlar üçün ödənişsiz sosial layihələr həyata keçirilmir. Əgər keçirilirsə də, bu yalnız kağızlar üzərində, efirdən bəyan etmək üçün olan vəziyyətlərdir. Yəni, realda, əməldə biz bunu görmürük. Qadınlara şərait yaratmaq lazımdır ki, öz enerjilərini boşaltsınlar, sosial ehtiyaclarını ödəsinlər, sosiallaşma enerjisi içimizdə boğulub, yığılıb qalmasın, biz özümüzü telefonda vaxt keçirməyə məcbur hiss etməyək. 
Qadınlar üçün ödənişsiz peşə kursları və ya dərnəklər təşkil etmək olar. Məsələn, bu yaxınlarda şahidi oldum, kənd qadınları öz bacarıqlarının nümayişi və əl işlərinin satışı üçün yarmarkalar təşkil edirlər. Bu çox gözəl bir haldır, amma dövlət səviyyəsində deyil. Məncə, buna dövlət əl atmalıdır. Bu məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Komitəsindən sosial nazirlik birgə fəaliyyət göstərə bilər, həmrəy şəkildə dərnəklər, yarmarkalar təşkil edə bilər. Həm qadınlar özlərini güvəndə hiss edər, onları düşünən bir dövlətin olduğunu bilərlər, həm də əl işlərini satıb, müəyyən qazanc əldə edə bilərlər. Yəni, bütün hallarda sosiallaşacaqlar. Ona görə, fikrimcə belə layihələr həyata keçirmək lazımdır".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31