Azərbaycanın turizm potensialı kifayət qədərdir
27 May 2022 12:40 SosialTurizm neftdən sonra ölkəyə ən çox valyuta gətirən sektordur
Artıq bütün dünyada turizm ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Hazırda turizm sektoru dünya üzrə ümumi daxili məhsulun 9, ixracın isə 6 faizini təşkil edir. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. Azərbaycan kontekstində də ölkənin ümumi gəlirinin artımı, regionların inkişafı üçün məhz bu sənaye həlledici əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının sosial siyasətində turizmin inkişafı xüsusi yer tutur. Turizm bütün formalarda, yəni həm daxili, həm də xarici turizm sahəsində əhalinin rifah halının yüksəldilməsinə yönələn sosial siyasətdir. Belə ki, turizmin inkişafı Azərbaycanın dünyaya tanıdılması, xalqımızın milli-mədəni özünüdərki, təbii və mədəni resurslara düşünülmüş, sayğılı münasibəti, yeni iş yerlərinin açılması, yeni gəlir sahələrinin əldə edilməsi və sair baxımından xüsusi əhəmiyyət kəsb edir. Turizmin inkişafı ilə əlaqədar turizm regionlarında infrastrukturun formalaşmasına şərait yaranır, yeni otellər, əyləncə mərkəzləri və sair fəaliyyətin reallaşması ilk növbədə bölgələrdə yeni iş yerlərinin açılmasına, məşğulluq siyasətinin uğurlu həllinə zəmin yaradır. Azərbaycanın zəngin tarixi, mədəni və təbii irsi dünyanın hər yerindən turistləri ölkəmizə cəlb edir. Füsunkar təbiət, mineral su qaynaqları, dünyada yeganə müalicə nefti olan-naftalan, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin, daha dəqiq işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik və hətta qastronomik turizmin inkişafı üçün şərait yaradır. Dünyada mövcud olan 11 iqlim qurşağından 9-nun Azərbaycanın ərazisində olması ölkədə yay və qış istirahətinin təşkilinə şərait yaradır. Turizm sahəsi üçün Prezident Heydər Əliyev tərəfindən təsdiq edilmiş dövlət proqramları böyük əhəmiyyət kəsb edir. Bu proqramların həyata keçirilməsi zəngin infrastrukturun qurulması və ölkəmizin beynəlxalq turizm bazarına inteqrasiyasının təmələinin qoyulması üçün şərait yaradıb. Əldə edilmiş sosial-iqtisadi təcrübə turizm sahəsinin hərtərəfli inkişafı üçün yeni imkanlar açıb. Bakının daxili şəhəri olan "İçəri şəhər", Şirvanşahlar Sarayı, Qız qalası və habelə qayaüstü rəsmlər muzeyi "Qobustan" YUNESKO-nun dünya mədəni irsi siyahısına salınıb. Hələ Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin "Turizm İli" elan etməsi bütün dünyadan turistlərin ölkəmizə axışması üçün şərait yaratdı və ölkənin turizm sənayesinin inkişafına güclü təkan verdi. "Turizm İli" çərçivəsində turist rayonlarında bir çox yeni mehmanxanalar açıldı, tarixi və mədəni qoruqlar, xüsusi təyinatlı abidələrə gedən yollar təmir edildi, turist yol nişanları qoyuldu, "Şahdağ" turizm mərkəzinin tikintisi işləri sürətləndirildi, Şabran və Lahıc mədəni-tarixi qoruqlarında turist infrastrukturunun yaradılması işləri aparıldı. Bundan başqa, özündə turist zonaları, abidələr və ölkənin digər istiqamətlərini ehtiva edən GoMap naviqasiya sistemi layihəsi həyata keçirildi. Məhz həyata keçirilən tədbirlərin nəticəsifir ki, ölkımizə turist axını ildən-ilə artır. Odur ki, paytaxtda və digər turist zonalarında çoxlu miqdarda yüksək xidmət səviyyəsinə malik mehmanxanalar tikilməkdədir. Ekspertlərin qənaətinə görə, Bakıda və regionlarda yeni beynəlxalq standartlara cavab verən mehmanxanaların, Şahdağ Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsi və tarixi abidələrin bərpası kimi tədbirlərin davam etdirilməsi nəticəsində turizm sektorunda orta hesabla 22-yə qədər faiz artım gözlənilir. Millət vəkili Vüqar Bayramov qeyd edib ki, karantin qaydalarının yumşaldılması, yeni turizm mövsümünün yaxınlaşması Azərbaycana gələn xaricilərin sayında da özünü göstərməkdədir. 2022-ci ilin ilk 4 ayında 151 ölkədən 330,6 min turist Azərbaycana səfər edib. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 dəfə çoxdur. Gələnlərin 26,2 faizi Rusiya, 25,3 faizi Türkiyə, 14,7 faizi İran, 6,1 faizi Gürcüstan, 3,2 faizi Ukrayna, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Hindistan və Pakistan, 1,5 faizi Qazaxıstan, 1,3 faizi Küveyt, 1,2 faizi Böyük Britaniya, 11,7 faizi digər ölkələrin payına düşüb. Bu müddətdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,7 dəfə artaraq 16,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,6 dəfə artaraq 73,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 110,7 min nəfər olub: "Artıq yeni turizm mövsümü başlamaqdadır. Qeyd edək ki, 2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı. Bu ilin ilk aylarından etibarən ölkəmizə gələnlərin sayında artımın olmasına baxmayaraq hələ də rəqəmlər pandemiyadan əvvəlki səviyyədən aşağıdır. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Artıq əksər ölkələrdə karantin qaydaları kəskin yumşaldılıb. Azərbaycanda da karantin qadağalarının əksəriyyəti aradan qaldırılıb. Bununla yanaşı, bu sektorun inkişafı baxımdan quru sərhədlərinin mərhələli açılışı ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər. Statistika da göstərir ki, Azərbaycana səfər edənlərin əksəriyyəti qonşu ölkələrdən gəlirlər. Onlar eyni zamanda quru sərhədlərdən istifadəyə üstünlük verirdilər. Bu ilin 4 ayında da Azərbaycana gələn tursitlərin 72.3 faizi quru sərhədlərimizin olduğu ölkələrin payına düşüb. Yəni, Azərbaycana gələn hər 10 turistin 7-sinin vətəndaşlığı olduğu ölkə ilə quru sərhədlərimiz var. Bu baxımdan, quru sərhədlərin açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb olmaqla real sektora dəstək ola bilər".
Alim