Gənclər niyə həyatlarının "baharını" yaşamaq istəmirlər?- ARAŞDIRMA
27 May 2022 13:30 SosialAzərbaycanda nikaha girənlərin sayının azalması, əvəzində boşanmaların sayının artması göstəriciləri məsələni araşdırmaq üçün əsaslı səbəbdir.
Rəsmi məlumatlara əsasən 2021-ci ildə nikahların sayı 56 314-ə düşüb, boşanmaların sayı isə 17 191-ə yüksəlib. Bununla da hər 1000 nəfərə düşən nikah sayı 5,6-ya enib, boşanma sayı isə 1,7-yə çatıb.
Əvvəlki illərlə müqayisə etdikdə aydın olur ki, 2020-ci il istisna olmaqla ötən il hər 1000 nəfərə düşən göstərici üzrə nikahların sayı son 18 ilin ən aşağı, boşanma sayı son 30 ilin ən yüksək səviyyəsinə çatıb.
2020-ci ildə pandemiya ilə əlaqədar həm boşanma, həm də nikah saylarında kəskin azalma qeydə alınmışdı. Bunun səbəbi xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar dövlət qurumlarının uzun müddət fəaliyyət göstərməməsi olub.
Boşanma saylarının artması da nikahların sayını artıra bilməyib. Əslində boşanma saylarının artması nikah saylarına artırıcı təsir edir. Çünki boşanan şəxslər arasında təkrar nikaha girənlər olur ki, bu da nikah bağlayanların sayını artırır.
Problemin müxtəlif səbəbləri var. Ən başlıcası ailə həyatına baxış bucağının dəyişməsidir. Gənclər artıq "kiminlə olur olsun evlənim, təki evlilik olsun" düşüncəsindən uzaqlaşıblar. Onlar seçdikləri şəxsin ailə statusu, iqtisadi vəziyyəti, ali təhsili ilə maraqlanırlar. Öncəki illərdə kişilər iş haqqında düşünməyən qadınlara üstünlük verirdisə, indi böyük çoxluq özünə ali təhsilli, işgüzar qadın axtarışındadır.
Qadınlar isə "patriarxal" düşüncəyə sahib olmayan, müasir kişilərə daha çox üstünlük verir. Yeni ailə modelinin yaranması isə bu səbəbdəndir.
Kişilərin böyük əksəriyyətinin gec evlənməsinin səbəbi iqtisadi vəziyyətdir. Onlar ev, yaxşı gəlir olmadan ailə qurmağı mənasız hesab edirlər. Həmçinin, maddi olaraq ailədən dəstək almağa çəkinirlər.
Qadınlarda da yaş ortalaması getdikcə artmaqdadır. "Cəmiyyətdə qadının rolu böyükdür" anlayışı artıq bizim üçün də real olmağa başlayıb. Azərbaycan qadını artıq hər bir sahədə fəallıq göstərir. Buna görə də, hər bir qadın öz maddi azadlığını təmin edəcək səviyyəyə çatmağı gözləyir. Nəticədə evlilikdə yaş ortalaması getdikcə yüksəlir.
Aparılan araşdırmalara görə qadınlarda evliliyə qarşı olan qorxu da bu göstərici də böyük rol oynayır. Getdikcə artan zorakılıq, cinayət halları qadınlarda evliliyə qarşı güvəni azaltmaqdadır.
Məsələnin sosial və psixoloji tərəflərini araşdırmaq üçün müsahiblərimizi dinləyək:
Psixoloq- Elnur Rüstəmov

-Elnur bəy, gəncləri evlilikdən uzaqlaşdıran psixoloji səbəblər nələrdir?
Statistikada göstərilir ki, öncələr gənclər daha erkən ailə qururdular. İndi isə 28, 29, 30...
Bunlar fərddən fərdə dəyişir. Bu gün də cəmiyyətimizdə erkən yaşda ailə quran gənclərimiz var. Həmin gənclərin say nisbəti azdır. Tutaq ki, ailə düşünür ki, nə qədər tez ailə qursa, o qədər yaxşıdır. Şübhəsiz ki, onların maddi təminatını çox zaman ailə qarşılayır. Ümumən psixologiyada isə, ailə qurmaq yaşı daha çox 24-25 yaş kimi qeyd olunur. Fərd 17 yaşında ali təhsil almağa başlayır. 21 yaşından sonra əsgərlik və.s. Artıq 24-25 yaşlarında öz iqtisadi müstəqilliyini əldə edə bilir. Bunlar təhsil almayanlar üçün də keçərlidir. Sadəcə dünənin və bu günün ailə modeli fərqlidir. Təməl eyni olsa da, təzahürlər müxtəlifdir. 1994- də hər bir ailədə doğulan uşaq sayına baxaq, 2021-ci ilə baxaq. Eynilə boşanmaları müqayisə edin. Bu rəqəmlərin arxasında böyük səbəblər dayanır. Və bu səbəblər nəzərə alınmalıdır. Bu günün ailə modelində tərəflərin həm bioloji həm də psixoloji hazır olması böyük məna kəsb edir. Tərəflərin tibbi müainəyə cəlb edilməsi təqdir olunacaq bir məqamdır. Çox yaxşı olardı ki, tərəflər psixoloji müainəyə də cəlb olunsun.
-Yeni ailə modelindən bəhs etdiniz. Bir çox gənc ailənin müdaxiləsi probləminə görə evlənməkdən boyun qaçırır. Bunun qarşısını necə ala bilərlər?
Burda ailə basqısı rol oyanayır. Bizim ailələrdə uşaq sayının az olması basqını artırır. Tutaq ki, ailənin bir oğul övladı var. Əlbəttə, ana oğluna düşgün olacaq. Oğlunun özünə həyat yoldaşı seçməyinə də, ailəni idarə etməyinə də qarışacaq. Tək ailənin qarışması yox, tərəflərin də bir-birindən gözləntiləri əvvəlki illərlə müqayisədə tamamilə fərqlidir. Keçmişdə bir evdə iki ailə yaşaya bilirdisə, bu gün bir evə bir ailə belə yerləşməkdə çətinlik çəkir. Bütün bunların kökündə insan faktoru dayanır. Tərəflər ailə qurmağa psixoloji cəhətdən nə qədər hazırdılarsa, o ailələr bir o qədər möhkəm olacaq.
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı

-Elçin bəy, göründüyü kimi gənclərin evlilik yaş ortalaması xeyli yüksəlib. Bunun sosial səbəbləri nədir?
Bəli, son 20-30 ildə orta evlilik yaşı xeyli dərəcədə artıb. Bunu adi müşahidələr və statistika aydın şəkildə göstərir. Burada əsas iki səbəb var. Sosial və mənəvi-psixoloji səbəblər. Mən hesab edirəm ki, məhz bu məsələlərdə sosial səbəblərin payı 70-80 faiz civarındadır. Bu da gənclərin işsizlik, yoxsulluq və ev probleminə bağlıdır. Cəmiyyətin meyarlarının dəyişməsi də buna təsir göstərir.
Artıq ailə quranda gənclər seçdikləri insanın sosial, iqtisadi vəziyyəti ilə maraqlanırlar. Belə bir halda ailə qurmaq mümkün deyil. Ona görə gənclər çalışır ki, karyera qursunlar, daimi qazanc yerləri olsun. Gənclər ailə həyatlarını kirayə yaşayaraq, az gəlirli bir şəkildə davam etdirmək istəmirlər. Bu problemlərin qarşısının alınması üçün gənclər siyasəti həyata keçirilməlidir. Gənc ailələrə dəstək proqramı olmalıdır. Xüsusilə, gənclərin ev və işlə təmin edilməsi. Güzəştli, uzunmüddətli mənzillər yeni ailə quran gənclər üçün də təklif olunmalıdır. Iş məsələsi isə əmək proqramının problemidir. İşçi sayı iş yerlərinin sayından çoxdur. Hər il əhalinin sayı yüz min nəfər artdığı üçün əmək bazarı bu tələbatı qarşılaya bilmir. Ödəyə bilmədiyi üçün işsiz gənclərin sayı çoxalır və bu gənclər evliliyə maraq göstərmir.
Son zamanlar müasir gənclər çalışır ki, gec ailə qursunlar. Onlar ailə məsuliyyətini götürmək istəmirlər. Daha çox əylənmək istəyirlər. Gec evlənmək isə ciddi problemdir. Həm övlad dünyaya gətirmək çətinləşir həm də, yaşam ortalaması xeyli azalıb. Övlad böyütməyə yaş yetmir. Bununla bağlı maarifləndirmə məsələsi 2-ci plandadır. Dövlət dairələri tərəfindən ciddi işlər görülməlidir. Sıradan çıxan peşə məktəblərini yenidən bərpa etmək, təhsil almayan gənclərə peşə qazandırmaq məqsədəuyğun olar. Özünəməşğulluq xidmətinə gənclər daha çox cəlb edilməlidir. Onlar özlərinə iş qura bilsələr, dövlət qayğısına ehtiyacları qalmayacaq. Bu problemlər həllini tapmasa, vəziyyət daha da pisləşəcək.
Əfsanə Kamal