Övlad qatilləri - Röyalə Xəyal yazır
28 Aprel 2022 14:08 SosialRöyalə Xəyal
Bizə verilən ömrün ən ali hədiyyələrindən biri olan övlad sahibi olmaq, ata-ana adını qazanmaq əksəriyyətinə nəsib olmayan ən gözəl duyğulardan biridir. Lakin görünür ki, bir sıra milli-mənəvi dəyərlərin zamanla unudulması kimi əsl valideyn olmaq, övladlarını göz bəbəyi kimi qorumaq, onları yaşadığın cəmiyyətə, vətəninə layiq böyüdüb tərbiyələndirmək, layiqli insan kimi yetişdirmək də zamanla yox olub gedir.
Bu yazıda oxucuya çatdırmaq istədiyim əsas məqamları, nədən başlayıb nədə bitirəcəyimi bilmirəm. Çünki məqsədim heç bir detalı gözdən qaçırmadan övlad sahibi olub, amma valideyn olmağı bacarmayanların abırını ətəyinə bükməkdir.
Valideyn uşağı dünyaya gətirir və ya buna dəstək olur, böyüdür, yanında yuxusuz gecələri keçirir, amma bir gün nədənsə, öldürmək və ya şiddət göstərmək qərarına gəlir. Neçə azyaşlı, günahsız mələklər məhz öz doğma ata-anasının məsuliyyətsizliyi və ya göstərdiyi şiddət ucbatından gələcəyindən məhrum olub. Övlad qatilinə çevrilmiş "valideyn" xəbərləri demək olar ki, hər gün manşetlərdə qırmızı hərflərlə öz əksini tapır.
Dünən oxuduğum xəbərin isə qan dondurucu təsirini kəlmələrlə ifadə etmək mənim üçün qeyri-mümkündür. Xəbər belədir: "30 yaşlı Samir Ağakərimovun bir yaşlı oğlunu evdən həyətə tullaması nəticəsində uşaq kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilib".
Hətta ən yırtıcı heyvan belə körpəyə toxunmur. Elədirsə, bu vəhşiliyin adı nədir?! Artıq cəmiyyət əsl mənada faciənin eşiyində deyil, fəlakətin lap dibindədir. Necə bir xislətə malik olasan ki, öz canından, qanından olan, dünyanı təzəcə dərk etməyə başlayan, səmaya, günəşə boylanıb təzəcə çiçək açan bir fidana qarşı bu vəhşiliyi törədəsən...
Əminəm ki, illərlə uşaq həsrətilə yanıb tutuşan insanlar var olduğu halda övladına bu zülmü rəva görən "valideyn" bilməyə yaşımın yetmədiyi bütün təhqiramiz ifadələrə layiqdir. Lakin əgər varsa, onun üçün ən böyük cəza vicdanıdır. Çünki o, övlad qatili olmasa belə artıq düşüncələrinin və vicdanın qatilidir...
İçkili halda ani əsəbinin əsirinə çevrilib, 6 aylıq övladını qətlə yetirən və sonra bunun peşmançılığını yaşayan atadan tutmuş, 9 ay bətnində daşıyıb, yuxusuz gecələrini çəkdiyi 4 yaşlı oğlunu yarı tikili binaya aparıb, öncə yatızdırıb, sonra isə köynəyi ilə boğub öldürən, qeyri-rəsmi nikahda yaşadığı kişi ilə "əl-bir" olub 11 yaşlı övladını döyərək öldürən anaya qədər əlləri övlad qanına bulanmış erməni xislətli insanlar övlad sahibi olmaq, ana və ata kimi müqəddəs adları daşımaq şərəfinə heç vaxt layiq olmayıblar.
Təəssüf ki, bu da eşitdiyimiz nə ilk belə xəbərdir, nə də sonuncu olacaq. İctimai təfəkkürdə müasirləşmə olmayınca günahsız körpələrə qarşı edilən bu cinayət və cinayətə cəhd əməllərinə tamamilə son qoyulmayacağı gün kimi aydındır. Bəhanəsi nə olursa, olsun öz övladının, ailəsinin taleyinə vəhşicəsinə yanaşmağın heç bir haqq qazandıracaq tərəfi yoxdur.