Jurnalistlər üçün “İçməli və tullantı su təsərrüfatının inkişafı və qarşıda duran vəzifələr” mövzusunda təlim keçirilib

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin 2021-2023-cü illər üzrə "Kommunikasiya Strategiyası"nın Fəaliyyət Planına əsasən media nümayəndələrinin içməli və tullantı su sektoru ilə bağlı bilik və təcrübələrinin artırılması məqsədilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə birgə media nümayəndələri üçün "İçməli və tullantı su təsərrüfatının inkişafı və qarşıda duran vəzifələr" mövzusunda təlim keçirilib. Səhmdar Cəmiyyətin Bakının Hövsan qəsəbəsində yerləşən Təlim və İnnovasiyalar Mərkəzində təşkil olunan tədbirdə 40-dan artıq media orqanının nümayəndələri iştirak edib. Əvvəlcə media nümayəndələri ərazidə yaradılmış infrastruktur, Təlim və İnnovasiyalar  Mərkəzi və mərkəzin təcrübə poliqonunda yaradılmış şəraitlə tanış olublar. "Azərsu" ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli Mərkəz barədə media nümayəndələrini ətraflı şəkildə məlumatlandırıb, jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Mərkəzlə yaxından tanışlıqdan sonra "Azərsu" ASC-nin rəsmiləri və MEDİA Agentliyinin nümayəndələrinin iştirakı ilə jurnalistlər üçün "İçməli və tullantı su təsərrüfatının inkişafı və qarşıda duran vəzifələr" mövzusunda təlim öz işinə başlayıb.

Təlimi giriş sözü ilə açan "Azərsu" ASC-nin İşlər İdarəsinin rəisi Möhsün Quliyev Səhmdar Cəmiyyətin rəhbərliyi adından media nümayəndələrini salamlayaraq bildirib ki, təlimin keçirilməsində məqsəd son dövrlər müşahidə olunan iqlim dəyişiklikləri, su ehtiyatları və onlardan səmərəli istifadə, əhalinin içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılması sahəsində görülmüş işlər barədə jurnalistlərin bilik və təcrübələrini artırmaq, onların bu sahədə ixtisaslaşmasına dəstək göstərməkdir.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli kommunal sektorda, o cümlədən su təchizatı sahəsində jurnalistlərin ixtisaslaşmasının vacibliyindən danışıb. Bildirib ki, təlimlər media nümayəndələrinin bu sahə üzrə biliklərinin artırılmasına və gələcək fəaliyyətlərində ictimaiyyətə dolğun informasiyanın çatdırılmasına kömək göstərəcək. Natiq Məmmədli təmsil etdiyi qurumun media nümayəndələri üçün müvafiq dövlət qurumları ilə birlikdə təşkil etdiyi digər təlimlər barədə də iştirakçıları məlumatlandırıb. O bildirib ki, ötən müddət ərzində MEDİA Agentliyi bir neçə nazirlik və komitə, eyni zamanda ADA Universiteti birlikdə jurnalistlər üçün təlimlər təşkil edib. Natiq Məmmədli qeyd edib ki, bu kimi təlimlər jurnalistlərin həm ixtisaslaşması, həm də onların təcrübəsinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edib. MEDİA-nın İnkişafı Agentliyinin şöbə müdiri onu da diqqətə çatdırıb ki, yaxın vaxtlarda təmsil etdiyi qurum Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, eyni zamanda daha bir neçə nazirliklə anoloji təlimlər təşkil edəcək.

Daha sonra çıxış edən "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı Səhmdar Cəmiyyətin fəaliyyəti, içməli və tullantı su sektorunda görülmüş işlər, icra olunan layihələrlə bağlı təqdimat keçirib. O bildirib ki, təmsil etdiyi qurum respublikanın bütün şəhər və rayonlarını fasiləsiz içməli su ilə təmin etmək istiqamətində lazımı tədbirlər həyata keçirir. Anar Cəbrayıllı bir sıra hallarda istər əhali, istərsə də qeyri-əhali qrupu abonentlərin içməli sudan qanunsuz istifadə etdiyini, israfa yol verdiyini diqqətə çatdırıb. Bildirib ki, son vaxtlar su xətlərinə qanunsuz qoşulmalara qarşı aparılan tədbirlər nəticəsində yüzlərlə belə hal aşkar edilərək qanuni çərçivədə müvafiq ölçü götürülüb. Səhmdar Cəmiyyət rəsmisi qlobal istiləşmə, su qıtlığı təhlükəsindən də söz açıb və hər bir vətəndaşı içməli sudan qənaətlə istifadə etməyə çağırıb.

"Azərsu" ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli "Azərbaycanda həyata keçirilmiş içməli su layihələri və onların əhəmiyyəti",  Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli "Media subyektlərində ixtisaslaşma və onun üstünlükləri"ndən danışıb.  Xəzər Universitetinin mərkəz rəhbəri Rövşən Abbasov "İqlim dəyişikliklərinin Azərbaycanın su ehtiyatlarına təsiri və sudan səmərəli istifadə", "Sukanal" Elmi Tədqiqat və Layihə İnstitutunun direktor müavini Elnur Nəsirov "İqlim dəyişikliklərinin içməli su mənbələrinin məhsuldarlığına təsiri", "Azərsu" ASC-nin Texnoloji proseslərə  nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi Cəmil Babayev "Suyun keyfiyyəti insan sağlamlığı üçün əsas amillərdən biridir", Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəis müavini Cabbar Cabbarlı "Müştəri xidmətləri, israfçılığın və qanunsuz qoşulmaların qarşısının alınması ilə bağlı görülən tədbirlər" mövzularında təqdimatla çıxış ediblər.

Çıxışlarda birmənalı olaraq vurğulanıb ki, iqlim dəyişikliyi Azərbaycan üçün də su qıtlığı təhlükəsi yarada bilər. Bir müddət əvvəl Kür çayının quruması faktını natiqlər xəbərdarlıq mesajı kimi xarakterizə ediblər.

Tədbir zamanı həmin mövzularla bağlı müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31