Qadınların hüquqlarının təbliği və müdafiəsi
26 Aprel 2022 11:15 SosialAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Hüquqşünas Qadınlar Assosiasiyası" İctimai Birliyinin icra etdiyi "Qadın hüquqlarının təbliği və müdafiəsi ilə bağlı fəaliyyətin dəstəklənməsi" adlı layihə davam etməkdədir. Təşkilatın sədri Xanım Əhmədzadə layihə haqqında məlumat verərək bildirmişdir ki, tədbirlərimiz Bakı şəhərində həyata keçirilir. Layihə 1 fevral tarixindən start götürüb, icra müddəti 4 aydır. Layihənin məqsədi vətəndaşları qadın hüquqlarına dair qanunverici aktlarla tanış edib maarifləndirmək və bu sahədə müdafiə mexanizmlərini təbliq etməkdir. Dünyanın çox yerində olduğu kimi bizim ölkədə də qadın hüquqlarının qorunması mürəkkəb problem olaraq qalır. Bəzi hallarda qadınlara qarşı ayrı-seçkilik, ailədə və ya iş yerində qanuna zidd münasibət, zorakılıq halları ətraf mühitdən gizlədilir, nəticədə ailələr dağılır, qadınlar sağlamlıqlarını itirirlər, hətta intihara cəhd edirlər. Ona görə də, qadın hüquqlarının müdafiəsi bütövlükdə cəmiyyət üçün vacibdir və hərtərəfli yanaşma tələb edir. Çünki əksər hallarda qadınlar dövlətin onların hüquqlarının qorunması, müdafiəsi məqsədi ilə həyata keçirdiyi planlardan, müvafiq qаnunlаrdan, proqramlardan, bu sahədə əldə olunan uğurlardan, zərər çəkmişlərə dövlət qayğısından xəbərsiz olurlar. Layihə çox aktual mövzunu əhatə edir, çünki ölkədə qadın hüquqlarının qorunması, ailə institutunun möhkəmləndirilməsi, qadın zorakılığı, erkən nigah hallarının qarşısının alınması, qadınların aktiv fəaliyyətə cəlb olunması istiqamətində mühüm uğurlar əldə olunsa da, həllini gözləyən problemlər də mövcuddur. Bizim İB apardığı sorğular və araşdırmalar nəticəsində belə qənaətə gəlmişdir ki, hüquqi müstəvidə qadın hüquqlarının müdafiəsi üçün güclü mübarizə aparılmasına baxmayaraq cəmiyyətdə qadınlara qarşı zorakılıq, ədalətsiz münasibət hallarının artması müşahidə olunur. Qadın hüquqlarının təbliği və müdafiəsi sahəsində yaranmış problemlərin həllinə kömək etmək, zərərçəkmişlərin haqqlarını qorumaq məqsədi ilə təşkilatımız maarifləndirmə tədbirləri keçirir. Tədbirlər zamanı vətəndaşlar qadın hüquqları sahəsində dövlətin proqramları, planları, siyasəti, mübarizə sisteminin qanuni əsasları, normativ hüquqi bazası barədə məlumat alırlar, müdafiə mexanizmləri ilə tanış olurlar. İştirakçılarımızın şikayətləri araşdırılır, hüquqi yardım göstərilir, pozulmuş hüquqlarının bərpası ilə bağlı məsləhətlər verilir.