“Olaylar”ın redaksiyasında “Redaksiya siyasəti və peşə etikası qaydaları” müzakirə edilib

Bu gün "Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyinin redaksiyasında Medianın İnkişafı Agentliyinn təqdim etdiyi "Redaksiya siyasəti və peşə etikası qaydaları" müzakirə edilib. Müzakirələrdə cəmiyyətin məlumat almaq tələbini ödəmək öhdəliyini daşıyan jurnalistlərin vəzifələri və məsuliyyəti, peşə etikası və fəaliyyət prinsipləri ön plana çəkilib. Redaksiya heyətinə təqdim olunan sənəddə əksini tapmış məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz redaksiya heyətini peşə etikası ilə tanış edib, sənəddə əksini tapmış nüansları jurnalistlərin diqqətinə çatdırıb. Bildirib ki, jurnalistlər fəaliyyətində peşə etikasının müddəalarını əsas götürməli, peşə həmrəyliyi prinsiplərinə sadiq qalmalıdır. Əlavə edib ki, redaksiyada yaradıcı kollektiv arasında münasibətlər sağlam və şəffaf olmalıdır.  

Baş redaktorun müavini Fatma Abbasquliyeva redaksiya heyətinə informasiyanın toplanması, ötürülməsi, əldə olunan mənbənin dəqiq göstərilməsi, istinadın dürüstlüyü barədə məlumatları təqdim edib. Bildirib ki, jurnalistlər obyektivlik, dəqiqlik, qərəzsizlik və vicdanlılıq prinsipinə riayət etməlidirlər. Hadisələrə münasibətdə faktlara əsaslanmalıdırlar. Sonda jurnalistlər peşə etikasında əksini tapmış müddəalar barədə fikir mübadiləsi aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31