“Ölü doğulan” bələdiyyələrin fəaliyyətinə kimlər maneə olur?

Milli Məclisin son iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun illik hesabatı dinlənilib. İllik hesabatı təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov qeyd edib ki, respublikamızda aparılan hərtərəfli islahatlar çərçivəsində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə işlər görülüb, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə dövlət dəstəyi göstərilib. Bələdiyyələr də öz növbəsində respublikanın yenidən dirçəldilməsi istiqamətində aparılan bərpa-quruculuq işlərinə öz töhfəsini verib. Postkonflikt dövründə həyata keçirilən ardıcıl tədbirlərdə Azərbaycan bələdiyyələri də yaxından iştirak ediblər, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı göstərilməsi, onların problemlərinin həlli istiqamətində məqsədyönlü işlər görüblər. Lakin bir sıra millət vəkilləri bələdiyyələrin  üzərinə düşən vəzifələrin layiqincə icra etmədikləri qənaətindədirlər. Ümumilikdə bələdiyyələrin fəaliyyəti ilə bağlı məsələdə fikir müxtəlifliyi özünü büruzə edir. Məsələn, millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki,   Azərbaycanda bələdiyyələr "ölü doğulub". Deputat qeyd edib ki, icra hakimiyyəti orqanlarının səlahiyyətləri bələdiyyələrə verilməlidir:"Bir neçə icra başçısı mənə deyib ki, onların səlahiyyəti yoxdur. Mərkəzi icra hakimiyyəti orqanlarının regional idarələri yaradılıb, bütün səlahiyyət onlara verilib. Bələdiyyələr əslində o zaman fəaliyyət göstərmək üçün yaradılmışdı. Beynəlxalq qurumlar qarşımıza məsələ qoydu ki, sizdə seçkili yerli orqan olsun. Buna uyğun şəkildə bələdiyyələr yaradıldı. Bələdiyyələrin fəaliyyətsizliyi ilə bağlı problem ciddidir". Bələdiyyələrin fəaliyyətinə münasibətini bildirən millət vəkili Vüqar Bayramov qeyd edib ki, hesabatda qeyd olunur ki, bələdiyyələrin büdcəsinı torpaq və əmlak vergisindən 2020-ci il ilə müqayisədə 3.5 milyon manata daha çox vəsait daxil olmuşdur. Bunun da 2.5 milyon manatı Bakıda fəaliyyət göstərən bələdiyyələrin payına düşür. Tendensiyanın müsbət olması təqdirəlayiqdir. Bununla yanaşı, yenə də əmlak vergisinin yığılmasında problemlər qalmaqdadır və bələdiyyələrin bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi vacibdir: "Qeyd edim ki, bələdiyyələrin səlahiyyətlərinin və maliyyə imkanlarının genişləndririlməsi üçün bələdiyyələrin təmərküzləşməsi və birləşdirilməsi məsləsinə baxılması məqsədə uyğun olardı.  Çexiyada 205, Bolqarıstanda 265, Rumiyada 103, qardaş Türkiyədə 1389 bələdiyyə fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələri müqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərliliyinə və eləc də şəffaflığına təsir göstərir. Bu ilin dövlət büdcəsindən bələdiyyələrə 11 mln. manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur.  Ölkədə 1 606 bələdiyyənin olduğunu nəzərə alınsa, orta hesabla hər bələdiyyə illik 6 min 800 manat, aylıq isə 560 manat alacaq. Bələdiyyələrin kənar maliyyə mənbələrinin məhdud olduğunu nəzərə aldıqda bu məbləğin az olması onların institut kimi formalaşması və inkişafını xüsusi təşviq etmir. Bu baxımdan, həmin vəsaitin məbləğinə baxılması və artırılması məqsədə uyğun olardı. O da faktdır ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin sayında artımlar müşahidə olunub. Etiraf etmək lazımdır ki, xüsusən bölgələrdə belə nəzarət mexanizmləri güclü formalaşdırılmayıb. Bu isə həmçinin ondan xəbər verir ki, bələdiyyələrin fəaliyyətinə içtimai nəzarətin də gücləndirilməsinə ehtiyac var".

Milli Məclisin üzvü Fatma Yıldırım qeyd edib ki, Prezident İlham Əliyevin apardığı siyasətə uyğun olaraq Azərbaycanda bələdiyyələrin normal fəaliyyəti və inkişafı üçün hüquqi, maliyyə və iqtisadi təminatlar yaradılmış, dövlət həmişə yerli özünüidarəetmə orqanlarına dəstək olmuş və hazırda da bu proses davam etməkdədir. İllik məruzədən göründüyü kimi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı müəyyən tədbirlərdə həyata keçirilmiş, qanunvericiliyin düzgün tətbiq olunması istiqamətində xeyli təkliflər verilmişdir. Lakin, qeyd etmək istərdim ki, bu gün bələdiyyələrin rastlaşdıqları cox ciddi problemlər var. Və istərdim ki bu çətinliklər tezliklə öz həllini tapsın. Millət vəkili kimi mütəmadi olaraq mənə seçicilərimi narahat edən müxtəlif problemlərlə bağlı müraciətlər daxil olur və həmin müraciətlər aidiyyəti olaraq rayonda fəaliyyət göstərən bələdiyyələrə ünvanlanır. Təəssüflər olsun ki, bələdiyyələr tərəfindən vətəndaşların istəkləri yerinə yetirilmir. Hər hansı məsələ ilə kənd bələdiyələrinə müraciət etdikdə vəsaitin olmadığından və bu səbəbdən problemlərin həllinə köməklik ğöstərə bilməyəcəkləri bizə bildirilir. Rayon İcra hakimiyyətinə kənd camaatının müəyyən problemini bildirdikdə isə əsasən bu bələdiyələrin işidir, onlarin səlahiyətindədir cavabını alırıq. Nəticə etibari ilə, qaldırılan məsələlər aciq qalaraq vətəndaşlarda narazılıq yaradır. Qeyd etmək istəyirəm ki, respublikada bələdiyyələrin sayına görə Bərdə rayonu birinci yerdədir və hazırda Bərdədə 66 bələdiyyə fəaliyyət göstərir. Bəlkə də elə bələdiyyələrin fəaliyyətindəki problemlərin çoxluğuna görə də, bu rayon ölkədə birincilərin sırasındadır. Aldığımız məlumata əsasən qeyd etmək istəyirəm ki, Bərdə şəhər bələdiyyəsi də daxil olmaqla Bərdə rayonunda fəaliyyət göstərən 56 bələdiyyələrin məcburi dövlət sosial sığorta borclarına görə bank hesablarına məhdudlaşdırıcı sərəncamlar qoyulduğundan heç bir maliyyə əməliyyatı apara bilmirlər. DSMF na Rayon üzrə bələdiyələrin ümumi borcu 400 min manatdan artıqdır.Yaranan bu borclar əsasən 2005-2015-ci illərdə bələdiyyə sədri işləmiş şəxslərin məsuliyyətsizliyi və digər aidiyyati qurumların rəhbərliyinin problemin həllinə vaxtında kömək etməməsindən olub". Onun sözlərinə görə, acınacaqlı hal həm də odur ki, bir çox kənd bələdiyyələrinin dövlət büdcəsindən verilən 1700 və ya 1800 manat həcmində dotasiyadan başqa gəlirləri olmur. Elə sadaladığım bu faktlar onu deməyə əsas verir ki, rayonda fəaliyyət göstərən bələdiyyələrin mütləq əksəriyyəti nəinki yerli problemləri həll edə, hətta orada çalışan bir-iki işçinin əmək haqlarını belə ödəyə bilmirlər: "Düşünürəm ki, bu problem təkcə Bərdə rayonunda fəaliyyət göstərən bələdiyyələrdə deyil, digər rayonların da kiçik, əhalisi az olan və maliyyə cəhətdən zəif bələdiyyələrində mövcuddur. Hesab edirəm ki, bu problemlərin əsaslı həlli üçün geniş müzakirələrin aparılmalı və ciddi tədbirlərin görülməsi vacibdir. Təklif edirəm bu məqsədlə, Milli Məclisin Regional məsələlər Komitəsi və Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi birgə komissiyası yaradılsın və komissiyanın işinə aidiyyatı dövlət qurumları cəlb olunsun. Fikrimcə, qeyd olunan problemlərin həlli yollarından biri kiçik bələdiyyələrin birləşdirilməsi yolu ilə onların kadr və maliyyə potensialının gücləndirilməsi və beləliklə də birləşmə nəticəsində yaranan nisbətən böyük bələdiyyənin normal fəaliyyətinin təmin edilməsi ola bilər. Beynəlxalq təcrübədə də qeyd etdiyim metodlardan geniş istifadə olunur. Qardaş Türkiyə Respublikasında Bələdiyyə Qanununa əsasən əhalisi 5000 nəfərdən az olan ərazilərdə bələdiyyələrin yaradılması qadağan edilir. Əksər Avropa dövlətlərində əhalinin sayına aşağı məhdudlaşdırıcı say tətbiq etməklə şəhər və rayonlarda əsas inzibati vahidliklərdə az sayda güclü bələdiyyələr yaradılır və onların fəaliyyətləri əsasən qənaərbəxşdir. Zənnimcə, yaxın gələcəkdə Azərbaycanda da minimum əhali sayı tətbiq etmək və ya inzibati ərazilər üzrə islahatlarla bələdiyyələrin birləşməsi məsələsini müzakirə etmək olar".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31