Notariat hərəkətlərinin sayı 4,6 milyona çatıb
14 Fevral 2022 12:01 SosialÖlkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat hərəkətlərinin sayı xeyli artaraq 4,6 milyona yaxın olub. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, həmçinin 306 min vətəndaşlıq vəziyyəti aktı qeydə alınıb, bağlanmış nikahların sayı isə 60 faiz artaraq 56 mindən çox təşkil edib. Bu əməliyyatlarla bağlı 9,3 milyon manatdan artıq vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 49 milyon manat vergi dövlət büdcəsinə köçürülüb.
Vətəndaş məmnunluğu doğuran və notariat hərəkətlərini mobil qaydada rəsmiləşdirməyə imkan verən "Mobil notariat" tətbiqindən istifadə edənlərin sayı 2 dəfə artaraq 200 mini ötüb, bank sektoruna yardım məqsədilə onlayn bank platforması "Mobil notariat"a inteqrasiya edilərək insanlara bir sıra əməliyyatlar üzrə banka və ya notariusa getmədən elektron xidmət göstərmək imkanı yaradılıb və bu innovasiyanın ilk olaraq Paşa Bank tərəfindən tətbiqinə başlanılıb. Eyni zamanda əhaliyə məsafədən göstərilən elektron ədliyyə xidmətlərinin dairəsi genişləndirilib, onların sayı 36-ya çatdırılaraq istifadə sayı 1 milyonu ötüb.