Şirvanda insan alverinə qarşı mübarizə mövzusunda dəyirmi masa keçirilib - FOTOLAR
12 Fevral 2022 19:07 SosialBu gün Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentlyinin maliyə dəstəyi ilə keçirdiyi "İnsan alverinə qarşı mübarizədə vətəndaş həmrəyliyinin artırılması" layihəsi çərçivəsində növbəti tədbir Şirvan şəhərində keçirilib.
SIA xəbər verir ki, jurnalistlərin, sosioloqların və ictimai fəalların iştirak etdiyi "İnsan alverinə qarşı mübarizədə gənclərin rolunun artırılması" adlı dəyirmi masada çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin şöbə müdirinin müavini Adəm Hüseyni insan alverinə qarşı mübarizədən danışıb.
Natiq qeyd edib ki, bu sahədə maarifləndirməyə və belə hallarla mübarizəyə böyük ehtiyac var. ŞİH nümayəndəsi bildirib ki, insan alveri dünyanın ən böyük problemlərindən biridir və bu problemin həllində həm dövlət, həm cəmiyyət, həm də ictimai təşkilatlar və media birgə və fəal işləməlidir.
Sonra çıxış edən layihənin rəhbəri, HDİM sədri İlham Əliyev bildirib ki, insan alveri ilə mübqrizədə son dövrlərdə xeyli tədbirlər həyata keçirilsə də problem öz aktuallığını saxlayır: "Dövlətimiz insan hüquq və azadlıqları sahəsində ardıcıl tədbirlər görüb, qanunlar qəbul edib, islahatlar aparsa da bu sahədə ağrılı problemlər hələ də qalmaqdadır.
Xüsusilə də, insan hüquq və azadlıqları üçün qara ləkə olan insan alveri cinayətlərinin mövcudluğu ağrılı problemlərdən hesab olunur. Hazırki dövrdə bu sahədə dünyada münbit şəraitin yaranması cinayətkar qrupların diqqətini cəlb edib və bu da Azərbaycan ailə dəyərlərinə, ənənələrinə ziddi olan insan alverinin daha da aktuallaşması ilə nəticələnib. Bu səbəbdən də təşkilatımız bu sahədə əlindən gələni etməyə çalışır ki, bu problemin həlinə öz töhfəmizi verə bilək".
Şəhər Gənclər Evinin direktoru Əfqan Həsənov, Milli Məclisin deputatı İltizam Yusifovun səlahiyyətli nümayəndəsi Taleh Məmmədov, tədbir iştirakçıları olan gənclərdən Sahil Məmmədov, Ələkbər Nəzərov, Nuray Əliyeva və digərlər çıxış ediblər. Qeyd ediblər ki, insan alveri ən böyük cinayətlərdən biridir və bu problemin qarşısını almaq üçün bütün imkanlardan istifadə edilməlidir.
Çıxışçılar ictimai təşkilatların və medianın maarifləndirmə işində xüsusi rolunu qeyd ediblər və vurğulayıblar ki, bu işdə onlara dövlətin və cəmiyyətin dəstək verməsi problemin aradan qaldırılmasında çox böyük roy oynayır.

Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb, dünya ölkələrinin bu sahədəki təcrübəsindən danışılıb və Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyəti qeyd olunub.
Xüsusən, çıxış edən gənclər bu sahədə üzərlərinə düşən hər şeyi etməyə hazır olduqlarını, bu işdə bütün imkanlarından istifadə etməyin vacib olduğunu vurğulayıblar.