Hansı qurum sizin şəxsi məlumatlarınıza göz gəzdirib? – “Bu yolla öyrənə bilərsiniz…”
1 Fevral 2022 13:24 Sosial"myGov portalında gözəl bir xidmət var. Burada "Sorğulanmış məlumatlarım" bölməsinə daxil olmaqla hansı dövlət və özəl qurumun sizin hansı məlumatlarınıza və nə zaman baxdığını öyrənə bilərsiniz".
Olaylar.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Ekspert sistemin necə işlədiyinə də aydınlıq gətirib:
"Məlumdur ki, vətəndaşların artıq bir çox məlumatları aidiyyatı üzrə müxtəlif dövlət və özəl sektorun məlumat bazalarında elektron fromada var. Bu qurumlar da ASAN Bridge üzərindən öz aralarında inteqrasiya olunub ki, vətəndaşlara daha effektiv xidmət göstərilə bilsin. Bu sistemə qoşulan dövlət və özəl qurumlar da asanlıqla bir-birilərinin informasiya sistemlərinə giriş əldə edə bilirlər. Həm də sistem elə işləyir ki, dövlət qurumu yalnız özünə lazım olan məlumata baxa bilsin.
Məsələn, indi göz gəzdirdim ki, banklardan biri ötən ilin sonunda mənim bir çox məlumatlarımı sorğulayıb. Maraqlıdır, mənim bank üçün elə də vacib olmayan məlumatlarım nəyinə lazımmış görən? Qısa bir araşdırma etdikdə öyrənə bildim ki, artıq bu tip hallar çoxalıb. Dövlət və özəl qurumlar müxtəlif məqsədlər üçün istədikləri vətəndaşların məlumatlarına göz gəzdirə bilirlər. Hətta bildiyim qədər bir vətəndaşımız onun məlumatını qanunsuz sorğuladığına görə bu tip qurumlardan birini məhkəməyə də verib".
O.Gündüz vətəndaşın xəbəri olmadan şəxsi məlumatlarına müdaxilə edilməməli olduğunu deyib:
"Düşünürəm ki, vətəndaşdan xəbərsiz onun fərdi məlumatlarına əsassız müdaxilə yolverilməzdir. Ən azı həmin an vətəndaşa bununla bağlı məlumat verilməlidir. Məhz bu baxımıdan vətəndaş hansısa bankla və ya digər bir xidmətlə müqavilə bağladıqda ona şəxsi məlumatlarından istifadə ediləcəyi ilə bağlı sənədləri də imzalatdırırlar. Hansı ki bundan sonra sorğulanma qanuni ola bilir və düşünürəm ki, hətta bu formada sorğulanma baş verdiyi anda da vətəndaşa məlumat verilməsi doğru olardı. Bu tip sənədəri imzalamadan, vətəndaşın razılığı olmadan onun fərdi məlumatlarına giriş imkanı yaratmaq yolverilməzdir Bu baxımdan düşünürəm ki Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin bu cür faydalı xidməti daha da təkmilləşdirməsi doğru olardı".
Ekspert hesab edir ki, EHİM vətəndaşların "Sorğulanmış məlumatların"ı vətəndaşın özünün razılığı olmadan üçüncü tərəfə verilməsinə qadağa qoymalıdır və bununla bağlı sistemdə müvafiq dəyişikliklər edilməlidir:
"Vətəndaş isə onun məlumatlarından istifadəyə razılıq verilməsi üçün imkanlar yaradılmalıdır. Həmçinin də hansısa dövlət və ya özəl qurum tərəfindən vətəndaşın məlumatları sorğulandırqda dərhal bu haqda ona xəbərdarlıq mesajı verilməlidir. Yeri gəlmişkən, vətəndaşlarımıza da tövsiyə edərdim ki, myGov mobil tətbiqində qeydiyyatdan keçməklə "Sorğulanmış məlumatlarım" bölməsinə daxil olaraq fərdi məlumatlarına nəzarəti gücləndirsinlər".