Dövlətin cərimələrə yanaşması dayişməlidir
31 Yanvar 2022 11:38 SosialƏrşad Hüseynov: "Bəzi qurumlar az qala cərimələr hesabına maliyyələşir"
"Düşünürəm ki, dövlətin cərimələrə yanaşması dayişməlidir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov səsləndirib. O bildirib ki, hazırda mövcud olan və yayılmaqda davam edən təcrübəyə əsasən, bəzi dövlət qurumları tətbiq etdikləri inzibati cərimələrdən daxil olan vəsaitlərin bir hissəsinə özləri sərəncam verirlər: "Onların işçilərinin əmək haqqına əhəmiyyətli əlavələr edilir, hətta bəzi qurumlar az qala cərimələr hesabına maliyyələşir. Belə yanaşma doğru deyil, çünki həmin dövlət qurumu və onun ayrı-ayrı əməkdaşları daimi olaraq həm cərimə məbləğlərinin, həm də cərimə tətbiqi hallarının artmasına çalışırlar. Bu isə cərimənin əsas funksiyasının - çəkindirmə funksiyasının itməsinə gətirir. Çoxlu cərimələr tətbiq edilsə də, həmin sahədə intizamsızlıq, hüquq pozuntuları artır".
Ərşad Hüseynov qeyd edib ki, vətəndaşların, sahibkarların və şirkətlərin dövlətə ödədikləri vəsaitlər əsasən 3 formadadır: "Vergilər, rüsumlar və cərimələr. Bunlardan ilk ikisi pozitiv ödəmələrdir. Yəni çox qazan, çox vergi ver, yaxud çoxlu dövlət xidmətlərindən (alqı-satqının təsdiqi, idxal-ixrac və s.) istifadə et, çoxlu rüsum ödə. Amma üçüncü neqativdir, ona yanaşma tam başqa olmalıdır. Cərimə konkret hüquq pozuntusuna görə sanksiyadır. Burada siyasət tam əksinə olmalıdır: qanunu pozma, intizamlı ol, cərimə ödəmə. Yəni dövlətə və cəmiyyətə lazım olan ödəniləcək cərimələr yox, yüksək nizam-intizam, kütləvi hüquqauyğun davranışdır. Bu səbəbdən əsas hədəf hüquq pozuntularının səblərini və zəminini aradan qaldırmaq, kütləvi nizam-intizamı, hüquqauyğun davranışı maksimum təmin etmək olmalıdır".
Ekspert onu da deyib ki, nizam-intizam yaradılmasında cəriməsiz keçinmək mümkün deyil: "Lakin cərimə hədəf, məqsəd yox, nizam-intizam yaratmaq üsulu olmalıdır. Tətbiq edilən cərimələr də tam olaraq dövlət büdcəsinə daxil olmalı, ayrı-ayrı qurumlara hər hansı faiz verilmədən əsasən nizam-intizam yaradılmasına, başqa faydalı işlərə yönəldilməlidir. Qısası, dövlət qurumunun və onun əməkdaşının cərimədə bilavasitə marağı olmamlıdır".