Toy mərasimlərində daha çox hansı karantin qaydaları pozulur?
28 Yanvar 2022 13:02 SosialDövlət Vergi Xidmətinin mütəxəssislərindən ibarət monitorinq qrupları tərəfindən aparılan araşdırmalar göstərir ki, əksər şadlıq evlərində karantin qayda və tələblərinə əməl olunur, xidmət personalı və qonaqlar arasında peyvənd və ya immunitet barədə müvafiq sənədlərə malik olmayanların sayı sürətlə azalır, aparılan maarifləndirmə tədbirləri nəticəsində şənlik mərasimlərinin qaydalar çərçivəsində təşkili səviyyəsi artır. Xidmətdən "Olaylar"a daxil olan məlumata görə, toy mərasimlərində aşkar edilən başlıca nöqsanlar tədbirlərdə iştirak edən qonaq sayının, şadlıq evində xidmət göstərən işçi sayının portala daxil edilən işçi sayından çox olması, toy sahibinin portala daxil edilən işçi sayından əlavə işçi cəlb etməsi, qonaq sayının az göstərilməsi məqsədilə toy sahibi tərəfindən eyni toya aid qonaqların 2 və daha artıq zal üzrə bölüşdürülməsi halları aiddir. Bundan başqa, şənlik məclisləri barədə məlumatın müvafiq portalda əvvəlcədən (tədbirə 5 gün qalmış) qeydiyyata alınmaması, toy keçirilən məkanlarda qonaqların sayının icazə verilən normadan artıq olması, zallardakı stolların sıx düzülüşü və s. də rast gəlinən qayda pozuntuları sırasındadır.
Xidmət bəyan edir ki, Operativ Qərargahın qayda və tələblərinin pozulması halları aşkarlanarsa, həm toyun, həm də obyektin sahibinə qarşı qanunvericiliyə uyğun inzibati cəza tədbirləri görüləcək. Bu cür halların baş verməməsi üçün məclis iştirakçılarının vaksin pasportlarına və ya imunitet sertifikatına malik olması vacib şərtdir. Bu, hamımızın sağlamlığı üçün zəruridir.