Qeyri-formal məşğulluğun ölçülməsinə dair təlim keçirilib
28 Yanvar 2022 12:47 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada beynəlxalq ekspert Marek Radvanskinin iştirakı ilə təlim keçirilib. "Olaylar" xəbər verir ki, nazirliyin və qurumlarının, habelə Dövlət Statistika Komitəsi əməkdaşlarının qatıldığı təlim Avropa İttifaqı ilə birgə layihə üzrə Milli Observatoriyanın işçi və işəgötürənlər arasında "Bacarıqların proqnozlaşdırılması" mövzusunda keçirdiyi sorğunun nəticələrinə həsr olunub.
Təlimdə qeyri-formal məşğulluğun ölçülməsi sahəsində metodlara dair təcrübələr, habelə Avropa təcrübəsi bölüşülüb. Qeyri-formal iş sahələrinin müəyyənləşməsi, məşğulluğun ölçülməsi üçün sorğu sisteminin vacibliyi vurğulanıb. Təlim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Bacarıqların proqnozu və işçi qüvvəsinin planlaşdırılması sahəsində potensialının gücləndirilməsi" layihəsi çərçivəsində reallaşdırılıb.